Qəhrəman Generalımız: Biz Şuşanı qaytarmadıq təkcə, biz Azərbaycanın şərəfini bərpa etdik!


Vətən Müharibəsi Qəhrəmanı, Müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı General-polkovnik Hikmət Mirzəyevin 1-ci Qarabağ müharibəsi zamanı (1993-cü il yanvar) Xüsusi Təyinatlı Dəstə və Milli Qvardiya döyüşçüləri qarşısında çıxışı:

"Ürəklər yanır. Biz bu günləri taborun adından bir daha söz verməliyik. Azərbaycan milləti qarşısında, torpaqlarımızın, şəhid olan qardaşlarımızın, namusuna toxunulan ana-bacılarımızın qarşısında söz verməliyik. Torpaqlarımızın azadlığı uğrunda söz verməliyik. Burada duranlar hamısı ürəkli kişilərdir. Əsgər demirəm, kişilərdir. Getməmişdən əvvəl andiçmə mərasimi olacaq. Biz bir daha Azərbaycanımızı, millətimizi qorumağa and içəcəyik. Mən inanıram ki, bizim batalyon son sözünü orada deyəcək! "

Bu sözlər əziz generalımız Hikmət Mirzəyevə aiddir. 1993-cü ilin yanvar ayında tabeliyində olan şəxsi heyətin qarşısındakı çıxışındandır. Bu o vaxt idi ki, Azərbaycan məğlubiyyət acısı ilə qovrulur, Xocalı qisası ilə od tutub yanır, başına gələn fəlakətlərin zərbəsindən ayaqda durmağa çalışırdı... Bu o vaxt idi ki, Azərbaycan ordusu yeni formalaşır, silahlanma zəif olduğundan bütün ümidlər döyüşən qüvvələrə qalmışdı... Bu o vaxt idi ki, Komandir bu yolun hələ nə qədər uzun, vəziyyətin ürəkaçan olmadığını, qarşıda böyük bir məğlubiyyətlə qarşılaşa biləcəklərini bilə-bilə, bu ümidsizliyi, çarəsizliyi öz içində əridir, şəxsi heyətin içində ümid qığılcımları yaratmağa çalışırdı...

Silah yetmirdi, bütün güc sözə verilirdi: "Burada duran hamısı ürəkli kişilərdir! Əsgər demirəm, kişilərdir!" Generalımızı dinlədikcə Azadlıq meydanlnda kükrəyən Xəlil Rzanı xatırlayıram:

Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx! Döyüşlə silahlan!

Bəs kimdir döyüşçü? Necə olmalıdır?:

"Döyüşçü müxtəlif silahlı münaqişələrdə, savaş və ya müdafiə əməliyyatlarında bilavasitə iştirak edən, xüsusi hərbi təlim, döyüş bacarığı və cəsarət nümayiş etdirən insandır. Hər bir döyüşçünün əsas üstünlüyü yalnız silah, texnika və ya hərbi bilik deyil, həm də şəxsi keyfiyyətlərdir. Bu keyfiyyətlər aşağıdakılardır: Cəsarət və qorxmazlıq; məşq və dözümlülük; əxlaq və sədaqət; əməkdaşlıq və liderlik; təlim və strateji düşüncə".

Az-çox tanıdığımız generalımızda hesab edirəm ki, bu keyfiyyətlərin hamısı cəmlənə bilmişdir. Və təəssüf ki, bu bütün zabitlərdə mümkün olmur. Gözümüzün önünə Azərbaycan ordusuna utanc və ləkə olan zabitləri gətirməklə sözümüzün doğruluğu isbatlanar... Bəlkə o üzdəndir ki, biz Hikmət Mirzəyevi bir az fərqli, hamıdan daha çox sevə bilmişik? Bəlkə də....

