Tahir Kərimli: "Nazirlər, digər vəzifəli şəxslər Ramiz Mehdiyevi görəndə “farağat” komandasında dururdular"


“Adətən bizdə şəxs, yaxud hadisə haqqında dövlət başçısı, dövlət orqanları addım atandan sonra araşdırmalar, tənqidi mülahizələr zəncirvari reaksiya kimi baş alıb gedir. Həmişə bu cür görmüşük. Ramiz Mehdiyevlə də bağlı eyni prosesi müşahidə edirik. Ancaq Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar o qədər fərdi, sərt, məxsusidir ki, bu ittihamları xalq və digərləri bilməyə də bilərdi. Məsələn, dövlətə xəyanəti xalq konkret şəkildə bilməyə bilər. Heç mən də bilmirəm. Əvvəllər bu, vətənə xəyanət idi. Lakin biz o zaman qərar verdik ki, vətənə xəyanət daha ciddi məfhumdur. Bunu dövlətə xəyanətlə əvəz etdik. Bu hökm sübuta yetiriləndə cinayətkarlar ölüm hökmünə belə düçar olurdular. Yaxud dövlət çevrilişi ilə bağlı. Yəni məxsusidir. Kimisə qınamaq olmaz ki, niyə əvvəlcədən bunları işıqlandırmamısan? Korrupsiya əməlləri ilə bağlı verilən ittihamlar Ramiz Mehdiyevin və bu gün həbsdə olanların, olmayanlarınn geniş fəaliyyət göstərdikləri monopoliya ilə məşğul olmaları hər kəsə aydındır. Bu o qədər geniş və əhatəlidir ki, ayağını-başını yığıb-yığışdırmaq olmur. Görürsən ki, hansısa bir korrupsiya şəbəkəsinin həlqəsinə qarşı nəsə edirsən, ictimai qınaq, yaxud hüquqi təqib olur, digəri qalır. Məsələn, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyi tenderlərini verdiyi şirkətlərdən biri "Şərq-Qərb" ASC-dir. Şirkət Ramiz Mehdiyevə məxsusdur. Vaxt tapıldıqca bunlarla məşğul olunacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

“Çox ehtiyatlı olmaq lazımdır. Təsəvvür edin ki, mənim özüm barədə nələr deyirlər. Guya Ramiz Mehdiyev barədə demişəm ki, müstəqil dövlət qurulmasında bu adamın müstəsna rolu olub. Sanki Ramiz Mehdiyevlə birlikdə xalq hərəkatında olmuşuq, o da mənimlə istiqlalçı deputat olub, “qol” çəkib, ya nə edib... Adama yalanı, şəri yaxanda heç olmasa həqiqətə oxşasın. Ramiz Mehdiyevlə ömrümdə bircə dəfə rastlaşmışam. Heydər Əliyev Sarayında gözləyirdik. Nazirlər, digər vəzifəli şəxslər “farağat” komandasında durmuşdular. Çünki Mehdiyev Baş nazirlə irəliləyirdi. Kimsə cürət edib gedib görüşə bilirdi, ya görüşmürdü. Mən də əziz deputat qardaşım Fərəc Quliyevlə bir yerdə dayanmışdım. Ramiz Mehdiyev gəlib bizimlə görüşdü, dedi ki, müsahibəni oxumuşam. Fərəc bəy dedi ki, görürsən, sənə əməlli başlı qiymət verir. Halbuki o zaman çoxları ölərdi ki, gedib Ramiz Mehdiyevə salam versin. Bundan başqa ömrümdə bir dəfə də olsun, bu insanla ünsiyyətim olmayıb. Ciddi rəqib olanda isə təbii ki, Ramiz Mehdiyev qarışıq hamını tənqid etmişəm. Yeri gəlmişkən deyirəm ki, çox həssas məqamdır, bu məsələ ağıllı şəkildə müzakirə olunmalıdır. Qərəz olmamalıdır, doğru, düzgünlük olmalıdır. Kampaniyaçılıq olmamalıdır. Həqiqətlər üzə çıxarmalıdır. Cinayət varsa, üzə çıxarılaraq cəzası verilməlidir”, - o bildirib.


MANŞET XƏBƏRLƏRİ