Qalib Çinar



Nəcəf Nəcəfov
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasının I kurs tələbəsi


(44 günlük Vətən müharibəsindən sonrakı qayıdışa həsr olunur )

Zümrüd meşənin dərinliklərinə doğru irəlilədikcə özümü çox qəribə hiss edirdim. Həyəcandan bədənim titrəyirdi. Ağlımda bir-birinə sarmaşıq kimi dolaşan xatirələr hərəkətimi yubadırdı. Hər addım atarkən doğulub boya-başa çatdığım, ömrümün ən gözəl çağlarını keçirdiyim bu yerləri – doğma kəndimizi və səfalı meşələrimizi xatırlayırdım. Otuz ildir görmədiyim bu yerlər çox dəyişmişdi. Düşmən otuz il bundan əvvəl o faciəvi günlərdə insanlara və insanlığa qarşı törətdiyi amansız cinayətlərlə, qətliamlarla kifayətlənməmişdir... kəndimizi yerlə-yeksan edib viran qoymuş, zəngin meşələrimizi yerli-dibli talamışdı. Bütün bu qaranlıq mənzərələri gözlərimdən süzülən gözyaşlarımın pərdəsi arxasından izləyirdim. Meşənin ən gözəl yerinə çatmaq üçün həm səbrim tükənirdi, həm də özümdən asılı olmadan keçmiş xatirələrimi vərəqləyirdim...

* * *

“ 1970-ci il dekabrın 17-də Qarabağın əsrarəngiz guşələrindən birində dünyaya göz açmışam. Atam Xocalı postunda hərbçi, anamsa Xocalıda orta məktəblərdən birində tarix müəllimi işləyirdi. Məndən yaşca kiçik Turanə və Təranə adlı iki bacım var idi. Ata nənəm və ata babam, həmçinin əmim ailəsi ilə bizimlə birgə eyni həyətdə yaşayırdı. Evimiz və həyətimiz çox böyük idi. Burada çoxlu nar, heyva, alma, zoğal və digər meyvə ağacları var idi. Həyətimizin sağ tərəfindən sərin sulu bir arx keçirdi. O vaxtlar kəndimizdə həyətlər arasında çəpər, hasar olmazdı. Hamı bir-biri ilə qaynayıb-qarışar, xeyir-şərdə bir yerə toplaşıb, hamımız bir-birimizin sevincinə, kədərinə şərik olardıq.

Əmim uşaqları ilə bacılarım eyni məktəbdə oxuyurdular . Anam da həmin məktəbdə onlara tarix dərsi deyirdi və əməkdar müəllimə idi. Hər gün bacılarım və əmim uşaqları ilə birlikdə kəndimizin meşə tərəfə açılan hissəsinə gedib əsrarəngiz təbiəti seyr edər, əyləncəli oyunlar oynayardıq. Çox vaxt Təranə anam və nənəm üçün çəmənlikdən lalə, nərgiz toplayıb, Turanə ilə birgə çələng düzəldərdilər . Meşələrimiz, çəmənliklərimiz olduqca səfalı və şəfalı idi. Çinar, palıd, küknar, vələs, ağcaqayın kimi göz oxşayan ağaclarla və itburnu, yemişan, cökə, çobanyastığı kimi faydalı bitkilərlə zəngin idi.

Qış biz tərəflərdə sərt keçdiyindən, yayın sonundan etibarən hamı qış üçün tədarük görərdi. Mən də atamla odun toplayardım, bacılarım isə meşədən giləmeyvə yığıb anama gətirərdik. Anam onlardan dadlı mürəbbələr bişirib qış üçün tədarük görərdi.

Kəndimizdə ailəvi dost olduğumuz qonşu bir ailə var idi. ƏliAbbas dayı atamla yaxın dost idi. Mən də onun oğlu - sinif yoldaşım Nizami ilə artıq uzun illər idi ki, dostluq edirdik. Çox vaxt onlar bizə gələrdi, həyətimizdə kabab çəkib, samavar çayı dəmləyib, yeyib-içib əylənərdik. ƏliAbbas dayının həzin və zil səsi var idi. O, “Qarabağ-Şikəstəsi”, “Çahargah”, ”Şur”, “ Bayatı-Şiraz”, “Şahnaz” və başqa bu kimi insanı xəyallara aparan muğamları ifa edərdi. Atam hərbçi olsa da, çox gözəl tar və kaman çalardı. Dostu muğam oxuyarkən o da onu tarda müşayiət edərdi. Yay zamanı biz Nizami ilə kəndimizdən keçib meşəyə tərəf axan çayda çimər və kiçik çay daşları toplayardıq . Ara-sıra ƏliAbbas dayının Qarabağ atlarını çapıb düzənliklərin, çəmənliklərin canına düşərdik. Axırda yorulub Nizamigilə gələr, onun anası Səlimə xalanın bişirdiyi ləziz kökələrdən yeyib, radioda Xan Şuşinskinin, Rübabə Muradovanın, Sara Qədimovanın, xüsusən də SSRİ xalq artisti - Zeynəb Xanlarovanın və digər məşhur müğənnilərin, xanəndələrin ifalarını dinləyər, bir az da mürgüləyərdik . Mal-qaranın, cəh-cəh vuran quşların səsini eşitməyənə qədər oyanmazdıq. Bəzən mən və Nizami Qarabağın ən gözəl, mənzərəli yerlərindən biri olan Şuşadaki Cıdır düzünə gedərdik. Orada şeh qoxuyan çəmənlərin üzərində uzanıb zirvədən dağları, ətraf kəndləri seyr edərdik. Nizami bir dəfə özü ilə rəsm ləvazimatlarını gətirib, xarıbülbülün və möhtəşəm mənzərənin rəsmini çəkmişdi.