Özü haqqında danışılmasını sevməyən, başını aşağı salıb öz işi ilə məşğul olan sərkərdəmizin insani keyfiyyətləridir bəlkə onu bizə çox sevdirən? Əsgərlərindən birinin dediklərini xatırlayıram: "Mən əsgər olanda gəlib əsgərin batinkasını soyundururdu. Deyirdi, görüm ayağın yaşdır, yoxsa quru... "

Vətən müharibəsindəki fəaliyyəti ilə tanıdı çoxu onu. Tək ölkədə deyil, dünyada məşhurlaşdı. Burada da o özünü deyil, döyüşü, nəticəni, əsgərləri düşünürdü... Generalın yaxın dostu və döyüş yoldaşı Zaur Cavanşir müharibə ilə bağlı xatirələrində yazır:

"On-on beş saniyə sonra komandanın yorğun səsi eşidildi. Mən komanda mərkəzində olanda onun yuxusuz, yorğun gözlərini görmüşdüm: əməliyyat şöbəsinin zabitlərindən komandanın neçə gündür yatmadığını soruşmuşdum.
-Cənab polkovnik, komandan əməliyyat başlayan gündən bir dəqiqə olsun yatmayıb. Düşündük, bəlkə, bura gələndə yolda yatar, amma yatmadı. Bütün yolu, xəritədə verilən tapşırıqlara əsasən qərarlar qəbul etdi və bütün hərbi hissələrə göstəriş verdi. İşimiz o dərəcə gərgin idi ki, hətta yemək də yeməyib.".

Hamımızın ürəyinin cəbhə ilə döyündüyü, hər səhərimizi şəhid xəbəri ilə açdığımız, hər an, hər saniyə qələbə xəbəri gözlədiyimiz o anlarda Generalın az qala düşmənin atdığı mərmi nəticəsində şəhid olacağını isə heç birimiz bilmirdik. Biz bunu da general-mayor Zaur Cavanşirin döyüş xatirələrindən oxuyuruq:

“Komandan (XTQ-nin sabiq, Quru Qoşunlarının hazırkı komandanı general–polkovnik Hikmət Mirzəyev – red.) da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi. Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim:

“— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq.

— Bu yolu keçək, ondan sonra qayıdaram.

Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 km idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dərəyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor iki hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqelənməyə başladı.

Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı:

— Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa-olsun, bu gün bizimkiləri qarşı tərəfə (Ərgünəş dağı silsiləsi — Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu) keçirməlisən.

— Oldu. Sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, — dedim.

— Yox, denən, SandCat gəlsin, elə buradan gedərəm.

— Bura gəlsə, vura bilərlər, cənab komandan. Bir az geridən minsəniz, daha yaxşıdır.

— Yox, görsəydilər bayaqdan atardılar. Qoy gəlsin bura.

Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək geri-geri gələrək komandanı götürməsini izah etdim.

SandCat zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim: Avtomobil sürətini artıraraq dağların arxasına keçdi".

Mən bu cümlələri ilk dəfə oxuyanda belə dəhşətə gəlmişdim. Ya vəziyyət başqa cür olsaydı??? Bunu düşünmək belə adamı sarsıdır. Müharibədir, hər şey ola bilər. Necə ki, birinci Qarabağ müharibəsində olmuşdu. Düşmənin atdığı mərmi onun cəbhədə hərəkət edən avtomobilinə dəymiş, general çox ağlr yaralanmışdı. Düşünürəm ki, Allah o vaxt bizim üzümüzə baxıb, onu salamat saxlamışdı.... Həkimlər onu qurtarmaq üçün əllərindən gələni etmişdilər... Bəs niyə biz məhz Hikmət Mirzəyevi itirməkdən bu qədər çox qorxuruq?...

Məncə bunun tək bir səbəbi var: biz onu təkcə gücünə, hərbi biliyinə görə sevmirik. Onu başqalarından fərqləndirən bütün sərkərdəlik xüsusiyyətlərinin bu adamda cəmləşməsidir. Bir ustadım demişdi bir zamanlar, hansısa dahinin sözüdür: "Ağılsız cəsarət fəlakətdir, cəsarətsiz ağıl ətalət". Düzü ilk duyanda mən bu sözü anlamamışdım, ta ki Hikmət Mirzəyevi tanıdığım günə qədər... Mən onun keçdiyi keşməkeşli yola, qarşılaşdığı maneələrə, bütün bunlara rəğmən XTQ kimi bir ordunu yaradıb, formalaşdırıb, az bir qüvvə ilə böyük bir millətə qələbə sevinci yaşatdığında anladım ki, uğura gedən yol bu iki fikrin araslndakı qızıl ortanı tapmaqdadır. Hikmət Mirzəyev məhz bunu bacaran sərkərdə, liderdir!

