Bolşeviklərin Azərbaycandakı qurbanları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

V Yazı

Gəncə üsyanından sonrakı olaylar

Aprel işğalından bir ay keçmədən Azərbaycan, məmləkətin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eləmişdi. Ordusunun dağıdıldığını, zabitlərinin, ziyalılarının, dövlət və siyasət adamlarının tutulduğunu və edam edildiyini, sərvət və mülkünün dağıdıldığını görən xalq üsyan bayrağını qaldırdı. Ordumuzun əsas qüvvələri məlum olduğu kimi qərb və cənub-qərb məntəqələrində idi. Üsyan da oralardan başladı. Üsyanın əsas kütləsini milli ordumuz təşkil edirdi. Üsyan da oralardan başlandı. Üsyanın əsas kütləsini milli ordumuz təşkil edirdi. İlk öncə Gəncə qiyam etmişdi. Gəncə üsyanı ilə bərabər Tərtər, Ağdam, Bərdə, Göyçay, Şəki, Zaqatala, Quba, Lənkəran üsyan bayrağını qaldırmış və aylarla davam edən bu üsyanlarda ruslara mühüm təlafat verilmişdi. Sovet mənbələrinin etirafına görə 1924-cü ilə qədər geniş miqyasda Azrbaycanda 54 silahlı üsyan olmuşdu.

Gəncə qarnizonunun komandiri Məhəmməd Mirzə Qacarın və onun zabitlərinin qırmızı qvardiyaçılarla əvəz edilməsi Azərbaycanda ilk və güclü hərəkata səbəb oldu. 2000 nəfərdən ibarət Gəncə qarnizonu üsyan etmişdi. Nəhayət, 20 min əlavə rus qoşunu şəhərə yeridildi.Gəncəni başdan-başa top atəşi ilə dağıtdılar. Kişiləri, qadınları, südəmər körpələri, gənc qızları qətlə yetirdilər. Verilən qurbanların sayı İrəvan soyqırımından qaçanlar əsasən Gəncədə yerləşdiyindən öldürülənlərin sayı on minlərlə idi. Gəncə erməniləri ilə birləşən ruslar Azərbaycan türklərini qırıb məhv edirdilər.

Şahid sözü. Məmməd Altunbay. Əslən gəncəlidir. Sonradan Türkiyədə yaşayıb. 1987-ci ildə İstanbulda vəfat edib. Onun Gəncə üsyanı haqda xatirəsi:“...Birdən mühdiş çığırtılar qopmağa, anaların fəryadı bütün Gəncəni sarsıtmağa başladı...Biz başımızı geriyə çevirdiyimiz zaman dəhşətdən donub qaldıq. Gözlərimizə inanmadıq. Ermənimi, rusmu olduqlarını anlaya bilmədiyimiz iki əsgərin havaya qadırdıqları süngülərin ucunda iki balaca cocuq çırpınırdı. Mən gözü qızmış o əsgərlərin süngü tutan əllərindən yerə qan sızdığını gördüm.

...Küçələri belə gül-çiçək qoxuyan gözəl şəhərimiz Gəncəyə ayaq basdığımız andan etibarən küçələrin hamısı minlərlə insan cəsədləri ilə dolmuşdu. Haraya baxsaydın insan cəsədi görünürdü. Şəhərin iç mənzərəsi məzarlıqdan fərqlənmirdi. Küçələrdən cəsədlərin üzərindən adlayıb keçirdik. Yüzlərlə insanın başı kəsilmişdi!

Gözləri çıxarılmış, qulaqları,burunları kəsilmiş, tamam lüt soyundurulmuş insanlar! Qarınları süngülərlə dəlik-deşik edilmiş,başları daşa vurularaq beyinləri çölə çıxmışdı adamların! Yüzlərlə uşağı, gənci gah daşlarla parçalamış, gah da güllə ilə öldürmüşdülər!...” Gəncədə bu faciəni rus əsgərləri ilə ermənilər törətmişdilər.

