Xəbər verdiyimiz kimi, Dubayda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency/CIA) binası vurulub.
Maraqlıdır, CIA başqa hansı ölkələrdə ofisə sahibdir? Onların işi nədən ibarətdir?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, “CIA”nın baş qərargahı rəsmi olaraq Langley (Kanada) şəhərində yerləşir:
“Qurum qlobal şəbəkə prinsipi ilə fəaliyyət göstərən xarici kəşfiyyat orqanıdır. “CIA”nın xaricdə “ofis” anlayışı klassik kommersiya ofisi formasında deyil. Əsasən ABŞ səfirlikləri və konsulluqları çərçivəsində yerləşən stansiyalar yaxud regional əməliyyat qrupları vasitəsilə fəaliyyət göstərir. ABŞ-ın diplomatik təmsilçiliklərinin olduğu əksər ölkələrdə müəyyən səviyyədə kəşfiyyat əməkdaşlığı və ya operativ mövcudluq olur. Xüsusilə Avropa, Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya, Latın Amerikası kimi geosiyasi baxımdan həssas bölgələr prioritet hesab edilir. Bununla yanaşı, bəzi ölkələrdə mövcudluq açıq diplomatik örtük altında deyil, tərəfdaş xidmətlərlə əməkdaşlıq və ya qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilir”.

Politoloq bildirib ki, “CIA”nın əsas funksiyası xarici kəşfiyyat toplamaq, təhlil etmək və ABŞ rəhbərliyinə strateji qərarvermə üçün məlumat təqdim etməkdir:
“Fəaliyyət istiqamətləri insan kəşfiyyatı, terrorizmə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının izlənməsi, regional münaqişələrin monitorinqi və rəqib dövlətlərin hərbi-siyasi planlarının qiymətləndirilməsini əhatə edir. Eyni zamanda, müəyyən hallarda gizli əməliyyatlar və tərəfdaş ölkələrin təhlükəsizlik strukturları ilə koordinasiya da mandat çərçivəsinə daxildir. Qlobal şəbəkə modeli “CIA”ya hadisələrə yerində və operativ reaksiya vermək imkanı yaradır, lakin bu fəaliyyətlər beynəlxalq hüquq, diplomatik münasibətlər və ev sahibi ölkələrin suverenliyi kontekstində həmişə həssas, o cümlədən siyasi müzakirəyə açıq qalır”.