Söz mühəndisi - İsi Məlikzadə-90



Turan Uğur
AYB-nin üzvü

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...

Əcəba, yerə atılan hər yazının nidası göydən gəlirmi?! Yazıçının yazıçılığı, şairin şairliyi hər şeydən əqdəm səmada, kosmosda-sonra yerdə təsdiq olunmurmu?! Zənnimcə, “Yazıçılar Birliyi” ndən əvvəl gərək yazıçı öz biletini Tanrı dərgahında möhürlətsin. Necə deyərlər, yazı əhli gərəkdir ki, bir qədər səmavi olsun, yoxsa işi mütəqəlqəl olar.Görmüşük danışırıq, yəni, bilib söyləyirik, bilmədiklərimizlə işimiz yox. Elə mühəndisliklə də heç bir əlaqəmiz yoxdur, zira yazı-pozu adamlarıyıq, ahbablarım.Ancaq haqqında yazacağım, bilhassə barəsində haqla yazacağım insan - İsi Məlikzadə mühəndis idi, özü də bacarıqlı mühəndis.”Artıq şərhə bir o qədər lüzum yox” düşüncəsinə varmaqda özümü tam haqlı sayıram.Məgər İsinin əsərlərindən usta səriştəsi, usta səliqəsi, usta səhmanı sezilmirmi?!
“Neft-kimya mühəndisindən söz mühəndisi, yazıçı çıxarmı?” -deyib sual etsəniz, əsla təəccüblənmərəm.Çünki bu sualın cavabı məndə var. Bir neçə il “yerüstü avadanlıqlar ustası”- operator kimi çalışmış yazıçı İsi Məlikzadə ixtisasca mühəndis idi.Hərgah yazıçı ədəbiyyata sənayedən gəlmişsə, deməli, sevinməyə ikiqat səbəb var.
Hamı kimi İsi də doğulanda məsum bir çocuq idi. Axı doğulanda hamı eyni cür olur, artıq ertəsi gün dəyişməyə başlayır. Ağcabədidə, Xalfərəddin kəndində 1934-cü ildə doğulub İsi.Lap dəqiq tarixi, dəqiq günü ilə deyim sizə - may ayının 1-ində. Stajlı oxucular yaxşı xatırlayarlar sovet dönəmini. “Əmək bayramı”- “1 may” günü kimi qeyd edilən həmin günlə, İsinin dünyaya təşrif buyurmasında görünür hardasa bir simvolik əlaqə də var.Əməksevərlik, zəhmətə alışqanlıq bəlkə də qanunauyğunluq kimi qarşılanmalı, İsinin gələcəkdə çəkdiyi əziyyətlərin, etdiyi fədakarlıqların məntiqi hardasa bununla izah olunmalıdır.

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...

7 bacının 1 qardaşı idi İsi. Əzizxələf olsa da ismi-əzəm atasından -Abbas kişidən aldığı tərbiyə ilə özünü comərd, kişixasiyyət, yetkin bir şəxs kimi yetişdirir, ərköyünlük mərəzini özünə bir addım belə yaxın buraxmır, ailəyə yararlı-xeyirli övlad olma çabaları göstərirdi.Atası Abbas Ağcabədidə bərbərlik edər, halal zəhməti ilə külfət saxlayardı.Deyilənə görə törəboy, fətirsifət bir kişi idi.Özü də olduqca baməzə, zarafat eləməyi sevər, duzlu-məzəli söhbətləri ilə çevrəsində rəğbət qazanırdı.Yazıçı “İki günün qonağı” adlı avtobioqrafik əsərində bu barədə geniş söhbət eləyib.Kim bilir, bəlkə İsi Məlikzadə komediyalarının, əsərlərinə qoyulan tamaşaların bu qədər içdən, bu qədər canlı, bu qədər koloritli alınmasında belə məqamların da rolu az olmayıb.İsinin anası Zəroş ana isə Qaradolaq tayfasından olan ismətli, iffətli bir xanım kimi yaddaşlarda qalıb.
Sizə bunu da ərz edim ki, İsi Məlikzadənin sevgisinin adı Lətifə idi.1957-ci ildə qovuşan gənclər mühəndislə tibb bacısının sevgisindən ziyadə bir hiss, bir duyğu paylaşırdılar.23 yaşlı gənc İsinin toyunda onun bacıları, anası qohumları ən xoş anlar keçiridilər.Sanki İkinci Cahan savaşından sonrakı mənhus illər, bədbin çağlar gənclərin ömürlərindən bilmərrə silinmiş, idman termini ilə desək, pis günlər “ofsaydda” qalmışdı.
İsi Məlikzadə 1957-ci ildə İçərişəhərdə kirayələdiyi ev sahibinin kiçik qızı ilə ailə qurur. Lətif duyğularının ünvanı, kövrək hislərinin, ülvi məhəbbətinin adı Lətifə idi.Sevimli yazıçımız qonşulardan birinin evində, ikinci mərtəbəsində iri bir zalda özünə toy çaldırmışdı.
-Şahidliyi kim eləyir?
-Çoxu... Hələ şahidlərin arasında azman bir tut ağacı da vardı.
Ümumən, İsi Məlikzadə yaradıcılığına baxanda demək olar ki, onun hekayələrində, povestlərində lokomotiv rolunu məhəbbət oynayır.Bu, bariz şəkildə, apaydın cizgilərlə o qədər qabardılır ki, yazıçının sovetdən, kolxozdan, sovxozdan yazmaq meyillərinin olmaması gün kimi aydınlaşır.Xalqın həyat tərzi, kənd həyatı, şəhər mühiti içdən bir həvəs kimi oyanır, bu qəbildən olan əsərlərin mövludu başlayır:
”Günəş harda gecələyir”, ”Quyu”, ”Evin kişisi”, ”Oğul” kimi həm iri həcmli, həm də kiçik hekayələri ərsəyə gəlirdi.

