"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsinin icra planına uyğun olaraq 16.06.2026–cı il tarixdə Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təhsil və mədəniyyət işçilərinin, Polis Şöbəsinin əməkdaşlarının, digər aidiyyatı dövlət qurumlarının və valideynlərin iştirakı ilə 20-21 may 2026-cı il tarixində Cəlilabad rayonunda təhsildən yayındırılaraq məcburi əməyə (kənd təsərrüfatı, heyvandarlıq sahaləri, tikinti, kafe və restoranlar, küçə ticarəti) və dilənçiliyə məcbur edilən (ailələri və ya digər şəxlər tərəfindən) uşaqlarla bağlı keçirilən monitorinqin nəticələrini müzakirə etmək məqsədilə konfrans keçirib.
QHT.az xəbər verir ki, layihə rəhbəri Gülayə Səfərova konfrans iştirakçılarına məlumat verərək bildirdi ki, monitorinq zamanı 18 yaşına çatmayan çoxlu sayda uşaqların valideynləri və yaxın qohumları kimi özlərini təqdim edən şəxslər tərəfindən çiyələk sahələrində,küçə ticarətində, tikinti sahəsində işlədildikləri hallarla, eyni zamanda Cəlilabad şəhərinin mərkəzi küçələrində diləndirilən uşaqlarla rastlaşdıq. O, monitorinq zamanı qeydə alınan video görüntüləri konfrans iştirakçılarına təqdim etdi.
Müzakirə zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabda rayon filialının müəllimi Ələsgər Mirzəzadə, yazıçı publisist İlqar İsmayılzadə, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin müəllimi Əliniyaz Müslümoğlu, Mərkəzləşdirilmiş Kitabxana Sistemin işçisi Müşahidə Nərimanova, evdar qadın Elnarə Abbasova müzakirələrdə fəal iştirak edərək öz çıxışlarında bildirdilər ki, uşaqların təhsildən yayınmasının əsas səbəbləri sosial-iqtisadi çətinliklər, ailədaxili zorakılıq, məktəb və valideyn nəzarətinin zəifliyindən irəli gəlir.
Problemin aradan qaldırılması üçün uşaqların ailələrinə sosial dəstək verilməli, təhsil sistemində islahatlar aparılmalı və maarifləndirmə işinin gücləndirilməsi lazımdır.
Fotolar