Vəhşi xislətli ordu bu nahaq qanları tökmüşdü.Bəlkə elə buna görə idi ki, o dəhşətli faciədən sonra gəncəlilərin ən ağır qarğışı belə olurmuş:

“Rusla yatıb erməni ilə qalxasan!

Rusdan dostun,ayıdan dostun ola!

Rusun zülmünə uğrayasan!”

Məmməd Əmin Rəsulzadə Gəncə üsyanını belə xatırlayırdı: “Çarizmin qəddar generalı knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də özünü göstərdi... Ruslar burada diviziyalarını itirdilər.Bakıdan kömək gəldi.Digər tərəfdən də Gəncə erməniləri qiyamçıları arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində qaldı...”Gəncə üsyanı başlar-başlamaz Azərbaycan ordusunun komanda heyəti həbs edilib güllələndi. İlk güllələnən 266 hərbçi arasında 12 general, 27 polkovnik, 6 podpolkovnik, 46 kapitan, ştabs-kapitan, poruçik vardı.

Zaqatala üsyanı

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin bölgədəki əsas idarəetməni Zaqatala İcraiyyə komitəsinə verməsi və iqtisadi vədlər Aslan bəy Qardaşovun Azərbaycan Cümhuriyyəti barədə fikrini dəyişdirir. 28 iyun 1918-ci ildə Zaqatala Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ərazi olaraq onun subyekti olmaq istədikləri barədə teleqraf göndərir. 2 gün sonra 30 iyunda Azərbaycan Xalq Cümhuriyyəti, Zaqatala okruqunun özünün ərazi subyekti olduğunu elan edir.

Aslan bəy Qardaşov

Aslan bəy Əli ağa oğlu Qardaşov 1866-cı ildə Çökəkoba,Zaqatala dairəsində doğulmuşdu.Azərbaycan Xalq Cümhuriyyəti əkinçilik və dövlət əmlakı naziri (14 mart 1919-22dekabr 1919), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Aərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvüdür.1920-ci il 27 aprel hadisələrindən sonra rus işğalına qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biridi.

Aslan bəy Qardaşov Dağıstan oblastı və Zaqatala dairəsindən bitərəf namizəd olaraq Rusiya İmperiyası II Dövlət Dumasının üzvü, 27 may 1918-ci ildə isə Müsavat partiyası üzvü olaraq, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Aslan bəy Qardaşov Milli Şura üzvülüyündən birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Lakin o,burada yeni yaranmış Əhrar Partiyasının üzvü olaraq fəaliyyət göstərmişdir.O, Azərbaycan İstiqlal Bəyannaməsinin lehinə səs vermişdir.Aslan bəy Qardaşov I Nəsib bəy Yusifbəyli hökumətində Əhrar Partiyası adından əkinçilik və dövlət əmlakı naziri olmuşdur.

Əhrar (Azadlıqsevər) Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya idi.1918-ci ilin payızında Bakıda yaradılmışdı.Sədri Aslan bəy Qardaşov idi. Partiyanın yaradıcıları sırasında Abdulla bəy Əfəndizadə, Mustafa Əfəndi Əfəndizadə, Əşrəf bəy Tağıyev də olmuşdur.

1920-ci il Zaqatala üsyanı-Zaqatalada antisovet, antibolşevik üsyan,rus işğalına qarşı üsyanlardan biridi.Üsyanın məqsədi Azərbaycandan rus işğal ordusunu qovmaq idi.Üsyan 1920-ci ilin iyun ayının 6-da başlamış və bütün Zaqatala dairəsinə yayılmışdı.

Üsyançıların məqsədi bölgədəki bolşevik hakimiyyətini devirmək,Qarabağdakı üsyançılarla əlaqə qurmaq, ümumiyyətlə Sovet hakimiyyətini Azərbaycandan qovmaq idi.