Mən onun birinci Qarabağ müharibəsindən bu günə qədər olan bir çox döyüşçüləri ilə söhbət etmişəm. Onların hamısında eyni sevgini, eyni dəyəri görmüşəm. Bundan öncəki məqalələrimdə onların fikirlərini yazdığım üçün yenidən təkrara yol vermək istəmirəm. Hər biri onun yüksək insani keyfiyyətlərindən və sərkərdə kimi nizam- intizam qaydalarında çox tələbkar olmağından danışıb. XTQ-nin ehtiyatda olan polkovniki Eldəniz Namazovdan da eyni fikirləri eşidirəm:

"– Cənab general Azərbaycan xalqının əsl sərkərdələrindəndir. Vətəninə, millətinə layiq oğul, hərbçi, döyüşçü, lider – öndə gedən bir komandirdir! Mən 10 il onun tabeliyində olmuşam. Hətta yuxarı vəzifələrdə olsam da, həmişə özümü onun bir əsgəri hesab etmişəm. Çox vaxt özümü ona oxşatmağa və onun kimi bir komandir olmağa çalışmışam. 2014–2016-cı illərdə onun iclaslarında iştirak edəndə belə, özümü sanki müharibənin içində hiss edirdim. Çünki onun davranışı, tapşırıqları, danışıq tərzi elə idi ki, adama elə gəlirdi – “bir saatdan sonra müharibə başlayacaq.” Onunla xidmət sanki müharibədəki kimidir. Bütün qərarları qələbəyə aparırdı. Xüsusilə noyabr ayının 4-ü günü Şuşa istiqamətində son tapşırıqlarını verəndə dediyi bir söz yaddaşımdadır: “Unutmayın, Şuşa kimindirsə, Qarabağ onundur!” Bu sözün dəyərini isə iki gün sonra düşmənin etirafı ilə gördük. General Hikmət Mirzəyevin tapşırıq və planlamaları Şuşanın azad olunmasının əsasını qoydu və döyüşün müqəddəratını həll etdi.... "

Qəhrəman Generalımız isə özü Şuşanın alınması ilə bağlı deyir:" Mən Şuşaya girəndə özümü çox xoşbəxt hiss, etdim. Vicdanım içində öz cavabını tapmışdı. O vaxta kimi daima əziyyət çəkirdim. Orada bunu hiss, etdim. Mənə bir rahstlıq gəldi. Baxmayaraq ki, şəhidlərimiz, yaralılarımız oldu, itkilərimiz oldu. Lakin buna baxmayaraq oranın alınması bütün millətimiz üçün başucalığl idi. Biz öz şərəfimizi geri qaytardıq. Biz Şuşanı qaytarmadıq təkcə. Biz Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq. Şərəfini bərpa etdik, mən fikirləşirəm! "

Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, "Zabit olmaq tək rütbə deyil, həm də vicdan işidir". Hikmət Mirzəyevi də biz məhz rütbəsinə, daşıdığı vəzifəyə görə yox, şərəfli, vicdanlı zabit olduğu üçün sevdik! O ordu qarşısında kapitan olarkən verdiyi sözü general olarkən döyüş meydanında gerçəkləşdirdi. Bu qüdrətli bir sərkərdəni sevməyə ən böyük səbəbdir!

Hazırda Ququ Qoşunlarında hərbi nizam-intizamın gücləndirilməsi, ordunun peşəkar, döyüşkən ordu səviyyəsinə çatması üçün böyük işlər görən əvəzolunmaz, əziz sərkərdəmizin bu gün 58 yaşı tamam olur... Əminliklə deyə bilərəm ki, hərbi təhsil illərini də nəzərə alsaq generalımız 58 ilin tam 41 ilini vətənə, millətə, dövlətə həsr edib. Döyüş meydanında dəfələrlə yaralanıb, yenə səngərinə geri dönən generalımızın haqqı ödənilməzdir! Bu xidmətin haqqını heç bir sözlə ödəyə bilməsək də, yenə də SƏNİ təbrik edirəm, əziz Generalım, qəhrəman KOMANDANIM!

İnanıram ki bundan sonra da hələ uzun illər dosta fəxarət, düşmənə böyük dərs olacaq xidmətinlə vətənin adını, millətin başını ucaldacaqsan! Hər zaman uca ol, vətəni, milləti ucaldan KİŞİ!

Doğum günün, ömrün 58-ci baharı SƏNƏ uğur, nailiyyət gətirsin!

Dərin sevgi və hörmətlə Sevinc Bəhmənli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