2023-cü il oktyabrın 7-də baş verən hücumdan bəri İsrail Qəzza, Livan və Suriyada ümumilikdə təxminən 1000 kvadratkilometr ərazini nəzarətə götürüb.
Turkustan.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Qeyd olunur ki, bu sahə İsrailin 1949-cu il sərhədlərinin təxminən 5%-nə bərabərdir.
Nəşrin məlumatına görə, ələ keçirilən torpaqların yarısından çoxu Livanın cənubunda yerləşir.
Burada İsrail qüvvələri "təhlükəsizlik zonası" yaratmaq və "Hizbullah" qruplaşmasını geriyə sıxışdırmaq üçün onlarla kilometr irəliləyib. Əməliyyatlar zamanı bütöv kəndlər məhv edilib, İsrailin müdafiə naziri İsrael Kats isə bu əməliyyatı "Qəzza modeli" ilə müqayisə edib.
Qəzza zolağında isə İsrail qüvvələri anklavın yarısından çoxunu tutub və əlavə bufer zonası formalaşdırır. Nəticədə yerli əhali müharibədən əvvəlki dövrlə müqayisədə cəmi 40%-lik bir əraziyə sıxışdırılıb.
Suriyada isə İsrail qoşunları Hermon dağından cənuba doğru sərhəd boyu təxminən 233 kvadratkilometrlik ərazini əlində saxlayır, lakin rəsmi şəxslər hərbçilərin dəqiq yerləşmə yerləri barədə təfərrüatları açıqlamır.

Bizim.Media