Türk Ocaqları İstanbul Şöbəsinin həftənin Cümə günləri düzənlədiyi proqramın bu dəfəki mövzusu “Əl Turko günlükləri, Latın Amerikada Osmanlı izləri” idi. Adı diqqətimi çəkdi, ilk dəfə idi eşidirdim, bu səbəbdən proqrama qatıldım. Proqramın qonağı İstanbul Ticarət Universiteti İdarə Heyətinin sədri Dr. İsrafil Kuralay idi, danışdıqlarını diqqətlə dinlədim və mövzunun maraqlı olduğunu düşünərək İsrafil bəylə bu mövzu ilə bağlı bir reportaj hazırlamaq istədiyimi bildirdim, sağ olsun bizə zaman ayırdı.
Dr. Israfil Kuralay Ərzurumda qıpçaq Türkü bir ailədə anadan olub, Ankara Dövlət Universitetinin jurnalistlka fakultəsində bakalavr, İstanbul Universiteti jurnalistlka fakultəsində magistratura, daha sonra jurnalistika sahəsində dokrasını tamamlayıb. İstanbul Ticarət Universitetində müəllim, özünün yaratdığı “Bilim, sənət, fəlsəfə” Akademiyasında həm müəllimlik, həm də rəhbərlik edib. Bu günə kimi Yaponiyadan Latın Amerikaya qədər uzanan bir coğrafiyada, Türklərin izlərni araşdıraraq TRT də, Əl-Cəzirə televiziyasında və başqa kanallarda yayımlanan Türk tarixi ilə bağlı bir çox sənədli filmin və dörd kitabın – “Asiyada Türk izləri”, “Bozkırın çocukları”, “ Avropada Türk izləri”, “El Turko – Latın Amerikada Osmanlı izləri”nin müəllifidir. Bir mütəfəkkirin dediyi “Türklərsiz tarix yazılmaz, yazılsa da əksik qalır” fikrini yaşayaraq, gəzərək gördüyünü deyir.
Özü haqqında qısa məlumat verdikdən sonra rəhbərlik etdiyi universitetlə bağlı sualımızı cavablandıran İdarə Heyəti sədri bildirdi ki: “Universitetimiz İstanbul Ticarət Palatasına bağlı 25 ildir fəaliyyət göstərən Vəqf universitetidir, aktiv altı fakultə, iki institut, on min tələbəsi var ki, bunlardan 1500 nəfəri xarici tələbələrdir. Qeyd edim ki, Azərbaycan da daxil olmaqla Türk Dünyasından həm tələbələrimiz, həm də müəllimlərimiz var. Təbii ki, Türk coğrafiyasından gələn tələbələrimiz eyni mədəniyyətə sahib olduğumuz üçün bizə daha yaxındır, xüsusilə Azərbaycandan gələn tələbələrimiz dil öyrənmə problemi yaşamırlar”.
İsrafil Kuralayla söhbətimiz zamanı onu da vurğuladı ki, İstanbul Ticarət Palatısının sədr müavini olduğu zaman ilk dəfə Azərbaycanda Beynəlxalq kitab sərgisinin Türkiyə tərəfindən təşkilatçılığını edib və Türk Dünyası ilə bağlı “Qorqud ata” film festivalının keçirilməsi fikrinin yaranmasında və yaradıcı heyətdə iştirak edərək öz töhfələrini verib. O, həmçinin qeyd etdi ki, “Qorqud ata” film festivalı bu il təkrar İstanbulda keçiriləcək.
Bu qısa girişdən sonra keçirik əsas mövzumuz olan “Əl Turko”ya, başda qeyd etdiyim kimi ilk dəfə toplantıda bu barədə eşitdikdən sonra bir az internetdə araşdırdım, demək ki, “əl turko” ispanca Türk, “los turkos” Türklər deməkdir, XX əsrin əvvəllərində Osmanlı dönəmində Türkiyə vətəndaşı olan ərəblər, assurlar, ermənilər Latın Amerikasına gedərək orada yaşamışlar və “əl turko” adlandırılmışlar. Hətta məşhurlardan müğənni Şakira, futbolçu Maradonna da əl turkodur. Bütün bunlarla bağlı bu sahədə geniş araşdırmalar aparan İsrafil Kuralaydan daha ətraflı bilgi almak üçün soruşduğumda bunları dedi: “Mənə görə Əl Turko Osmanlını ən gözəl tanımlayan anlayışdır. Etnik olaraq müxtəlif dinlərdən və millətlərdən olmasına baxmayaraq yəhudilər, ermənilər, xristiyanlar, marunilər, ərəblər hamısı əl turko kimliyi ilə Latın Amerikada hələ də yaşayırlar. Bu əslində 1850-ci illərdən Osmanlı dövlətinin iqtisadi və sosial olaraq zəifləməsi və qərb ölkələrinə marağın artması nəticəsində başlayıb. Bir də həmin dönəmdə Braziliyada köləlik aradan qaldırılmışdı, Argentinada və Meksikada işçi qüvvəsinə ehtiyac yaranmışdı. Hətta Sultan Əbdülhəmid zamanında Braziliyanın dövlət başçısı bir neçə dildə danışa bilən Pedro İstanbula gəlmiş və Sultanla görüşüb köləliyi ləğv etdiklərini, işçi qüvvəsinə ehtiyacı olduqlarını bildirmiş və fürsətləri dəyərləndirmələrini istəmişdi. O zaman sadəcə Türkiyədən deyil, Rusiyadan, Balkanlardan da Amerikaya köç edənlər var idi.