Biz Nəsiminin, Məhəmməd Füzulinin, Rəsul Rzanın, Səməd Vurğunun, Mikayıl Müşfiqin xüsusən də böyük mütəfəkkir, dünya şöhrətli azərbaycanlı şair Nizami Gəncəvinin yaradıcıllığını mütaliə edərdik. Nizaminin böyük qardaşı Nazimlə də dostluq edirdim. O, çox güclü, mərd bir gənc idi; idmanla, ovçuluqla məşğul olurdu. İş elə gətirdi ki, o, hərbi xidmətini başa vurduqdan sonra polis oldu. Mən Bakı Dövlət Universitetinin filologiya, Nizami isə fizika müəllimliyi ixtisasına qəbul olduq. İkimizində bircə arzusu var idi : Universiteti əla qiymətlərlə bitirib, doğma elimizə qayıdıb orada işləyib, ailə həyatı qurub mənalı bir ömür sümək. Lakin bu arzumuz çin olmadı və ürəyimizdə qaldı. Qarabağ torpaqlarında, elimizdə elə dəhşətli hadisələr baş verdi ki, həyatımız zülmətə döndü...

****

1992-ci il idi. Bütün Azərbaycanda iqtisadi-siyasi, sosial gərginlik hökm sürürdü. Qarabağdaki vəziyyət isə daha qarışığıydı. Biz də hər ikimiz təhsilimizə bir müddətlik ara verdik.

Qarın tüğyan etdiyi soyuq qış günlərindən biri idi. Gecələr camaatın gözünə yuxu getmirdi. Gecə olmasına baxmayaraq, dostum Nizami ilə kəndimizin mərkəzində ocaq qalayıb bir neçə kənd uşağı ilə daşların üzərində oturub söhbət edirdik. Artıq bir neçə müddət idi ki, Qarabağın müxtəlif yerlərində bir zamanlar suyumuzu, çörəyimizi bölüşdüyümüz ermənilər bizlərə - azərbaycanlılara, türklərə qarşı cinayətlər törədirdi. Anam tarix müəllimi olduğundan əslində bununla bağlı bizə çox danışmışdı. Onu da deyirdi ki, ermənilərin bu cür mənfur, naqis əməlləri tarix boyu olub.

Hər gün atışma olduğundan kənd camaatı evlərin zirzəmisinə yığışar, silah səsləri səngiyən kimi yenə evə qayıdardılar. O günlərdə demək olar ki, uşaqdan-böyüyə hamı silah səsinə öyrəşmişdi. Nizami ilə həmin baş verən bu hadisələrdən, Qarabağın gərgin vəziyyətindən danışırdıq. Birdən onun atası ƏliAbbas dayı tənginəfəs, qaça-qaça bizə tərəf yaxınlaşdı. Kişinin rəngi qaçmışdı, nəfəsini dərə bilmirdi.

-“ Nə olub, dayı, yaxşısan ? Bir özünə gəl, nəfəsini dər görək.”- dedim .

O, nəfəsini dərməmiş cəld dilləndi :

- “ Oğul, kəndə xəbər salın, düşmən postumuzu yarıb kəndimizə doğru irəliləyir. Bax, o irəlidəki kənddə də camaatı qırıblar, gizlin evlərə soxulub uşaq-qoca, qadın-kişi demədən qətlə yetiriblər və əsir götürüblər.”

