İrana hücumun detalları məlum oldu: Bir gün öncə Vaşinqton və Təl-Əviv…


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Tehranda partlayış səsləri eşidilib. İlkin məlumatlara görə, ABŞ İsraillə birgə İrana qarşı zərbələr həyata keçirir.

Zərbə endirilən məntəqələr arasında İran prezidenti Məsud Pezeşkianın iqamətgahı və kəşfiyyat qərargahı, İranın ali rəhbəri Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazi, habelə İran ərazisində təxminən 30 hədəf var.

İsrailin müdafiə naziri İsrail Katz deyib ki, İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib.

“Nəticədə, yaxın vaxtlarda İsrailə və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, — o bildirib.

O, İsrailin bütün ərazisində cəbhəboyu xüsusi fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, fevralın 26-da Cenevrədə ABŞ ilə İran arasında keçirilən danışıqlar nəticəsiz bitdi:

“Gələn xəbərlər müharibə ehtimalını heç də azaltmadı. Gözlənilənlərin əksinə, narahatlıqlar daha da artdı. Hətta Wall Street Journal dərgisinin bildirdiyinə görə, İran fevralın 26-da Cenevrədə keçirilən danışıqlar zamanı nüvə proqramı ilə bağlı saziş əldə etmək üçün ABŞ-nin əsas tələblərini rədd edib. Mənbələrin sözlərinə görə, Amerika prezidentinin xüsusi elçisi Stiven Vitkof və Trampın kürəkəni Cared Kuşner bəyan ediblər ki, İran nüvə sazişi çərçivəsində üç əsas nüvə obyektini — keçən ilin iyununda amerikalıların bombaladığı Fordo, Natanz və İsfahandakı obyektləri tamamilə məhv etməyə, həmçinin bütün zənginləşdirilmiş uran ehtiyatını Amerikaya təhvil verməyə borcludur.
Bununla yanaşı, əldə olunacaq istənilən saziş müddətsiz olmalıdır.

İran nümayəndələri isə öz növbəsində nüvə obyektlərinin tamamilə sökülməsi, uranın zənginləşdirilməsinin tam dayandırılması və mövcud ehtiyatların ABŞ-yə çıxarılması, nüvə proqramına daimi məhdudiyyətlərin tətbiqi perspektivi ilə razılaşmayıblar.

İran hökumətinin İnformasiya Şurasının rəhbəri Elyas Həzrəti danışıqların yekunlarına dair açıqlamasında bildirdi ki, İrandan heç nə çıxarılmayacaq, uranın zənginləşdirilməsi ölkənin ehtiyaclarına uyğun olaraq davam etdiriləcək. Amma uranın qarışdırılması da daxil olmaqla digər variantlar nəzərdən keçirilə bilər. İran sanksiyaların ləğvinə nail olmağa çalışır”.

Politoloq deyib ki, İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağı, zənginləşdirilmiş uran ehtiyatının bir hissəsini üçüncü ölkəyə, xüsusən də Rusiyaya verməyi təklif edirdi:

elimusa oz e1747131515369
Əlimusa İbrahimov

“Amerikalılar isə Rusiya variantı ilə razılaşmırdılar. Digər tərəfdən, Prezident Donald Tramp İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb edir və müvafiq saziş əldə olunmasa, hərbi zərbə endirməklə hədələyir. Danışıqlardan sonra İranda bildiriblər ki, ölkənin dini rəhbərliyi uranın zənginləşdirilməsindən əl çəkməmək qərarına gəlib və amerikalılar bu məsələdə güzəştə getməlidirlər.

Başqa məlumatlara görə, Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini məhv etmək tələbindən başqa, Donald Tramp yenə də İrana Tehrandakı tədqiqat reaktorunu saxlamağa icazə verməyi təklif edib.

Buna rəğmən, artıq bu gün səhər saatlarından etibarən İsrail və ABŞ-nin İrana zərbələr endirdiyinin şahidi olduq. ABŞ artan təhlükəsizlik risklərini əsas gətirərək belə bir addım atmış ola bilər. Hətta hücum öncəsi Qüdsdəki səfirlik əməkdaşlarına (fövqəladə funksiyaları olmayanlara) İsraili tərk etməyə icazə verildiyini bildirib. ABŞ-nin ardınca bəzi Qərb ölkələri də eyni addımı atıb. Onlar da vətəndaşlarının İsraildən çıxarılmasına başlayıblar. Məsələ burasındadır ki, amerikalılardan sonra Çin öz vətəndaşlarını mümkün qədər tez İranı tərk etməyə çağırıb. Çin diplomatları qeyd edirlər ki, son günlərdə İran xarici təhlükəsizlik risklərində əhəmiyyətli artımla üzləşib.

Göründüyü kimi, Trampın İrana hücum etməyə meylli olduğu bu detallar fonunda bəlli idi. Dünən axşam ABŞ və İran nümayəndə heyətlərinin Cenevrədəki danışıqlarından dərhal sonra Yaxın Şərqdəki əsas Amerika hərbi rəhbəri Bred Kuper Ağ Evə çağırılıb və Prezident Trampa İrana qarşı hərbi əməliyyat variantları barədə məlumat verib.

Məsələ burasındadır ki, bu, Yaxın Şərqdə yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının komandiri admiral Bred Kuperin keçən ilin dekabrında İranla böhranın başlanğıcından bəri Donald Trampa müharibəyə hazır olması barədə məlumat verdiyi ilk hal idi. Yəni iki aydan çoxdur Kuper Trampa ümumiyyətlə heç nə barədə məlumat verməmişdi və Tramp onu dinləmək istəməmişdi. O vaxtdan bəri Tramp Kuperlə ünsiyyət qurmamışdı, halbuki məhz o, bu müharibənin əsas hərbi rəhbəridir”.


MANŞET XƏBƏRLƏRİ