Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) yanında İctimai Şuranın sədri Anar Xəlilov “Yeni Sabah”ın sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- I Dövlət Proqramı çərçivəsində köç prosesi ardıcıl şəkildə icra olunur. İlk köç hansı mərhələləri əhatə edir və kimlər köçürülür?
- I Dövlət Proqramı uğurla davam edir. Dövlət proqramının tələblərinə uyğun olaraq bərpa edilmiş yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin köçürülməsi təmin edilir. İlk olaraq həmin yaşayış məskənləri üzrə qeydiyyatda olan vətəndaşların siyahısı Komitənin vahid elektron bazasından çıxarılır. Məlumat üçün qeyd edim ki, bu elektron baza çox mükəmməl hazırlanıb. Məcburi köçkün haqqında bütün məlumatlar bu bazada mövcuddur. Qaydalara uyğun olaraq yataqxana, düşərgə, ağır şəraitdə yaşayan, zəbt olunmuş mənzillərdə məskunlaşan, müxtəlif inzibati binalarda və kirayədə olan ailələr köç üçün seçilir. Onlarla əlaqə saxlanılır və monitorinq qrupu tərəfindən baxış keçirilir. Şəhid ailəsi də müraciət edərsə onlarda ilkin mərhələdə köç üçün siyahıya daxil edilir. Bura yalnız ailədə şəhidin varisi statusu olan şəhid ailəsi aiddir. Əgər bərpa olunan ərazidə əlavə mənzillər qalarsa qeydiyyatı həmin yaşayış məntəqəsinə olan əmək fəaliyyəti ilə təmin olunmuş vətəndaşlar, qazilər və gənc ailələr köçürülür. Bu o demək deyil ki, şəxsi mənzilləri olan vətəndaşlar köçürülməyəcək. Sadəcə ilkin mərhələlərdə şəraiti ağır olan vətəndaşlara üstünlük verilir.

- Püşkatma prosesi necə təşkil edilir? Sosial Mediada bəzən püşkatma prosesinin obyektiv olmaması ilə bağlı iddialar səsləndirilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Püşkatma keçirilmədən mənzillərin seçilməsi mümkündürmü?
- Bərpa olunan yaşayış məskənlərində mənzillər hazır olduqdan sonra, orada fəaliyyət göstərən və cavabdeh Dövlət qurumu tərəfindən həmin mənzillər kodlaşdırılır. Həmin kodlar otaq sayına uyğun olaraq Komitəyə göndərilir. Komitə burada evin hansı istiqamətdə inşa olunduğu və ya vəziyyəti haqqında heç bir informasiyaya malik olmur. Otaq sayına uyğun olan ailələr yuxarıda qeyd etdiyim meyarlara uyğun olaraq seçilir və püşkatmaya dəvət olunur. Püşkatma prossesi hamını gözü qarşısında Komitənin məsul işçilərinin, Komitə yanında İctimai Şuranın üzvlərinin, işğaldan azad olunmuş ərazilərdə cavabdeh Dövlət qurumlarının müşahidəsi ilə keçirilir. Bütün püşkatma prossesi video çəkiliş ilə qeydə alınır. Bu günə qədər İctima Şura olaraq müşahidə etdiyimiz püşkatmalarda qanun pozuntusuna rast gəlməmişik. Püşkatma şəffav və qanuna uyğun şəkildə təşkil olunur. O ki qaldı sosial şəbəkələrdə püşkatma ilə bağlı səslənən fikirlərə onu qeyd edə bilərəm ki, böyük əksəriyyəti əsasız və böhtan xarakterlidir. Mən qeyd edim ki, İctimai Şura tərəfindən də həmin səslənən fikirlər dərhal araşdırılır və yoxlanılır. Bizim də mövqeyimiz bu məsələdə prinsipialığa söykənir. Püşkatmadan yalnız Şəhid ailələri azad olunur. O da yalnız şəhidin varislik statusu olan ailə üzvünə şamildir. Artıq sosial şəbəkələrdə haqsız səslənən fikirlərə görə növbəti mərhələlərdə şəhid ailələrinin püşkatmadan kənar mənzil seçimləri orada toplaşan vətəndaşların ümumi razılığı alındıqdan sonra olacaq. Mənə də maraqlıdır kimsə buna etiraz edəcəkmi….? Bir fikri də qeyd edim ki, son vaxtlar bəzi bu istiqamət üzrə bilgiləri az olan, qeyri peşəkar özünə ucuz reytinq toplamağa çalışan və özünü jurnalist-bloger adlandıran bəzi şəxslər regionlarda məskunlaşan keçmiş məcburi köçkünlərin səmimiliyindən istifadə edərək qeyru peçəkar sujetlər hazırlaylb yayırlar. Əvvəla bu birinci növbədə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən böyük bərpa-quruculuq işlərinə kölgə salmaqdır. Mən demirəm kimsə sujet hazırlamasın. Amma yaxşı olar ki, qarşl tərəfin də mövqeyi dinlənilsin. Səslənən ittihamların ciddiliyi nəzərə allnsın. Yoxsa kimsə şər böhtan deyəcək onu dərhal reytinq xətrinə çəkib sosial şəbəkəyə yerləşdirmək və şou yaratmaq qeyri-ciddilik və məsuliyyətsizlikdir. Bir də bu suala son olaraq onu da bildirim ki, kiminsə əlində fakt varsa söz demək yerinə hüquq mühafizə orqanına müraciət etsin. İctimai Şura olaraq həmin vətəndaşın yanındayıq.
