NATO: Belarusda Rusiyanın nüvə silahları yoxdur


NATO-nun yüksəkvəzifəli rəsmisi bildirib ki, hazırda Belarus ərazisində Rusiyaya məxsus nüvə silahlarının yerləşdirildiyinə dair heç bir əlamət müşahidə edilmir.

Turkustan.az xəbər verir ki, Brüsseldə jurnalistlərə anonimlik şərti ilə danışan rəsmi qeyd edib ki, Rusiya istədiyi halda nüvə silahlarını Belarusda sürətlə yerləşdirmək üçün lazımi logistika və texniki imkanlara malikdir.

“Hazırda Belarusda Rusiyanın nüvə silahlarının mövcudluğunu göstərən heç bir əlamət görmürük. Bununla belə, Moskvanın belə bir qərar verəcəyi təqdirdə bunu qısa müddətdə həyata keçirmək imkanları var”, – deyə o bildirib.

NATO rəsmisinin sözlərinə görə, alyans Belarusda keçirilən nüvə komponentli hərbi təlimləri yaxından izləyir və iki ölkə arasında hərbi inteqrasiyanın dərinləşməsindən narahatlığını davam etdirir.

O əlavə edib ki, NATO Rusiyanın nüvə ritorikasını Ukraynadakı müharibənin gedişinə təsir göstərmək cəhdi kimi qiymətləndirir.

Rəsmiyə görə, Moskva gələcəkdə Belarusda nüvə silahı yerləşdirmək qərarı versə belə, bu addım NATO-nun təhlükəsizlik mühitinə ciddi təsir göstərməyəcək.

“Biz hər bir ssenariyə hazırıq və tam əməliyyat qabiliyyətimizi qoruyuruq”, – deyə NATO rəsmisi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