
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
VI Yazı
Son iki əsrdə “kələfin ucu”nu itirən ya da itirdilən Azərbaycan türkləri bu dörd ideyaya münasibətdə sözün həqiqi mənasında, yetərli ortaq bir məxrəcə hələlik, gələ bilməyiblər. Ancaq o da bir həqiqətdir ki, bu ideyalarla bağlı iki əsrə yaxındır ayrı-ayrılıqda, yaxud da onların üst-üstə düşən və düşməyən tərəfləri ilə əlaqədar xeyli dərəcə də ciddi elmi-fəlsəfi, siyasi-ideoloji mülahizələr irəli sürülmüş, bununla bağlı yüzlərlə məqalə və kitablar yazılmışdır və yazılmağa da davam edir. Bu ideyaların ayrı-ayrılıqda və bir yerdə izahları ilə bağlı daha çox milli konsepsiyanın əsas hədəflərinə yaxınlaşan Türk aydınları Cəmaləddin Əfqani, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Cavad Heyət, Məhəmmədtağı Zehtabi və b. olmuşdur. Əgər XIX əsrdə C.Əfqani və H.Zərdabi milli fəlsəfi təfəkkürün ifadəsində ön plana çıxmışdırlarsa, XX əsrdə Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə onların milli konsepsiya ilə bağlı düşüncələrini daha da mükəmmələşdirməyə çalışmışlar. Məhz onların sayəsində də, milli konsepsiyamızın dörd təməl ideya üzrərində öz əksini tapmasının əsası qoyulmuşdur.
Bir az da dəqiqləşdirsək görərik ki, C.Əfqani ilə H.Zərdabi İslamlıq, Türklük, İnsanlıq, Çağdaşlıqla bağlı düşüncələrini yeni təfəkkürə uyğun ortaya qoyduğu halda, Ə.Hüseynzadə və M.Ə.Rəsulzadə bunu bir az da irəli apararaq həm türklüyü digər ideyalardan önə keçirmiş, həm də ona milli fəlsəfi dərklə uzlaşan təriflər verməyə çalışmışlar. Başqa sözlə, türklüyün ancaq bir milli kimlik deyil, həm də bir fəlsəfə, dünyagörüş olmasını ortaya qoymağa çalışmışlar. Əslində türklüyə bu cür baxış islamlıq və insanlıqla yanaşı Türk dünyagörüşünün mövcudluğunu da ortaya qoyur ki, bu da bütün Türk xalqları üçün vaxtilə var olub sonralar unutdurulmağa çalışılan vahid milli fəlsəfi təfəkkürün yenidən təşəkkülünə hesablanmışdır. Bizcə, burada ümumi anlamda Türklük (Turan ideyası) daha çox fəlsəfi, dünyagörüş xarakter daşıdığı halda (Ə.b.Hüseynzadənin formulu), xüsusi anlamda isə yalnız fəlsəfi təfəkkürü deyil, milli-məhəlli və əxlaqi-mədəni kimliyi (Azərbaycan türklüyü, Türkiyə Türklüyü, Tatarıstan türklüyü, Türküstan türklüyü və b.) də özündə əks etdirmişdir (M.Ə.Rəsulzadənin formulu).
Milli-məhəlli türklük ideyasının ən bariz örnəklərindən biri Azərbaycan türklüyü ideyasıdır ki, bunu bəlli bir dövrə qədər (xüsusilə də I Dünya müharibəsi dövrünə qədər) bir çoxları Qafqaz türklüyü kimi başa düşmüşlər. Təsadüfi deyil ki, Ə.Hüseynzadənin də milli konsepsiyasında məhz dörd ideyadan biri Azərbaycan türklüyü deyil, Qafqaz türklüyü idi: 1) Qafqazlıyız, 2) İslamız, 3) Türküz, 4) İnsanız. Sadəcə, Əli bəy Hüseynzadənin milli konsepsiyasında, ya da milli fəlsəfəsində hər şey ümumidən xüsusiyə doğru hərəkət etdiyi üçün, Türklük, İslamlıq, İnsanlıq kimi Qafqazlılıq da bundan xali olmamışdır. Yəni Hüseynzadənin burada nəzərdə tutduğu “Qafqazlıyız” anlayışı yalnız Azərbaycan türklərini deyil, bütün Qafqaz türklərini (yəni Azərbaycan türkləri ilə yanaşı noqayları, karaimləri, qaraçayları, balkarları, kumıkları və başqlarını) öz içinə alan bir dəyər idi.
