Pakistan ilə Əfqanıstan arasında sərhəd xətti boyunca baş verən silahlı toqquşmalar son günlər genişmiqyaslı hərbi qarşıdurma həddinə çatıb.
Tərəflər bir-birini eskalasiyada ittiham edir: Kabil İslamabadı hava məkanını pozmaqda və mülki əraziləri bombalamaqda günahlandırır, Pakistan isə hücumların öz təhlükəsizliyinə təhdidlərə cavab olduğunu bildirir. Rəsmi açıqlamalara görə, döyüşlər nəticəsində onlarla hərbçi həlak olub, çox sayda yaralı var; sərhəd bölgələrində mülki itkilər və infrastruktur dağıntıları barədə də məlumatlar yayılır.
Artan gərginlik regionda humanitar vəziyyəti ağırlaşdırmaqla yanaşı, Cənubi Asiyada təhlükəsizlik balansını da sarsıdır.
Maraqlıdır görəsən, Əfqanıstan və Pakistan arasında başlayan hərbi qarşıdurmanın regional çərçivədən çıxaraq qlobal miqyaslı münaqişəyə çevrilmə ehtimalı nə dərəcədə realdır? Turkustan.az bu sualı politoloq Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
Əfqanıstan və Pakistan arasında hərbi toqquşma xəbərləri region üçün ciddi risk siqnalıdır, amma bunun avtomatik olaraq qlobal müharibəyə çevriləcəyi anlamına gəlmir. Bu iki ölkə onsuz da illərdir sərhəd xətti, xüsusilə də “Durand xətti” ətrafında gərgin münasibətlər fonunda yaşayır və qarşılıqlı ittihamlar – terror qruplarına dəstək, sərhəd pozuntuları, hava zərbələri – yeni deyil.
Əgər proses məhdud sərhəd əməliyyatları və lokal hərbi cavablarla çərçivələnərsə, böyük güclər birbaşa müdaxilədən çəkinməyə çalışacaqlar. Çünki nə Çin, nə ABŞ, nə də Rusiya hazırkı geosiyasi və iqtisadi gərginlik fonunda Cənubi Asiyada yeni genişmiqyaslı müharibədə maraqlıdır. Ancaq risk ondadır ki, Pakistan nüvə silahına malik dövlətdir və Əfqanıstan ərazisində müxtəlif silahlı qrupların fəaliyyəti vəziyyəti proqnozlaşdırılmaz edir.
Əgər qarşıdurma Pakistan daxilində sabitliyi sarsıtsa və ya regiondakı digər aktorlar – məsələn, Hindistan faktoru – prosesə dolayı şəkildə qoşulsa, o zaman münaqişə regional müstəvidən çıxaraq daha geniş təhlükəsizlik böhranına çevrilə bilər. Qlobal müharibə ehtimalı hazırkı mərhələdə zəif görünür, amma nəzarətsiz eskalasiya ssenarisi istisna deyil. Belə hallarda əsas məsələ tərəflərin emosional deyil, rasional qərarlar verib-verməyəcəyidir.
Aytən Yaşar/ Turkustan.az