İlan sancdıqda nə etməliyik? Qaraca qız kimi zəhəri sovurmaq olar?


“Ən təhlükəli zəhərli ilan sancmasıdır, xüsusilə gürzənin".

Bunu “Yeni Sabah”a həkim-toksiqoloq İsmayıl Əfəndiyev bildirib.

O, diqqəti yay aylarında tez-tez rast gəlinən ilan, əqrəb və qaraqurd təhlükəsinə yönəldib:

“Zəhər qana, toxumalara və laxtalanma sisteminə güclü təsir edə bilər. Qaraqurd da təhlükəlidir, amma adətən, çiyanla qarışdırılır. Qaraqurd hörümçəkdir, çiyan başqa canlıdır.

Əqrəb sancması da çox vaxt ağrılı olur, lakin əksər hallarda ölümcül deyil”.

İsmayıl Əfəndiyev qeyd edib ki, pasiyent uşaq, yaşlı, hamilə, ürək-damar xəstəsi olduqda, sancma baş-boyun nahiyəsində olduqda, yaxud ilan bir neçə dəfə sancdıqda, allergik reaksiya və ya anafilaksiya yarandıqda, xəstə gec xəstəxanaya çatdırıldıqda, yanlış müdaxilələr edildikdə ciddi ağırlaşmalar baş verə bilər:

“Məsələn, sancılan nahiyəni kəsmək, yandırmaq, turna qoymaq (sancılan nahiyənin yuxarısını ip, kəmər və ya parça ilə bərk bağlamaq – red.). Şəxs mümkün qədər sakit vəziyyətdə, hərəkətsiz saxlanılmalıdır. Sancılan ətraf ürək səviyyəsindən aşağıda saxlanmalıdır. Saat, üzük, dar paltar, ayaqqabı çıxarılmalıdır, çünki şişkinlik arta bilər. Yara sabunlu su ilə yuyula bilər. Təcili yardım çağırmaq və xəstəni mümkün qədər tez xəstəxanaya çatdırmaq lazımdır.

Sancılan hissəyə turna qoymaq, zəhəri sovurmaq, buz qoymaq, xalq təbabəti dərmanları tətbiq etmək olmaz”.

Mütəxəssis filmlərdə, o cümlədən “Qaraca qız”da göstərilən zəhər sovurma üsulunun real həyatda effekt vermədiyini vurğulayıb:

“Ağızla zəhəri sovurmaq real həyatda effektiv deyil. Filmlərdəki kimi insanı xilas etmir. Zəhər toxumalara çox tez yayılır və ağızla sovurma ilə çıxarılması mümkün deyil. Üstəlik, ağızda yara varsa, sovuran şəxs üçün də risk yarana bilər, həm də yaranın infeksiyalaşma ehtimalı artır.

Əsas xilas yolu düzgün ilk yardım, tez tibbi yardım və lazım gəldikdə antivenom zərdabdır”.


MANŞET XƏBƏRLƏRİ