27 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində işğal edilməsindən sonra Zaqatalada yerli kommunistlər Müvəqqəti Əyalət İnqilab Komitəsinin formalaşdırıldığını elan etdilər.Beləliklə, aprelin 29-da Zaqatalada hakimiyyət bolşeviklərin əlinə keçdi.Həmin tarixdə XI Qızıl Ordunun təlimatçılarından biri olan Menşikovun göstərişi əsasında mahal inqilab komitəsi təşkil edildi. Komitənin sədri vəzifəsinə əslən bu bölgədən olan 21 yaşlı Zəkəriyyə Ramazan oğlu Balaxlinski,onun müavini vəzifəsinə Mahmud Qocayev,katibliyə isə Nikolay Levşin təyin olundular. İki gündən sonra Zaqatala şəhərində Sovet hakimiyyətini müdafiə edən şüarlarla bəzədilmiş yürüş keçirildi.

Lakin əslində bu ilkin mərhələdə yetərli qədər hərbi qüvvədən yoxsun olan işğalçılar bütün əyalətdə özlərinin real hakimiyyətini formalaşdıra bilməmişdilər. Zaqatala dairəsindəki Sovet hakimiyyətinin ilk günlərində həm daxili nizam-intizamı,həm də Gürcüstanla sərhədi 2-ci Zaqatala alayı qorumaqda idi.Bu alay Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun bir hissəsi olmuşdu və Müvəqqəti İnqilab Komitəsinə tabe olmaqdan imtina etmişdi. Komitənin hesabatlarında da 800 nəfərlik qüvvəyə malik alayın tabe olmaması barədə qeydlər edilmişdi. Komitənin üzvlərindən biri olan Məcid Qocayev tərəfindən Bakıya yazılmış hesabatda alayda 800 nəfərin xidmət etdiyi, komandanının polkovnik Əhməd bəy Məhəmməd oğlu Dibirov olduğu, eyni zamanda da alay komandanlığının Sovet hakimiyyətinin əmrlərinə tabe olmaqdan imtina etdiyi bildirilmişdi.İnqilab Komitəsi Dibirovun vəzifəsindən azad edilməsini zəruri hesab etsə də,onu bu vəzifədə əvəz edəcək xüsusiyyətlərə malik adamları olmadığı üçün bu planlarını həyata keçirə bilmirdilər. Sovet hakimiyyətinin faktiki qurulması üçün zəruri olan planları həyata keçirmək üçün lazımi gücə malik olmayan İnqilab Komitəsi hələlik mövcud şəraitlə barışmağa məcbur idi.

Bolşeviklərin sərt tədbirləri əyalətdəki insanların onlara qarşı müxalifətinin daha da güclənməsinə yol açdı.Belə ki, iyun ayının əvvəllərindən artıq əyalətdə üsyan üçün hazırlıqlara başlanılmışdı. Məscidlərdəki və kənd toplantılarında həm imamlar,həm də ağsaqqallar insanları “İslam dinini təhqir edən qırmızı birliklərə” qarşı mübarizəyə başlamağa çağırırdı. Artıq üsyanın başladılması üçün artıq gizli bir komitə də formalaşdırılmışdı.Komitəyə Tala kəndinin imamı və bütün əyalətdə nüfuzlu şəxs hesab edilən Hafiz Əfəndi Molla Ramazan oğlu rəhbərlik edirdi.Bu komitənin üzvləri o günlərdə ölkələrini işğal etməyə çalışan bolşeviklərə qarşı aktiv mübarizə aparan Gürcüstan hakimiyyəti ilə də danışıqlara başlamışdı.Bundan xəbər tutan bolşevik hakimiyyəti Zaqatalanın Müvəqqəti İnqilab Komitəsinin rəhbərini gizli şəkildə Gürcüstana göndərdi.Onun qarşısına qoyulan tapşırıq üsyançılarla Gürcüstan hakimiyyəti arasında aparılan danışıqların mahiyyətini, gəlinən razılaşmanın şərtlərini və sairəni öyrənmək idi.Balaxlinski və sərhəd mühafizə qvardiyasının komandanının müavini Kuznetsov bu məqsədlə Gürcüstana göndərilənlər idi.Özlərini antisovet qüvvədən olduqlarını bildirən Balaxlinski və Kuznetsov Laqodexi sərhəd mühafizə alayının komandanı ilə danışıqlar apardılar.1920-ci il iyunun 6-da aparılan danışıqlarda onlara bildirdilər ki, “Sovet Rusiyasının qoşunlarını Azərbaycandan çıxarmaq üçün menşevik hökumətindən kömək istəyən hər kəsə yardım göstəriləcək. Zaqatalada milli qüvvələrin hakimiyyəti bərpa olunacaq və bütün kommunistlər güllələnəcək”.