Amerikada Elis adası var, Nyu Yorkun yaxınlığında, o zaman gələn köçmənlərin orada sağlıq durumlarını, sənədlərini yoxlayıb Amerikaya buraxırdılar. Bir müddət sonra osmanlı vətəndaşlarının, ümumiyyətlə müsəlmanların gəlməsini istəmədilər, gəmilərlə yükləriylə gələn köçmənlər də geri dönməmək üçün okean boyunca Meksika, Braziliya, Argentina limanlarında enib orada qalıb işləməyə davam etdilər. Əslində insanlar haraya, hansı şəhərə getdiklərini tam olaraq bilmirdilər, sadəcə oradan gələnlərin anlatdıqlarına görə Amerikada yaşamağın daha yaxşı olduğunu düşünərək gedirdilər, amma harasına, özləri də bilmirdilər. Əsasən Beyrutun, Suriyanın, Misirin, hətta Türkiyənin Antakiya, Mersin bölgəsinin kəndlərindən gələnlər Livanda, Beyrut yaxınlığındakı Biblos limanında toplaşırdılar, fransiz gəmiləri də kampaniyalı bəlli bir məbləğ qarşılığında onları aparırdı, amma bu gəmilər Marsiliya limanına qədər gedirdi, oradan da daha böyük gəmilərə minib, okeanı keçərək Amerikaya gedirdilər. Hətta sizə maraqlı bir hadisəni danışım, 1912-ci ildə Titanik gəmisi İngiltərədən yola çıxıb Marsiliya limanındakı insanları da alıb yola çıxdığı zaman Türkiyənin Bingöl şəhərinin Kığılı qəsəbəsindən (o zaman Ərzuruma bağlı idi) üç erməni osmanlı vətəndaşı da Amerikaya getmək üçün Marsiliya limanına gəldiklərində ikisinin pulu olur, birinin olmur deyə, o bir nəfər Titanik gəmisinə minə bilmir və Titanik gəmisi buz dağı ilə toqquşub batdığı zaman o iki nəfər ölür, pulu olmadığı üçün Titanikdə gedə bilməyən isə sağ qalır, bu da insanın qədəri. Əslində bu insanların məqsədi gedib orada qalmaq deyildi, bir müddət işləyib, iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün bir az pul torlayıb geri qayıtmaq istəyirdilər, amma bir çoxu da geri qayıtmayıb orada yaşamağa davam etdilər. Təbii ki, getdiklərində bir çox problemlərlə qarşılaşdılar, yol, iz, dil bilmirdilər, xüsusi ilə müsəlmanlar daha çox sıxıntı yaşayırdı, çünki ölkə xristian, katolik. Argentinada köçmən sayı çox olduğu üçün İmmigration oteli vardı, indi də var, gələnləri orada bilgiləndirib, sonra Argentinanın fərqli bölgələrinə göndərirdilər. Suriyadan, Fələstindən gedənlər əsasən ticarətlə məşul olurdular, hətta mal mübadiləsi ilə ticarət ənənəsini də oralara ilk gətirən əl turkolar olmuşdur.
Sizə maraqlı bir faktı deyim, Argentinada Livanlı Dürzi (Osmanlı dönəmində Livanı və Beyrutu iki ailə idarə edib - dürzilər və marunilər) ailəsindən olan Emin Arslan, digər əmisi oğlu ilə göbəkkəsdi olduğu üçün evlənən əmisi qızı Neclayla bir birinə aşiq olduqları üçün Emin Beyrutdan İstanbula sürgün edilib, bundan sonra Necla Osmanlı padişahına məktub yazıb ki, mən müstəqil, ağlı başında bir insanam, öz qərarımı özüm verə bilirəm, mənə burada təzyiq göstərirlər, mənə yardım edin. Psixologiyası pozulan xanımı Osmanlı padişahı Üsküdardakı ağıl xəstəxanasına (Bimarhanə) yerləşdirib və orada müalicə etdirib, amma müalicənin heç bir faydası olmadığını görüb təkrar Beyruta göndəriblər. Emin Arslan isə Türkiyə Xarici İşlər Nazirliyində işləyib, bir müddət sonra isə öncə Marsiliyaya, sonra Argentinaya konsul olaraq göndərilib. Argentinada əl turkolar onu təntənəli bir mərasimlə qarşılayıblar. Daha sonra İttihat və tərəqqiçilərlə tərs düşdüyü üçün istefa verib, amma Osmanlının Latın Amerikadakı ilk baş konsulu olaraq ömrünün sonuna qədər orada yaşayıb və 1943-cü ildə orada ölüb. Mən Argentinada olduğum zaman məzarını da ziyarət etdim”.
