Tehran ilk dəfə hava donanmasının köçürüldüyünü etiraf etdi


İran ABŞ və İsraillə davam edən müharibə dövründə hava donanmasının bir hissəsinin ölkədən çıxarıldığını ilk dəfə rəsmi şəkildə təsdiqləyib.

Turkustan.az xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi bildirib ki, müharibənin başlanmasından dərhal sonra 36 təyyarənin xarici hava limanlarına köçürülməsi üçün xüsusi icazələr verilib və planın böyük hissəsi uğurla həyata keçirilib.

Bununla belə, Tehran rəsmiləri xaricə çıxarılan təyyarələrin dəqiq sayını və onların hansı ölkələrə göndərildiyini açıqlamayıblar.

Şirudinin sözlərinə görə, ABŞ və İsrailin hücumlarından sonra yalnız uçuşlar dayandırılmayıb, eyni zamanda mülki aviasiya infrastrukturunun qorunması məqsədilə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Bu çərçivədə həm mülki təyyarələr, həm də strateji əhəmiyyət daşıyan bəzi aviasiya avadanlıqları ölkə daxilində və xaricində daha təhlükəsiz məntəqələrə köçürülüb.

Rəsmi açıqlama müharibə dövründə İran hava məkanında müşahidə edilən qeyri-adi fəaliyyətlə bağlı yayılan məlumatları da qismən təsdiqləmiş olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