Biz bu sözləri eşidən kimi bütün kəndi haraylayıb, hamını kəndin mərkəzinə yığdıq. Hər kəs o qədər təlaşlı idi ki, bəzi qonşularımız ayaqyalın çölə çıxmışdı. Yenə də güclü güllə səsləri eşidilməyə başladı. Birdən nə görsəm yaxşıdır: Nazim və bir neçə nəfər atamı yaralı halda bizə doğru gətirirlər... Atam ayağından yaralanmışdı. Anam və nənəm atamı elə halda görüb çox qorxdular, lakin özlərini zorla sıxıb saxladılar. Atam yaralı halda kəndin bütün kişilərinə bircə söz söylədi:

- “ Qadınları, uşaqları, qocaları meşəyə aparaq, oradan da Ağdama keçirdək ! ”

Amma nə qocalar, nə də qadınlar kəndi tərk etmək istəmədi, düşmənlə canları bahasına savaşmaq və öz doğma ellərini müdafiə etmək istədilər. Bu isə həmin şəraitdə ağıla batmaz idi. Axı silahsız bir kəndin insanları özünü tanklardan, zirehli texnikalardan necə müdafiə edə bilərdi? ( Kəndimizdə bu qətliam törədilməmişdən əvvəlki ərəfələrdə atam bizə deyirdi ki, silahlı qüvvələrimizin vəziyyəti çox ağırdır. Silah və hərbi texnika çatışmazlığı var) Üstəlik kəndin postu da düşmən tərəfindən yarılmış, onlarla əsgər, hərbiçi qətlə yetirilmişdi. Sağ qalan hərbiçilər atam da daxil olmaqla yaralı idi. Kənd camaatının səsi aləmi bürümüşdü. Birdən yenidən gurultulu silah səsləri eşidildi, hamı meşəyə tərəf üz tutdu. Anamgil ƏliAbbas kişinin başçılıq etdiyi bizdən irəlidəki dəstə ilə bərabər gedirdilər. Biz onlardan xeyli geridə irəliləyirdik. Dəstəmizdə hardasa 100-dən çox insan var idi. Hər kəs meşə boyu irəliləyirdi. Lakin getdikcə meşənin dərinliyinə gedirdik. Qarlı hava zülmət gecə hərəkətimizi yavaçladırdı. Qəribə xışıltı və silah tətiklərinin səsi eşidildi. Sən demə, düşmən bizdən öncə meşəyə soxulubmuş. Onlar qəfildən silahsız , dinc əhaliyə hücum etdilər. Zülmət gecədə göydə mərmilər parıldadı. Bütün meşəni uşaqların, qocaların, qadınların qışqırıq, fəryad səsləri bürüdü. Biz mərmilərdən gizlənmək üçün meşənin ən iri çinar ağacının arxasında gizləndik. Bu dəhşətli səsləri duymamaq üçün əllərimizlə qulaqlarımızı tıxadıq və gözlərimizi yumduq. Silah səsləri bir az səngiməyə başladı. Ayağa qalxıb tez özümüzü öndəki dəstəyə çatdırmaq istəyirdik ki, birdən ayağıma nəysə yumşaq bir şey toxundu. Bu yerə sərilmiş bir cəsədin əl hissəsi idi. Çinarın arxasından boylanıb geriyə baxdım. Qarşımda qan gölməçəsində üzən yüzlərlə cəsəd gördüm. Bu qorxunc, göz qaraldan mənzərə qarşısında tutulub qaldım, sanki damarlarımda axan qanım dondu. Bəs atam haradaydı ? Çinar ağacının arxasında üzü üstə uzanmış, əlini ağacın gövdəsinə uzatmış, qana boyanmış başqa bir cəsəd də gördüm. Əslində qanlı gödəkçəsindən və qolundakı iri saatdan onun kim olduğunu təxmin etdim, lakin inanmaq istəmirdim. O, mənim qəhrəman atam idi. Mərmi onun kürək tərəfindən düz ürəyinə dəymişdi. Yerə sərilib onun cansız bədənini qucaqladım, qana boyanmış üzünə sığal çəkib, son dəfə də olsa bütün vücudumla, ruhumla onun qoxusunu içimə çəkdim. Əllərimlə onun qana bulaşmış əllərinə, bədəninə toxundum, gözümdən süzülən yaşlarla üzünün qanını təmizlədim. Son dəfə atamın açıq qalmış gözlərində öz əksimi gördüm. Qış olmağına baxmayaraq, o an bədənimə qəribə bir istilik gəldi. Qəlbim sanki cəhənnəm atəşində yanıb kül oldu. Birdən yenidən silah səsləri eşidildi, Nizami məni cəld yerimdən qaldırdı “ Dostum, getməliyik.”- dedi, amma atamdan ayrılmaq istəmirdim. Mən donmuşdum, heçnə duymurdum, eşitmirdim, sanki hara getdiyini bilməyən bir yolçuya dönmüşdüm. O qədər insanın içindən yalnız biz düşmən silahından canımızı qurtara bildik.