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...

50-60 -cı illərdə ilk mətbu yazılarla çıxış edən İsi Məlikzadə yeni nəsil yazarların arasında necə də ucaboylu görünürdü.Hövsələsi, təmkini də öz yerində.Bu təmkin onun özünə, istedadına arxayınlığından irəli gəlmirmi, necə düşünürsüz? Hansısa bir cəng meydanında çəçələ barmağıyla çəlimsiz birisini yerlə edəcək cüssəli pəhləvanın durumunu təsəvvür edəkmi bir anlıq:
İsi Məlikzadə hələ ədəbiyyatda sözün deməmiş söz sahibi idi, hələ məşhur olmamış, hələ döyüşməmiş zəfər qazanmışlardan idi.Demək istədiyim budur: triumfu hər kəs tərəfindən etiraf edilmiş birisi varsa, demək ki, İsi Məlikzadə var. Başqa cür ola da bilməzdi.Salam Qədirzadə, Seyfəddin Dağlı, Şamil Xurşud kimi kəsərli söz sahiblərinin sırasında olub,“Kirpi” jurnalında tədricən parlamağa başlayan bir gənc idi İsi.Bu dəm mövcud vəziyyəti şişirdib, onun istedadını abartmaq fikrindən xeyli uzağam, çünki o tək deyildi.Ədəbiyyatımızın yeni üfüqlərində görünən yazıçılarımızın sayı “n” qədər olmasa da, “l” qədər vardı: Anar vardı, Mövlud vardı, Elçin vardı və nə yaxşı da el üçün yazanlar vardı.

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...

“Qatarda” nın əsas personajı Sabit Mirzə necə deyirdi?
-“Fələyin bağlı qapısı kimidir bu pəncərə”.Sovet dövrü ədəbiyyatımızın da pəncərələri 60-cı illərə kimi belə idi.İsi Məlikzadə, Mövlud Süleymanlı, Anar, Elçin, Sabir Əhmədli həmin dövrdə ədəbiyyatımıza sanki nəfəs genliyi gətirdilər.Prozada olan təmtəraq, şipşirinlik yerini real, insani münasibətlərə verdi.
İsi Məlikzadə haqqında yazanda möcüzəvi bir səs kimi qulağımda uğuldayan nədir deyə-özümlə uzun-uzun sorğu aparası oldum.Beynimi məşğul eləyən, mənə bəlli olmayan bir səda sanki hərfləri, cümlələri boydu-boyduya düzərkən, uğuldamağa başlayır, əlimi klaviaturadan çəkdikdə isə bu uğultu həmən kəsilir.Hansı səsə bənzədiyini dəqiq deyə bilməsəm də, qatar təkərlərinin yeknəsəq tərpənişi yazmağıma mane ola bilirmiş, sən demə.Sən demə, İsi Məlikzadənin gözəlim hekayələrinin yanında bu qatar taqqıltısını duymazlıqdan gəlmək ən böyük haqsızlıq imiş.Bəlkə də bu daha çox Sabit Mirzənin, Dadaşovun, Qasım kişinin, Fatının, lap elə-sərnişinlərə döşəkağı paylayan bələdçinin haqqına girmək imiş.

Dünya ədəbiyyatı tarixində bəlkə də ən çox öz əsərlərini məhv etmiş ədib İsi Məlikzadə olub.Gəncliyində yazdığı hekayələrin çoxunu bəyənmədiyi üçün cırıb atarmış.Kim bilir, neçə “Dadaşovlar”, neçə “Tahirlər”, neçə “Orxanlar”, neçə “Nurcabbar” kimi xarakterlər hələ böyüməmiş, ömürləri qundaqdaca son bulmuşdu.
Lakin ömürlərdə son bulmayan yeganə məfhum məhəbbət hissidirsə, deməli, əfsanədəki Leyli qədər “Gümüşgöl”-ün Leylisi də eşqdən kam almaq üçün doğulub.Bu povest ətrafa nəzər salmayanları diqqətli, həyatın yanından bədöy, köhlən at kimi çapıb gedən insanları riqqətli, Gümüşgöl qarşısında farağat dayanan sevənləri heyrətli edər.Bu, İsi Məlikzadə povestinin qüvvəsi deyil, həm də Gümüşgöl təki müqəddəslərin ecazıdır.

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...

Kaş elə bir göl olaydı, adamların günahlarını ölçəydilər orada: təkcə xəyanəti yox, irili-xırdalı bütün suçları, nöqsanları tərəziyə qoya biləydilər.Onda hər kəs ürəyinin xıltını təmizləyər, qəlblərdə yalnız işıq, məhəbbət olardı.Ehhhhhh, kaş ki...kaş ki. “Gümüşgöl əfsanəsi” povestinin qəhrəmanı-Orxanın ürəyindən keçənlər bu saat mənim də köksümdə düyünlənmiş bir arzudur.Əslində o göl var.

-Babalar, nənələr, atalar, analar, əmilər, əmidostular, dayılar, dayıtostular, bəradərlər, ağabəylər, dadaşlar, dostlar, tanış-bilişlər, arzumuzun arxasınca gedəkmi? Mən apararam sizi.
-Hara?
- İsi Məlikzadənin dediyi yerə - Gümüşgölə.
-Yaxşı düşünün, gedirsiniz???

Kaş elə bir göl olaydı ki, kaş elə bir gün gələydi ki...


MANŞET XƏBƏRLƏRİ