Bu arada İsrafil hocanın İstanbul Türk Ocağında anlatdığı bir hadisəni – Meksikada yaşayan yəhudi bir ailənin Türkiyə sevgisini xatırladım və qəzetimizin oxucuları üçün də anlatmasını xahiş etdim. “Bu xanım daşınmaz əmlakın alqı satqısı ilə məşğul olan bir Osmanlı vətəndaşı, əl turkodur. Biz də sənədli film çəkilişləri üçün ondan müsahibə götürdük, sonra bizi israrla evinə dəvət etdi, “evimi mütləq görməyiniz lazımdır” dedi. Biz də dəvətini qəbul edib evinə getdiyimizdə sanki bir osmanlı sarayına girdik, hər tərəf tablolar, xətt sənəti nümunələri, xalça, palaz, bir sözlə İstanbula aid nə varsa hamısı evdə var idi. Hətta evlərində söhbət edərkən 15-16 yaşlarında gənc bir qız gəldi, əynində qırmızı köynək, üzərində böyük bir ay parçası və ulduz şəkli, təbii ki, görüncə duyğulanmamaq mümkün deyil. Necə oldu belə geyindi deyə soruşduğumda, xanım dedi ki, bu mənim nəvəmdir, 15 yaşına çatdığı üçün onu Türkiyə gəzisi ilə mükafatlandırdım, o da İstanbuldan gəldiyi zaman bu köynəyi alıb. Gənc qızla söhbət etdiyimdə “Türkəm və Türk olduğum üçün qürur duyuram” sözləri gözlərimi yaşartdı”.
İsrafil Kuralay qeyd etdi ki, “tarixçi Kamal Karpatın araşdırmalarına görə Latın Amerikada 20 milyona yaxın əl-turko yaşayır. Əl turkolar həmçinin dövlət idarəetməsində də yer alıblar, məsələn, Argentinanın dövlət rəhbəri olmuş Suriya türklərindən olan Karlos Mənəm 10 il ölkəyə rəhbərlik edib, hətta ölkə rəhbəri ikən oğlu qəzada həlak olub, onu islam üsullarına görə dəfn etdirmək istəyib, lakin xristian dövləti olduğu üçün bu istəyi böyük etirazlarla qarşılanıb, amma özü öldüyü zaman islam ənənəsi ilə dəfn edilib, buna aid vidyolar da var. Daha bir nümunə Nayib Bukele, 1981 doğumlu, El Salvador dövlətinin rəhbəridir, əl turkodur. Hətta Şilidə osmanlı dönəmində gedən çox sayda fələstinli var, məsələn biz Santyaqo Universitetine getdiyimiz zaman Ortadoğu Araşdlrmaları Mərkəzi müdiri, əslən fələstinli osmanlı vətəndaşı Kamal hocayla tanış olduq, İtaliyada təhsil alıb, deyir ki, tələbə yoldaşları ona “sən Türklərə bənzəyirsən, onlar kimi davranırsan, siqaret çəkməyin belə onlara bənzəyir” dediyində, “mənim Türk olmaqdan başqa hansı özəlləyim ola bilər ki?!” deyə cavab verib. Adam türk tarixi, musiqisi, sənəti ilə çox yaxından maraqlanır, hətta bəzi musiqi alətlərində ifa edə bilir.
Rastlaşdığım maraqlı bir faktı da deyim ki, Argentinada mağazaları gəzdiyimiz, restoranlarda yemək yediyimiz zaman əl turko satıcılar yeyəcəklərin adlarını belə eyni bızım kımı türkçə deyirdilər; paxlava, qaysı, lokum, yəni osmanlıdan gedənlər hələ də türkcə istifadə edirlər. Son olaraq demək istəyirəm ki, bu ölkələrdə əl turkolar alt təbəqə kimi qəbul edilmir, yerli əhali ilə hər hansı qarşıdurma yaşamırlar, hətta Braziliyada Ticarət Palataları, xəstəxanaları var. Xülasə, deyə bilərəm ki, Latın Amerikasına getsəniz qəriblik çəkməzsiniz, çünki orada yaşayan çox sayda əl turko var.
Yaqut Misirxanlı
İstanbul