Heydər Əliyevin siyasi strategiyasında Güney Azərbaycan xətti


İnqilab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında yalnız daxili siyasi sabitliyin deyil, həm də milli ideoloji konsepsiyanın müəllifi kimi mühüm rol oynayıb. Onun siyasi strategiyasında milli birlik, azərbaycançılıq ideologiyası və dünya azərbaycanlılarının həmrəyliyi xüsusi yer tutub. Bu strategiyanın mühüm istiqamətlərindən biri də Güney Azərbaycan xətti olub. Bəllidir ki,Güney Azərbaycan anlayışı tarixi Azərbaycan torpaqlarının bu gün İran dövlətinin tərkibində qalan hissəsini ifadə edir. Təxminən 30 milyondan artıq Azərbaycan türkünün yaşadığı bu bölgə dil, mədəniyyət və milli kimlik baxımından Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi hesab olunur. Heydər Əliyev isə bu məsələyə istər sovetlər, istərsə də müstəqillik dönəmində həm milli-mənəvi məsuliyyət, həm də geosiyasi reallıq prizmasından yanaşıb.

Tarixi və siyasi kontekst
XX əsrin ikinci yarısından başlayaraq Azərbaycan siyasi düşüncəsində Güney Azərbaycan məsələsi yalnız etnik və mədəni bağlılıq mövzusu deyil, həm də regional təhlükəsizlik, milli kimlik və geosiyasi balans məsələsi kimi mühüm yer tutub. Bu kontekstdə Heydər Əliyev tərəfindən formalaşdırılan siyasi xətt xüsusi diqqət çəkir. Onun siyasi strategiyasında Güney Azərbaycan amili emosional ritorikadan daha çox, tarixi məsuliyyət, milli həmrəylik və dövlətçilik realizmi çərçivəsində qiymətləndirilməlidir.
Heydər Əliyevin siyasi baxışlarında Güney Azərbaycan məsələsi bir neçə əsas istiqamətdə diqqət çəkib: milli-mədəni bağlılığın qorunması, İranla münasibətlərdə tarazlı siyasət, dünya azərbaycanlılarının birliyi ideyasının inkişafı və Türk dünyası ilə inteqrasiyanın gücləndirilməsi. Məhz bu reallıqllar fonunda Heydər Əliyev Güney Azərbaycan məsələsini emosional populizm səviyyəsində deyil, uzunmüddətli strateji milli məsələ kimi gündəmdə saxlayıb.

Heydər Əliyevin milli-ideoloji konsepsiyasında Güney Azərbaycan məsələsi
Heydər Əliyevin əsas siyasi tezislərindən biri “azərbaycançılıq” ideologiyası (məfkurəsi) olub. Bu ideologiyanın əsas məqsədi dünya azərbaycanlılarının milli birlik ətrafında birləşdirilməsi idi. Burada Güney Azərbaycanda yaşayan soydaşlarımız xüsusi yer tuturdu. 70-ci illərdə Azərbaycana rəhbər-lik edən ulu öndər Heydər Əliyev Güney Azərbaycanda baş verən siyasi dəyişikliklər fonunda yenilikləri bu tayda xalqımıza çatdırmaq, milli-mənəvi birlik ideya¬sını dirçəltmək, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlar atdı. Həmin dövrdə Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məf¬hum kimi rəsmiləşdirildi. Azərbay¬can Yazıçılar İttifaqında, Dövlət Televiziya və Radio Verilişləri Ko-mitəsində, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında Cənubi Azərbaycan şöbələri təsis edilərək fəaliyyətə başladı. Bununla da Güney Azər¬baycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tə-dqiqi üçün böyük imkanlar açıldı.
Heydər Əliyev dəfələrlə çıxışlarında vurğulayırdı ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli kimliyini, dilini və mənəvi dəyərlərini qorumalıdır. Bu yanaşma faktiki olaraq Güney Azərbaycan türklərinin milli hüquqlarının müdafiəsinə mənəvi-siyasi dəstək kimi qiymətləndirilirdi. O, açıq şəkildə ayrımçılıq çağırışları etmədən, beynəlxalq hüquq normaları çərçivəsində milli-mədəni hüquqların qorunmasını vacib hesab edirdi.

