Dünya Azərbaycanlıları Konqresi İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Biz Dünya Azərbaycanlıları Konqresi olaraq 30 ildən artıqdır ki, dünyanın hər yerində yaşayan azərbaycanlıların diaspor təşkilatları, eləcə də bu ölkələrin diplomatik korpusları, parlamentləri və dövlət qurumları ilə əlaqələr yaradaraq Azərbaycan həqiqətlərini dünyaya yayırıq. Bu müddət ərzində ABŞ Konqresindən tutmuş Avstraliya parlamentinə qədər yüksək beynəlxalq tribunalarda DAK olaraq Azərbaycan xalqının üzləşdiyi problemləri səsləndirmiş, bununla bağlı sənədlər yaymışıq. Bu fəaliyyətimizdə iki istiqamət xüsusilə üstünlük təşkil edib. Birincisi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, ikincisi isə İranda yaşayan soydaşlarımızın milli və insan haqlarının pozulmasıdır.
DAK olaraq hər zaman İran adlanan ölkədə XXI əsrin prinsipləri ilə uzlaşmayan bir dövlət sisteminin mövcudluğunu, din pərdəsi altında adi insan haqlarından tutmuş milli hüquqlara qədər insanların hüquqlarının tapdalanmasını qətiyyətlə ifadə etmişik. Biz İranda mövcud rejimin dəyişdirilməsinin və bu ölkədə xalqın seçimi ilə formalaşan bir idarəetmə sisteminin qurulmasının tərəfdarı olmuşuq və bu gün də bu mövqedə qalırıq.
Bütün bunlara baxmayaraq, bu planın böyük dövlətlərin hərbi gücü və zorakılıq yolu ilə həyata keçirilməsi, eləcə də bu hərbi münaqişədə dinc insanların həlak olması təəssüf hissi doğurur. İran rejimi nə qədər ədalətsiz və qeyri-insani olsa da, bu ölkəyə açıq hərbi müdaxilə də bir o qədər amansız və beynəlxalq hüquqa ziddir.
Bu gün İranda baş verən hadisələr İraq, Suriya, Livan və Əfqanıstanda yaşanan prosesləri xatırladır. Biz İranda yaşayan milyonlarla soydaşımızın taleyindən narahatlığımızı ifadə edir və müharibənin tezliklə dayandırılmasını arzulayırıq. İran xalqı öz azadlığı uğrunda mübarizə aparır və buna nail olmaq gücündədir. Dünyanın sülhsevər xalqlarının və ədalət carçısı olan dövlətlərin borcu İran xalqına dəstək vermək və bu ölkədə rejim dəyişikliyinə məhz xalq iradəsi ilə nail olmaqdır.
Xalqın iradəsindən kənar, xarici maraqlar üzərində formalaşan istənilən idarəetmə İranı xoşbəxt etməyəcək. İranda yalnız xalq iradəsinə əsaslanan, demokratik prinsiplərin, insan hüquqlarının və milli haqların təmin olunduğu bir idarəetmə üsulunun alternativi yoxdur.
Dünya Azərbaycanlıları Konqresi prosesləri yaxından izləyərək bəyan edir ki, xarici maraqlar əsasında formalaşan hər hansı quruluş stabillik yaratmayacaq. Hadisələr yerli xalqın iradə və maraqlarından kənar istiqamətə yönələrsə, Azərbaycan türkləri öz milli müqəddəratını təyin etmək hüququndan istifadə edəcəkdir.”
DAK İdarə Heyəti adından
Həmsədrlər
Sabir Rüstəmxanlı
Firudin PərvizNia