Ömrüylə tarix yazan müəllim


Samir Əsədli

Müəllim ömrü elə bir uca zirvədir ki, hər kəs bu zirvəni fəth etmək istər, amma hər insana bu ucalığa yüksəlmək nəsib olmaz. Göylərə bir az daha yaxın, işığa bir az daha doğma bir zirvədir müəllim ömrü. Qaranlıq nə qədər dərin olsa da, o zirvədə bütün qaranlıqları yaran bir çıraq yanır və heç vaxt sönmür. Bu çıraq müəllimin ömrüdür. Müəllim gecənin səssizliyində yol göstərən bir işıqdır. İnsan özünü itirəndə, qaranlıq düşüncələr içində qaldıqda, haradansa içində bir səs, bir işıq yanır. Bu, müəllimin vaxtilə dediyi bir sözün, göstərdiyi bir yolun işığıdır. O işıq şagirdin iç dünyasındakı qaranlıqları aralayır, onu özünə qaytarır, dünyanı anlamağa yaxınlaşdırır. Və bu işıq heç vaxt sönmür. O, yalnız öz yolunu işıqlandırmır, həm də başqalarının yoluna nur saçır, gələcəyin ümidini alovlandırır.

Ən uca zirvədir, göylərə yaxın,
İşıqdır hər yanın, nurlu sabahın.
Ümidə çevrilir hər bir addımın,
Safdır, müqəddəsdir müəllim ömrü.

Bu misralar sadəcə söz deyil. Bu, bir ömrün təsviridir. Müəllim ömrü səssizcə yanan bir ocaq kimidir. Özü alovun içində ərisə də, istiliyini başqalarına paylayır. Bəzən bunu hiss etmədən edir. Amma onun hər kəlməsi, hər baxışı, hər sükutu şagirdinin qəlbində silinməz iz buraxır. Heç vaxt itməyən, unudulmayan bir iz.

Müəllimlik sadəcə bir peşə deyil. Bu, insanın içində gizlənən yolu üzə çıxarmaqdır. Bu, düşüncəyə istiqamət verməkdir. Müəllim elə bir varlıqdır ki, özü səssizcə yanar, amma ətrafındakı həyatları işıqlandırar. Onun verdiyi hər fikir bir qığılcım kimidir. Bu qığılcım zamanla böyüyür, alova çevrilir, bir insan taleyinə çevrilir. Müəllimin toxunduğu ömürlər bu günlə bitmir. Onun izi illər sonra da yaşayır, nuru unudulmur.

Onun arxasında böyük zəhmət, geniş dünyagörüşü və saf vicdan dayanır. Müəllim bütün bunları özündə birləşdirəndə artıq o, sadəcə öyrədən deyil, gələcəyi yoğuran bir sənətkara çevrilir. Belə ömürlərdən biri də Paşayev Əlihüseyn Ağahüseyn oğlunun ömrüdür.

1950-ci ilin iyul ayının birində Yardımlının Bilnə kəndində dünyaya gələn Əlihüseyn müəllimin həyat yolu elə ilk addımlarından zəhmət və məsuliyyət üzərində qurulub. Doğma kəndində başladığı təhsilini Vərgədüz kənd orta məktəbində davam etdirdi və həmin məktəbin ilk onillik məzunlarından biri oldu. Bu fakt özü belə onun həyatında yeni bir başlanğıcın simvolu idi. 1969-cu ildə hərbi xidmətə yollanması onun həyatına yeni bir istiqamət verdi. Ordu illərində nümunəvi xidmətinə görə dəfələrlə təltif olundu, starşina rütbəsinə qədər yüksəldi, tağım komandiri kimi məsuliyyət daşıdı. Bu illər onun xarakterini möhkəmləndirdi, iradəsini formalaşdırdı. Hərbi xidmətdən sonra onun yolu yenidən elmə və təhsilə qayıtdı. Gəncədə hərbi təhsil aldı, zabit kimi formalaşdı. Amma onun əsl missiyası sinif otağında idi. 1972-ci ildən etibarən Hamarkənd və Vərgədüz məktəblərində hərbi rəhbər kimi fəaliyyətə başladı. Bu, sadəcə dərs demək deyildi. Bu, gənclərin ruhuna vətən sevgisi aşılamaq, onları sabahın məsuliyyətli vətəndaşları kimi yetişdirmək idi. O, şagirdlərinə təkcə bilik yox, həm də həyat dərsi verirdi. Onun pedaqoji fəaliyyəti getdikcə genişləndi. Metodist kimi çalışdığı illərdə yüzlərlə gəncin hərbi təhsil almasına səbəb oldu. Bu gün Azərbaycan Ordusunda xidmət edən bir çox zabitin yolunda onun izi var. Amma o, daim öyrənməyə davam etdi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alaraq biliklərini daha da zənginləşdirdi. 1985-ci ildə həmin ali təhsil ocağını bitirib yenidən doğma yurduna qayıtdı.

Nümunəvi və peşəkar fəaliyyətinə görə fərqlənən Əlihüseyn müəllim Hamarkənd kənd orta məktəbindən Yardımlı rayon təhsil şöbəsinə dəvət edilib və uzun müddət orada metodist vəzifəsində çalışıb. Sonrakı illərdə ona inspektor vəzifəsi təklif edilsə də, o, kəndə qayıdaraq Bilnə kənd natamam orta məktəbinin direktoru kimi fəaliyyət göstərməyi üstün tutub. 20 il direktor kimi çalışdığı Bilnə kənd məktəbində həm də tarix fənnindən dərs deyirdi. Onun fəaliyyəti boyunca məktəbdə yaratdığı sistemli nizam-intizam təhsil şöbəsi tərəfindən həmişə rəğbətlə qarşılanıb və nümunə kimi göstərilib.