Geosiyasi balans və ehtiyatlı diplomatiya
Heydər Əliyevin siyasi uzaqgörənliyinin əsas xüsusiyyətlərindən biri balanslaşdırılmış xarici siyasət idi. O dövrdə Azərbaycan həm regional təhlükələrlə, həm də Ermənistan-Azərbaycan münaqişəsi ilə üz-üzə idi. Belə mürəkkəb şəraitdə Güney Azərbaycan məsələsinin emosional və radikal formada gündəmə gətirilməsi regionda yeni gərginliklər yarada bilərdi.
Bu səbəbdən Heydər Əliyev:
-İran ilə münasibətləri qorumağa çalışır,eyni zamanda Güney(Cənubi) Azərbaycandakı soydaşların milli-mədəni hüquqlarını diqqətdə saxlayırdı;
-Azərbaycanın regional təcridə düşməsinin qarşısını alırdı;
-Milli məsələlərdə strateji təmkin prinsipinə üstünlük verirdi.
Bu siyasət bir tərəfdən dövlət maraqlarını qoruyur, digər tərəfdən isə milli həmrəylik ideyasını gücləndirməklə yaşadırdı.

Dünya azərbaycanlılarının birliyi konsepsiyası
2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin milli birlik strategiyasının ən mühüm siyasi addımlarından biri kimi tarixə düşdü. Qurultayda Güney Azərbaycandan olan nümayəndələrin iştirakı isə xüsusi diqqət çəkməklə, ideoloji çəkisini ortaya qoydu.
Bu tədbir göstərdi ki:
Azərbaycan dövləti dünya azərbaycanlılarının mənəvi mərkəzinə çevrilir;
Güney (Cənubi) Azərbaycan problemi beynəlxalq ictimaiyyətin diqqətinə çıxarılır;
milli identiklik ideyası siyasi platformaya daşınır.
Heydər Əliyev bu qurultay vasitəsilə dünya azərbaycanlılarının koordinasiyalı fəaliyyət modelini formalaşdırmaq üçün olduqca uzaqgörən addım atdı.Bu həm də gələcək strateji hədəflərin bünövrəsi kimi oxunmalıdır.

Dil və mədəniyyət məsələsi
Güney Azərbaycan faktorunda ən həssas məqamlardan biri ana dili və milli mədəniyyət məsələsi idi. Heydər Əliyev Azərbaycan dilinin qorunmasını milli təhlükəsizlik məsələsi hesab edirdi. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqla yanaşı, dünya azərbaycanlılarının da öz ana dillərini qorumasını vacib sayırdı. Bu siyasət dolayısı ilə Güney Azərbaycanda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarına mənəvi dəstək idi.
Cənubi Azərbaycan faktorunun strateji əhəmiyyəti
Heydər Əliyevin siyasi strategiyasında Güney Azərbaycan faktoru aşağıdakı istiqamətlərdə mühüm rol oynayırdı:

1. Milli birlik amili
Güney Azərbaycan məsələsi dünya azərbaycanlılarının vahid milli ideya ətrafında birləşdirilməsinə xidmət edirdi.

2. Geosiyasi təsir vasitəsi
Bu faktor region dövlətləri ilə münasibətlərdə mühüm strateji element idi.

3. Milli-mənəvi məsuliyyət
Heydər Əliyev Güney Azərbaycandakı soydaşlarımızın taleyinə milli məsuliyyət prizmasından yanaşırdı.

4. İdeoloji dayaqların gücləndirilməsi
Azərbaycançılıq ideologiyasının əsas sütunlarından biri məhz milli həmrəylik və tarixi yaddaş idi.
Beləliklə, Heydər Əliyev Güney Azərbaycan məsələsinə romantik siyasi şüar kimi deyil, dövlətçilik təfəkkürü ilə yanaşırdı. Onun siyasətində əsas məqsəd milli kimliyi qorumaq, dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycanın regional maraqlarını təhlükəyə atmadan strateji milli xətti davam etdirmək idi.
Bu gün də Azərbaycan dövlətinin diaspor siyasətində, azərbaycançılıq ideologiyasında və milli birlik konsepsiyasında Heydər Əliyevin müəyyən etdiyi strateji kurs öz aktuallığını qoruyur. Güney Azərbaycan xətti isə yalnız tarixi məsələ deyil, həm də milli-mənəvi yaddaşın və geosiyasi düşüncənin mühüm elementi olaraq qalır.


MANŞET XƏBƏRLƏRİ