M.Ə.Rəsulzadə isə Ə.Hüseynzadədən fərqli olaraq, bir qədər də konkretliyə vararaq Qafqaz türklüyünü deyil, ümumtürklük içində Azərbaycan türklüyünü müdafiə etmişdir. Buradakı Azərbaycan türklüyü isə yalnız Çar Rusiyasının işğalı altında olan Quzey Azərbaycan türklüyü (Borçalı, Dərbənd, İrəvan, Quba, Gəncə, Naxçıvan, Lənkəran, Bakı, Qazax, Şəki, Qarabağ türkləri və başqaları) ilə məhdudlaşmır və Qacarlar dövlətinin tərkibində olan Azərbaycan türklüyünü (Miyanə, Təbriz, Tehran, Ərdəbil, Qum, Qaşqay, Həmədan, Mərənd, Zəncan, Xoy, Urmu, Soyuqbulaq, Şəbüstər türklərini və başqalarını) də özündə birləşdirirdi. Məhz Rəsulzadənin düşüncələrinin məhsulu olaraq da 1-ci Dünya müharibəsi dövründə Qafqaz türklüyünün yerini Azərbaycan türklüyü tutmağa başlayır. Bununla da bir tərəfdən milli-məhəlli türklüyün inkişafının vacibliyi, digər tərəfdən isə onun ən bariz örnəyi kimi Azərbaycan türklüyünün milli fəlsəfi dərki ortaya çıxırdı. Buradakı milli-məhəlli türklüyün adının Azərbaycan türklüyü kimi ifadəsi, keçmişdəki (Kuti, Subar, Turukku, Manna, Midiya, Səlcuq, Baharlı, Bayandırlı, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və b.) eyniliyin yenidən canlanmasından başqa bir şey deyildir. Bunu dəfələrlə ifadə edən Rəsulzadənin fəlsəfəsində də dörd ideya bu cür şəkillənmişdir: 1) Türklük, 2) İnsanlıq, 3) İslamlıq, 4) Azərbaycanlıq. Bizcə, buradakı türklük əgər milli-məhəlli xarakter kəsb edərsə Azərbaycan türklüyü, ancaq ümumi xarakter daşıdığı halda Türk birliyi kimi ifadə olunmalıdır. Belə olduğu təqdirdə, milli konsepsiyamızın əsas mahiyyətini aşağıdakı dördlük təşkil etməlidir: 1) Türklük (Azərbaycan türklüyü), 2) Turançılıq-Türkçülük (Türk fəlsəfəsi), 3) İslamlıq, 4) İnsanlıq.[1]
Beləliklə, biz türklüyü iki anlamda dərk etməliyik: Birincisi, Türklük milli-məhəlli xarakter daşıyır və Azərbaycan türklüyünü özündə ifadə edir. Bu halda da türklük və azərbaycanlılıq bir-birinin eyniliyidir. 1918-ci ildə qurulan Türk Cümhuriyyətinə “Azərbaycan” adı verilərkən də məhz bu eynilikdən çıxış edilmişdir. Doğrudur, o zaman “Azərbaycan” sözü hərfi mənada daha çox “odlar yurdu” kimi başa düşülmüşdür. Ancaq çox maraqlıdır ki, bu zaman türklüklə üst-üst düşən əsas məsələ kimi “tarixi-çoğrafi Azərbaycan”da əsasən Oğuz, qismən də Qıpçaq Türk boylarının vahid millət kimi eyni dilə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə, tarixə, fəlsəfəyə sahib olması mühüm rol oynamışdır. Bu baxımdan “Azərbaycan” anlayışının farsca “odlar yurdu” kimi uydurulmuş izahı belə, heç bir məna kəsb etməmişdir və bu gün də etmir. Çünki “Azərbaycan Cümhuriyyəti” adıyla yanaşı ortaya çıxan Oğuzustan, Xəzəristan (Xəzərbaycan) adları da əslində bir-birinin eyniyyətdir. Bu zaman “Azərbaycan” istilahı hərfi mənada da “odlar yurdu” deyil, elə Oğuzlar ölkəsi, Xəzərlər ölkəsi, Türklərin yurdu (Türk yurdu) deməkdir.[2]
