Naxçıvan Muxtar Respublikası: Tarixi Dövlətçilikdən Strateji Yüksəlişə


Xəyalə Dadaşova

Bu gün bəşər sivilaziyasının beşiyi, Azərbaycan dövlətçiliyinin qədim və möhkəm dayaqlarından biri, ümummilli lider Heydər Əliyevin siyasi irsinin formalaşdığı, “Cahanın naxışı” kimi tanınan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik.

Naxçıvan mənim həyatımda və dövlətçilik fəaliyyətimdə xüsusi və unudulmaz yer tutur. Naxçıvana vəzifəyə təyin olunanda artıq mən respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında müvafiq vəzifələrdə çalışmışdım və peşəkar fəaliyyət təcrübəm var idi və burada qazandıqlarım nəticəsində isə ümumrespublika səviyyəsində strateji əhəmiyyət daşıyan bir təcrübəyə çevrildi. Bu müqəddəs torpaqda çalışmaq mənim üçün təkcə vəzifə deyil, böyük şərəf, ali məsuliyyət və dərin dövlətçilik təcrübəsi idi.

Naxçıvan Muxtar Respublikası və ölkənin digər bölgələrində, o cümlədən xarici ölkələrdə, həmçinin beynəlxalq təşkilatlarda, beynəlxalq layihələrdə rəsmi əlaqələndirici, həmçinin iştirakçı kimi qazandığım bilik və təcrübə mənə ölkə və ölkə miqyasından kənar kənd təsərrüfatı və digər aidiyyəti sahələr üzrə təhlil aparmaq, mövcud potensialı müəyyən etmək imkanı yaratdı. Bu təcrübə həmçinin strateji xəttin düzgün müəyyənləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin verilməsi, strateji qərarvermə proseslərində iştirak, planlama sənədlərinin, dövlət proqramlarının və ölkələrarası sazişlərin layihələrinin hazırlanması bacarığımı formalaşdırdı.

Cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi, Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı bu diyarın bütün sahələrdə – iqtisadiyyat, sosial rifah, infrastruktur və xüsusilə aqrar sahənin - kənd təsərrüfatının inkişafında aydın şəkildə öz bəhrəsini verir. Dövlət başçısının təşəbbüsü ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” regionun kənd təsərrüfatı ilə yanaşı digər strateji sahələrinin kompleks inkişafına xidmət edir və muxtar respublikanın dayanıqlı yüksəlişi üçün geniş imkanlar yaradır.

Aqrar sahədə qazandığım bilik və təcrübədən yararlanaraq zəhmətkeş insanlarla çiyin-çiyinə Naxçıvanın kənd təsərrüfatında dayanıqlı istehsalın, ərzaq təhlükəsizliyinin və kənd əhalisinin rifahının təmin olunmasına töhfə verməyə çalışdıq. Əkinçiliklə yanaşı heyvandarlıq sahəsində fəaliyyət göstərən, tarla şəraitində çalışan, torpaq və iqlim şərtlərinə uyğun təsərrüfat qurmuş qabaqcıl fermerləri, sahibkarları tanımaq mənim üçün böyük dəyər idi. Onların zəhməti və torpağa bağlılığı Naxçıvan aqrar sektorunun əsas dayağı olmaqla yanaşı, bölgənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verir.

Naxçıvan qədim tarixlə müasir dövlətçiliyin vəhdətini özündə birləşdirən nadir məkanlardandır. Burada hər daşda keçmişin izi, hər addımda gələcəyə inam var. Naxçıvana ilk gəlişimdə elə hiss etdim ki, açıq səma altında zəngin tarix və dövlətçilik muzeyinə daxil olmuşam. Bu torpaq insanı mənən möhkəmləndirir, dövlətə və xalqa xidmət məsuliyyətini daha dərindən dərk etməyə sövq edir.

Bu illər ərzində Naxçıvanın zəhmətkeş, səmimi və qonaqpərvər insanlarının münasibəti mənə hər bir evini öz evim kimi hiss etdiyim unudulmaz xatirələr bəxş etdi. Bu etimad və hörmət mənim üçün ən böyük mənəvi sərvətdir.

Bu gün Naxçıvan yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi deyil, eyni zamanda üç dövlətlə sərhədi olan, Türk dünyasına, regional əməkdaşlığa, sülhə və sabitliyə açılan strateji əhəmiyyətli coğrafiyadır. Zəngəzur dəhlizi kimi mühüm geostrateji layihələrin reallaşması Naxçıvanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir, onu Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və iqtisadi mərkəzə çevirir. Bu tarixi proseslər Prezident İlham Əliyevin qətiyyətli siyasəti və güclü dövlət iradəsi sayəsində mümkün olmuşdur.

İnanıram ki, Naxçıvan rəhbərliyi və eləcə də Naxçıvanın görkəmli ziyalıları öz əqidələrinə sədaqətlə bu müqəddəs diyarın adını daim uca tutacaq, dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanın və regionun sülh, əmin-amanlıq və inkişafının etibarlı dayağı olacaqdır.

Naxçıvanın zəhmətkeş və qonaqpərvər insanlarına, eyni zamanda bu diyarın inkişafına töhfə verən bütün ziyalılarına və o cümlədən, əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Allah cahanın naxışı olan Naxçıvanımızı və naxçıvanlıları qorusun!

Allah Azərbaycanı və onun qüdrətli Liderini daim müzəffər etsin!


MANŞET XƏBƏRLƏRİ