- Anar müəllim, mənzillərin tikilməsində və bərpasında Dövlət Komitəsi hansı formada iştirak edir? Və ümumiyyətlə köç prosesində Komitənin aktiv rolu nədən ibarətdir?
- Bildiyim qədər Dövlət Komitəsi böyük miqyasda aparılan tikinti bərpa prossesində iştirak etmir. Komitənin üzərinə düşən öhdəlik yalnız köçürlmə prossesini təşkil etməkdir. Hesab edirəm ki, tərif kimi səslənməsin bu qürurverici və ağır zəhmət tələb edən işin təşkilində Komitə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Biz İctimai Şura olaraq bu prossesi yaxından izləyirik və qeyd edim ki, çox məsuliyyət, diqqət, peşəkarlıq, vətəndaşla işləmək bacarığı eyni zamanda əmək tələb edən bir prossesdir.
- Komitə yanında İctimai Şuranın üzvü kimi məcburi köçkünlərlə görüşürsünüz. Onları narahat edən əsas məqamlar hansılardır?
- Bizim İctimai Şuranın üzvləri daim keçmiş məcburi köçkünlərlə ünsiyyətdədilər. Demək olar ki, hər gün onlarla vətəndaş üzvlərimizə müxtəlif məsələlərlə bağlı müraciət edir. Bu gün əminliklə demək olar ki, İctimai Şura da bu prossesdə artıq bir yardımçı subyektə çevrilmişdir. Ən çox onları narahat edən bir neçə məsələlər var. İlk öncə nə vaxt öz yurdumuza köçəcəyik və ya bu konteksə uyğun suallar. Məşğulluq məsələləri. Ailə üzvünün sayına uyğun olaraq otaq sayı məsələsi. Son vaxtlar ata yurdlarının özləri tərəfindən bərpa edilməsi ilə bağlı da müraciətlər artır. Şəxsi mənzili olan vətəndaşlarımız da daha çox müraciət edir və biz onlara qaydaları izah edirik. Ümimiyyətlə İctimai Şura olaraq təklif edərdik ki, bu istiqamət üzrə mövcud qanunların yenidən baxılmasına və eyni zamanda bəzi sual doğuran məsələlərlə bağlı qanunvericiliyimizdə dəyişikliyin edilməsinə böyük ehtiyac vardır. Bura strukturkar arası əlaqələrin də tənzimlənməsi aid olsa yaxşı olardı. Hazırkı vəziyyətdə keçmiş məcburi köçkünlər bütün məsələlərin həllində yalnız Komitənin məsul olduğunu düşünür. Bu da əlavə çətinlik yaradır
- Vətəndaş cəmiyyətinin üzvləri kimi Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarəti həyata keçirirsiniz. Komitənin fəaliyyəti köçlə məhdudlaşır? Digər fəaliyyət istiqamətləri nələrdir?
- Təbii ki, yox Komitə əsasnaməsinə uyğun olaraq məcburi köçkünlərlə bağlı qəbul edilmiş digər Dövlət proqramlarının da icrasını həyata keçirdir. Buraya köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması və digər məsələlər də aiddir. Eyni zamanda maarifləndirilmə tədbirləri də aktiv şəkildə həyata keçirilir. Vətəndaş cəmiyyəti nümayəndələri kimi də, biz Komitənin bütün fəaliyyətini izləyirik. Komitə - İctimai Şura əməkdaşlığı hesab edirəm ki, təqdirəlayiq vəziyyətdədir. Cənab Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl yerli jurnalistlərə verdiyi açıqlamada qeyd etdiyi “İctimai nəzarət vacibdir” sözü bizim daha məsuliyyətli olmağımıza stimul oldu. Bu fikir bizi də ruhlandırır və Böyük Qayıdış prossesində bizlərin də üzərinə məsuliyyət qoyur.