2-ci süvari alayının komandiri Vodopyanovun və XI Qızıl Ordunun hərbi komissarı Tkaçovun ali komandanlığa göndərdiyi teleqramda göstərilirdi ki, Gürcüstan ərazisinə antisovet qüvvələri-Zaqatala alayının keçmiş zabitləri toplaşır. Zabitlərdən ikisi Abakarov və Muradov Balaxlinskinin şəxsiyyətini müəyyən edərək onun həbsini tələb ediblər.O, həbs olunmaqdan yayınıb geri qayıda bildi. Sözügedən zabitlər öz casusları vasitəsilə sovet agentlərinin sərhədi keçməsindən xəbər tutaraq, Kuznetsovu ələ keçirərək onu güllələmək niyyətində olan gürcü komandanlığına təhvil verdilər. Kuznetsov Balaxlinskinin tutulmasına kömək etməkdən imtina etdi və sərbəst buraxıldı. Sonra Balaxlinskinin azad ediməsinə də kömək etdi.

1920-ci ilin may ayının sonlarında və iyun ayının əvvəllərində Zaqataladakı rus bolşevik ordu bölmələri Gəncə və Qarabağda meydana çıxan üsyanları yatırmaq üçün oraya göndərildilər.Buna görə də müəyyən müddətlik Zaqatalada bolşevik ordusunun döyüş gücü əhəmiyyətli dərəcədə azaldı.Bundan istifadə edən bölgənin nüfuzlu şəxsləri əhalini yeni hakimiyyətə qarşı üsyana başlamağa təşviq etdi.Bu şəxslər Hafiz Əfəndi Molla Ramazan oğlu, Hacı Qurban Hacı İbrahim oğlu, Şeyx Molla Şeyxzadə,Məhəmməd Şeyx Əhməd oğlu,Müslim Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaçıyev və digərləri idi.Hafiz Əfəndi üsyançı qüvvələrin komandanı seçildi və Hacı Qurban ona köməkçi təyin edildi.Üsyana hazırlıqlar yüksək səviyyədə keçirilmişdi,bunun səbəbi isə üsyançıların sırasında həm Çar ordusunda, həm də Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş çox sayda zabitin olması idi. Üsyançıların məqsədi Zaqatala bölgəsindəki Sovet hakimiyyətini qovmaq,ümumiyyətlə bütün rus qoşunlarını Azərbaycandan qovmaqla milli qüvvələrin hakimiyyətini bərpa etmək idi.

Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsindəki rus işğal hakimiyyətinə qarşı üsyan qalxdı və Şəki bölgəsinin bir hissəsini də bürüdü.1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində rus işğal hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şayə dolu intibahnamələr yayırdılar ki, guya “əgər Zaqatala dairəsini Gürcüstana verməsələr,Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək”.

Zaqatalada rus işğalına qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya “Gürcüstan Azərbaycana müharibə elan etmişdir”. Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış üçün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını,teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.

1920-ci ilin iyunun 6-da baş vermiş Zaqatala üsyanı Azərbaycanın işğalına qarşı xalqın ən möhtəşəm etirazı idi. Zaqatala üsyanı həmin dövrdə işğala qarşı baş qaldırmış Gəncə və Qarabağ üsyanlarından fərqlənirdi.Belə ki, Zaqatala üsyanına birinci olaraq yerli əhalinin silahlı dəstələri başlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun regiondakı hissələri sonradan bu üsyana qoşulublar.Bölgənin məşhur din xadimi Talalı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Qax rayonu ərazisində,Kürmük çayı vadisində döyüşdə XI Qızıl Ordu hissələrini darmadağın edərək qısa müddət ərzində Zaqatala quberniyasının bütün ərazisini bolşevik işğalçılardan azad edib.

Ardı var


MANŞET XƏBƏRLƏRİ