Düzdür, fədakar fəaliyyəti onun həyatında dərin izlər buraxdı. İnfarkt keçirdi, ağır müalicədən sonra yenidən iş başına qayıtdı. Lakin sonrakı dönəmdə sağlamlığında yaranan problemlər Əlihüseyn müəllimin öz təkidi və ərizəsi ilə məktəb direktorluğundan uzaqlaşması ilə nəticələndi. Amma açıq ürək əməliyyatından sonra da tarix müəllimi olaraq sevimli şagirdlərinə Vətənimizin şərəfli tarixini tədris etdi. Təqaüdə yollandığı gün şagirdləri onu göz yaşları içində yola salmışdılar. Sonrakı illərdə tez-tez müəllimlərinə baş çəkir, zəng edib hal-əhval tuturdular. Bu, yarım əsrlik pedaqoji fəaliyyətin ən böyük mükafatı idi. 50 illik müəllim ömrünün qazandığı ən böyük dəyər məhz insan sevgisi və ehtiram idi. Bu münasibət müəllim ömrünü uzadırdı. Çünki müəllimlik onun üçün sadəcə iş deyildi. Bu, onun həyatının mənası idi. Onun yetişdirdiyi şagirdlər bu gün müxtəlif sahələrdə uğur qazanırlar. Amma onların hamısının yaddaşında bir ortaq işıq yaşayır: müəllimlərinin işığı. Onun dediyi sözlər, göstərdiyi yol bu gün də onların həyatında yaşayır.

Amma həyat yoldaşı Humay xanımın vaxtsız vəfatı, qəhrəman nəvəsi, həm də çox yaxın dostu Əli Rzalının 44 günlük Vətən müharibəsində Kəlbəcər uğrunda döyüşlərdə şəhid olması Əlihüseyn müəllimə çox ağır təsir etdi. Qarabağdan gələn hər Zəfər xəbərini qəhrəman nəvəsinə bu qürurlu baba çatdırırdı. Ürəyində övlad dağı gəzdirsə də, məğrurcasına tarix yazan nəvəsinin məzarı qarşısında baş əyirdi, on illərin tarix müəllimi. Əlihüseyn müəllimin böyük, nurlu ürəyi yaşamaq, öyrətmək, yaxşı əməlləri təlqin etmək eşqi ilə döyünürdü. O, təkcə dərs deyən müəllim deyildi, insan yetişdirən, xarakter formalaşdıran bir ömür sahibi idi.

Zaman keçir, illər ötür. Amma müəllim üçün zaman başqa cür ölçülür. O, geriyə baxanda illəri yox, şagirdləri görür. Hər biri ayrı bir həyat, ayrı bir uğur, ayrı bir yol. Bir gün qarşısına çıxan keçmiş şagirdinin uğurunu görəndə müəllim anlayır ki, ömrü hədər getməyib. Onun zəhməti artıq başqalarının həyatında davam edir. Belə anlarda insanın içində qəribə bir rahatlıq yaranır. Bu, hər kəsə nəsib olmayan bir hissdir: özünü başqalarının uğurunda görmək, öz ömrünü başqa ömürlərdə yaşatmaq.

Əlihüseyn müəllim kəndimizin hər kəs tərəfindən hörmətlə anılan, xüsusi rəğbət bəslənilən ağsaqqallarından, ziyalı insanlarından biri idi. Kəndə hər gedişimdə onunla görüşmək mənim üçün bir ənənəyə çevrilmişdi. Onun yanında insan özünü həmişə rahat hiss edirdi. Söhbətində bir doğmalıq, bir istilik vardı. Keçmişdən danışar, bu günü dəyərləndirər, gələcəklə bağlı fikirlərini bölüşərdi. Hər mövzuda elə səmimi danışardı ki, insan onu dinlədikcə yorulmazdı. Onun sözlərində həyat təcrübəsi, insan sevgisi və böyük ürək hiss olunardı.

Əlihüseyn müəllim insanları heç vaxt ayırmazdı. Qarşısındakı istər yaşca balaca olsun, istər gənc, istərsə də yaşlı, hamıya eyni hörmət və diqqətlə yanaşardı. Hər kəsin fikrini dinləyər, ona dəyər verər, lazım gələndə bir ata, bir ağsaqqal kimi məsləhətini əsirgəməzdi. Elə buna görə də onu tanıyan hər kəs ona ürəkdən bağlı idi. Bəlkə də rayonumuzda elə nadir insanlardan idi ki, onun haqqında bir nəfərin belə incik danışdığını eşitmək olmazdı. Heç kim deyə bilməzdi ki, Əlihüseyn müəllim kiminsə xətrinə dəyib, kimisə incidib və ya haqsızlıq edib. O, ömrü boyu insanlara yalnız yaxşılıqla yanaşdı. Sadəliyi, təmiz qəlbi və insanlara olan sevgisi onu hər kəsin gözündə ucaldırdı. Onun böyüklüyü və hörməti məhz insanlığı ilə qazanılmışdı.

Kənddən uzaqlara köçüb gedən insanlar belə kəndə qayıdanda ilk görmək istədikləri adamlardan biri həmişə Əlihüseyn müəllim olardı. Çünki o, sadəcə bir insan deyildi. O, kəndin yaddaşı idi, insanların dərdinə şərik olan bir ağsaqqal idi, hər kəsin qəlbində özünə yer etmiş doğma bir şəxsiyyət idi.

Belə insanlar dünyadan köçsələr də, əslində heç vaxt unudulmurlar. Çünki onların ömrü yalnız yaşadıqları illərlə deyil, toxunduqları qəlblərlə ölçülür. Bu, müəllim ömrüdür. Sakit, səssiz, amma dərin. Görünməz, amma əbədi.


MANŞET XƏBƏRLƏRİ