Yanvarın 16-da Sosial Tədqiqatlar Mərkəzində, Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Tarixi Yurda Qayıdış” konfransı çərçivəsində QHT Agentliyinin maddi dəstəyi ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən “Əzəli yurd” layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi baş tutub.
Tədbirdə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları yer alıblar.Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Əziz Əlibəyli bildirib ki, Qərbi Azərbaycan məsələsi Azərbaycanın milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. O, çıxışını MİMTA-nın maarifçilik fəaliyyətindən danışaraq yekunlaşdırıb.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb etdiyini deyib. Fondun fəaliyyəti dövründə Qərbi Azərbaycan konsepsiyasını davam etdirdiyini vurğulayıb. O, Əfqan Vəliyevə uğurlar arzulayaraq “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsindən bəhs edib.
Millət vəkili Ceyhun Məmmədov çıxışında tarix boyu ölkəmizin düşmənlər tərəfindən işğala məruz qaldığını bildirib. Hazırda qarşımızda bir çox imkanların olduğunu deyən millət vəkili ən mühüm vəzifələrimizdən birinin Qərbi Azərbaycana qayıdışın təmin edilməsi olduğunu qeyd edib. Bu sahədə ərsəyə gələn tədqiqat nümunələrində xarici müəlliflərlə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Elmira Məmmədova bildirib: “Azərbaycan təkcə məkan deyil, eyni zamanda vətəndir”. O, millətin gücünün təkcə silahda deyil, tarixi yaddaş olduğunu qeyd edərək kitabın əhəmiyyətindən söz açıb.
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov qayıdış məsələsinin dərinliyi qayıdış hüququ ilə bağlı ətraflı məlumat verib. O bildirib: “2021-ci ildən etibarən Qərbi Azərbaycana qayıdış məsələsinə yeni prizmada yanaşma ortaya qoyulub. Bu baxımdan Qərbi Azərbaycana qayıdışın bütün azərbaycanlılar üçün strateji hədəfə çevrilib.
Kitabın müəllifi sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev Mərkəzin Qərbi Azərbaycana qayıdış istiqamətində çoxşaxəli fəaliyyətinə nəzər salıb. Tədqiqat işinin əhəmiyyətindən danışaraq kitabın erməniləşdirmə siyasəti, azərbaycanlıların bölgədəki varlığını sənədlərlə təsdiqləyən mənbə olduğunu bildirib.
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcması İrəvan şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Tacir Qurbanov və digərləri çıxış edərək MİMTA Fondu və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər. Çıxışlarda kitabın tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətindən bəhs olunub.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, oxucular “Qərbi Azərbaycan sənəd və mənbələrdə” kitabının elektron versiyasını internet resurslarından əldə edə bilərlər:
https://fuyuzat.az/wp-content/uploads/Qerbi-Azerbaycan-1.pdf
https://fuyuzat.az/wp-content/uploads/Western-Azerbaijan.pdf