İkincisi, Türk, Türklük sosial-fəlsəfi anlamda ümum türklüyü (Türk fəlsəfəsini, Türk dünyagörüşünü) ifadə edir və Türk xalqlarının ortaq tarixə, fəlsəfəyə, ədəbiyyata, dünyagörüşə sahiblənməsinə əsaslanır. Bu halda isə türklük Azərbaycan türkçülüyü (azərbaycanlılıq) ilə yanaşı digər milli-məhəlli Türk ideyalarını (Türkiyə türklüyü, Qazaxıstan türklüyü, Tatarıstan türklüyü, Uyğurustan türklüyü, Krım türklüyü, Özbəkistan türklüyü, Başqırdıstan türklüyü və b.) özündə ifadə edir. Bu prizmadan yanaşsaq, Türk dünyagörüşünün, Türk fəlsəfəsinin son əsrdə yalnız Türkiyə türklərinin boyununa biçilməsi, buna uyğun olaraq da Türk mədəniyyəti, Türk dili, Türk fəlsəfəsi, Türk tarixi dedikdə, ancaq Türkiyə türklüyünü başa düşmək kökündən yanlışdır. Türkiyə türklüyü milli-məhəlli türklük ideyalarından yalnız biri olub, ümum türklüyün sadəcə bir parçasıdır. Yəni Türkiyə türklüyü digər milli-məhəlli türklük ideyalarından (Azərbaycan türklüyü, Qırğızıstan türklüyü, Uyğurustan türklüyü, Tatarıstan türklüyü, Başqırdıstan türklüyü, Krım türklüyü və b.) biri olub, sadəcə son əsrdə, xüsusilə Türkiyə Cümhuriyyətinn qurucusu Mustafa Kamal Atatürkün sayəsində öz müstəqilliyini qoruyub saxlaması və türklüyün ümid qalası kimi mövcudluğuna görə ön plana çıxmışdır. Atatürk “Türk milləti” dedikdə, Türk dünyagörüşünə, Türk əxlaqına sahib olanları nəzərdə tuturdu. Yəni buradakı “Türk milləti” qavramı yalnız gen-qan, soy, dil birliyinə görə deyil, ümumilikdə əxlaqı, inancı, dünyagörüşü bir olanlara aid idi.
Beləliklə, burada ifadə etmək istədiyimiz əsas məsələ odur ki, milli konsepsiyamızın təməl ideyalarını doğru-dürüst mənimsəmədikcə daima problemlər içində yaşamalı olacağıq. Başqa sözlə, çar Rusiyası dövründə Azərbaycan türklərinin nədən “tatar”, Sovet Rusiyası dövründə “azərbaycanlı”, Pəhləvilərlə İran İslam rejimlərində “persiyalı”, “iranlı” və buna uyğun olaraq dilinin də “tatar dili”, “Azərbaycan dili”, “azəri dili” adlandırılmasının əsil mahiyyətini ortaya qoymadan milli konsepsiyadan, milli fəlsəfədən, milli yoldan danışmaq mənasızdır. Əslində fasiləsiz olaraq milli kimliyinin və milli dilinin “tatar”, “azərbaycanlı”, “iranlı”, “azəri”, “persiyalı” olmadığını müdafiə etməklə məşğul olmağın özü belə həmin milləti ölgünləşdirir, qut(ruh)suzlaşdırır, özgələşdirir.
[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).
Üç cilddə, II cild (Birinci kitab).Bakı, “Elm və təhsil”, 2023, s.27
[2] Türkel, Y. Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları. Bakı, Təknur, 2010, s.27, 62