ABŞ və İran arasında günlərlə davam edən gərginlik, eləcə də Cenevrədə aparılan diplomatik səylər şənbə günü səhər İsrailin İrana hücum etməsi ilə kulminasiya nöqtəsinə çatıb.
Turkustan.az xəbər verir ki, hücumlardan sonra İran da bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Qarşılıqlı zərbələrin üçüncü günündə Livandakı Hizbullah silahlı qruplaşması da münaqişəyə qoşularaq İsrailə hücum edib. Buna cavab olaraq İsrail Beyruta zərbələr endirib.
İsrail ordusu Livanda quru əməliyyatı ehtimalını nəzərdən keçirdiyini bildirərək, Hizbullah rəhbərliyinin zərərsizləşdirilməsinin hədəflər arasında olduğunu açıqlayıb.
Regionda baş verən hadisələr dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Bu arada İran Qızıl Aypara Cəmiyyəti hücumlar başlayandan bəri ölənlərin sayının 555 nəfərə çatdığını açıqlayıb. Bildirilib ki, zərbələr müxtəlif bölgələri əhatə edib və tibbi briqadalar yaralılara yardım göstərməkdə davam edir. Çox sayda yaralının xəstəxanalara yerləşdirildiyi, bəzilərinin vəziyyətinin isə ağır olaraq qaldığı qeyd olunub.
Reuters agentliyinə danışan İsrail hərbi rəsmisi ölkəsinin Livanla bağlı bütün variantları, o cümlədən mümkün quru əməliyyatını nəzərdən keçirdiyini bildirib. Məlumata görə, İranın ali lideri Əli Xameneinin öldürülməsindən sonra Hizbullah İsrailə qarşı hücumlar təşkil edib. İsrail isə buna cavab olaraq Livan ərazisində Hizbullah hədəflərinə zərbələr endirməyə başladığını elan edib.
Aytən Yaşar/ Turkustan.az