Gəlib anamgilin dəstəsinə yetişdik. ƏliAbbas dayı bizi görəndə sanki üzündə çiçək açdı. Sonra üzünü Nizamiyə tutub dedi: ” Oğullarım, bəs bizimkilər hanı, axı onlar sizi götürmək üçün geri qayıtmışdılar.” Nizami tutuldu, atasına cavab verə bilmədi. ƏliAbbas kişinin bizi görərkən çiçək açan üzü birdən soldu və o nur çöhrəsini sanki kədər buludu örtdü. Anamgilin dəstəsində çox insan öldürülmüşdü. Bəziləri isə soyuqdan meşədə donmuşdu, yollarını azmışdı və onlardan xəbər yox idi. Anam çox tutqun və qəribə görünürdü. Bir əli ilə bacım Təranənin əlindən tutmuşdu, digər əlində isə qanlı bir kəlağayı və gödəkçə sallanırdı. Bu, nənəmin bacım Turanəyə verdiyi əlvan naxışlı, ipək kəlağayı idi. Anam və mən göz-gözə gəldik. Nəmli gözlərimiz bir-birinə baxdı, lakin susqun baxışlar hər şeyi danışdı. Bizim hayqırımağa, fəryad etməyə nə taqətimiz, nə də danışmağa dilimiz qalmışdı. O gün hər bir ev qurban verdi, bəzi evlərin çırağı bir dəfəlik söndü...

***

Mən bütün bunları xatırlayaraq meşənin dərinliyinə doğru irəliləyirdim . Onu görmək üçün çox səbirsizlənirdim. Hərdən elə gəlirdi ki , ağaclar arxamca addımlayır, yaş otlar arxamca sürünür, bir sözlə, bütün təbiət hərəkətlərimi izləyir. Axır ki, meşənin ən gözəl, sehrli, ecazkar yerinə ( Bir vaxtlar bu yerlər ən dəhşətli qətliamlara şahidlik etmişdi. Atamı, bacımı, əmimgili, Nazimi, bir sözlə-doğmalarımı burada itirmişdim.) gəlib çatdım. Başımı qaldırıb budaqlarını ətrafa səpələmiş, yaşıl yarpaqlardan sırğa taxmış, tarixin canlı şahidi – Qoca çinara baxıb dilləndim “Hə, qoca çinar, necəsən? İllər sonra qayıtdım, niyə belə kədərli görünürsən? Axı sənə demişdim ki, biz səni tək-tənha, yalqız qoymayacayıq .” Qoca çinar mənə, mən ona baxdım. Dil-ağızı olmayan, söz-söhbət edə bilməyən çinar, sanki mənimlə danışmağa başladı : “Xoş gəldiniz, Tural, axır ki, geri döndünüz. Mən doğma torpağımdan ayrı düşməmişdim, lakin sizdən - təmiz qəlbli insanlardan, ətrafımda dövrə vurub budaqlarıma dırmaşan uşaqlardan, kölgəmdə mürgüləyən gənc sevgililərdən, köksümdə naxışlı xalı sərib dincələn qocalardan ayrı düşmüşəm. Sizsiz hər gün doğan günəşi özümə zülmət bilmişəm. Sizsiz mən tariximi, mənliyimi, ucalığımı itirmişəm. Mən bəşəriyyətin görmədiyi ən dəhşətli qətliamların, faciələrin canlı şahidi olmuşam. Heç kim məni bu torpaqdan qopara bilməz, çünki köklərim olduqca dərindir. Eləcə də, sizi heç kim bu torpaqdan ayrı sala bilməz, çünki bu yerlər əbədi olaraq sizindir ! ” Az keçdi ona cavab verdim : “Düzdür, qoca çinar, biz geri döndük. Heç ürəyini sıxma həmin uşaqlar da, qocalar da yenə sənin ətrafında dövrə vuracaq, mürgüləyəcək, əylənəcək! Ana təbiəti seyr etməyə gələcək! Gənclər sənin kölgəndə cəh-cəh vuran bülbülərin səsinə səs verib, muğamlar, qəzəllər söyləyəcək ! Bir zaman mərmi və qan qoxusu yayan bu yerlər yenidən gül-çiçək qoxulu rahiyəsini ətrafa yayacaqdır ! Qoynundaki kəndlər yenidən dirçələcək, ellərində yenidən vağzalı sədası eşidiləcəkdir! Yenidən məscidlərdən azan səsi ərşə ucalacaqdır! Bu ellər yenidən şad, firavan yaşayacaqdır . Erməni gülləsinə sinə gərib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız heç vaxt unudulmayacaq ! Mən nə qədər keçmişə görə kədərli olsam da), bir o qədər də buğun və parlaq gələcək üçün xoşbəxtəm. Çünki müqəddəs şəhidlərimizin qanı yerdə qalmadı. Şərəfli tarix yazan qəhrəmanlarımızın hesabına Qarabağımız bir ulduztək yenidən parladı. Bundan sonra da azad olunmuş torpaqlarımızı günəş öz şəfəqi ilə nura boyayacaqdır!


MANŞET XƏBƏRLƏRİ