Nizami Məmmədov Tağısoy
professor
Konkret olaraq birbaşa mövzuya keçməzdən əvvəl “konseptosfera” anlayışının özündə nəyi ehtiva etməsinə müxtəsər ekskurs edək. Konseptosfera hər hansı xalqın, qrupun, yaxud hər hansı bir şəxsin şüurunda yer almış məna vahidlərinin, baza ideyalarının bütün konseptlərinin cəmini əks etdirir. Başqa sözlə desək, bu bilik sahəsinin elə “geniş ölçülü” tərəfidir ki, mücərrəd anlayışları, obrazları və assosiasiyaları, hər hansı mürəkkəb bir sistemdə mədəniyyəti, təcrübəni və mentaliteti əhatə edir. Konseptosferanın aparıcı aspektləri olaraq milli konseptosfera, dil konseptosferası, bədii konseptosfera, şəxsiyyət, yaxud qrup konseptosferasını və s. fərqləndirmək olar. Əgər biz milli konseptosferadan bəhs ediriksə, bu zaman hər hansı konkret xalqın, millətin şüurunda yer almış bütün konseptlərin cəmini götürürük ki, o ətraf aləmin mənzərələrini (məsələn, “qəhrəmanlıq”, “məfkurə”, “vətən hissi” kimi Azərbaycan ədəbiyyatında yer almış konseptləri) nəzərdə tuturuq. Dil konseptosferasından söhbət ediriksə, bu zaman dilin semantikasında əksini tapmış konseptlər sistemini göz önünə gətiririk. Yox, əgər bədii konseptosfera məsələsini ortaya çəkiriksə, bu zaman hər hansı konkret müəllifin, yaxud onun əsərinin (əsərlərinin) unikal konseptlər sisteminin müəyyən xüsusiyyətlərini fikirləşirik. Məsələn, Səməd Vurğunun və b. konseptosferası. Bəs belə olduğu halda şəxsiyyətin, yaxud qrupların konseptosferası dedikdə nəyi nəzərə almalıyıq?! Əlbəttə, bu zaman biz fərdin, yaxud fərdlərin peşəkarlığı (məsələn, müasir gənclərin, yaxud həkimlərin konseptosferası) üzərində düşünürük. Milli konseptosferada onun ontoloji aspektləri (fundamental prinsipləri) nəzərdə tutulursa, dil konseptosferasında konseptosferanın qnoseoloji (dünyanı dərk) aspekti ortaya gəlir. Bədii konseptosferada isə hər hansı sənətkarın, bədii cərəyanın estetik aspekti ortada dayanır, şəxsin konseptosferasında isə biz şəxsiyyətin linqvososiopsixoloji aspektləri üzərində düşünürük. Bundan başqa, konseptosfera çərçivələrində superkonsept, makrokonsept, baza konsepti və makrokonseptləri də fərqləndirmək mümkündür. Superkonsept, makrokonseptlər, baza konseptləri daha tutumlu mental törəmələr olub, nəinki özündə sözün reprezentasiya edilən mənalarını əks etdirir, həm də söz yaradıcılığı yuvasının invariantını və eyni adlı semantik sahəni çevrələyir.
Konspotosfera terminini ilk dəfə elmə akademik D.S.Lixaçov gətirmişdir. Onun fikrincə konseptosfera millətin konseptlərinin cəmi olub, dil daşıyıcılarının bütün potensiyasının və konseptlər kompleksinin köməyi ilə yaranır. Həm konsept, həm də konseptosfera mental mahiyyətin müşahidə edilməyən tərəfidir. D.S.Lixaçov daha sonra fikirlərini inkişaf etdirərək adını çəkdiyimiz “Rus dilinin konseptosferası” məqaləsində yazır: “Konsept lüğətdə yer almış sözün mənasından yaranmır, bu məna insanın etnik məfkurəsi ilə şəxsi biliklərinin birləşdirilməsi nəticəsində əmələ gəlir.” Bəs bu qeyd etdiklərimiz O.Süleymenov poeziyasında necə işləyir, özünü necə nümayiş etdirir?! Onun yaradıcılığında konseptosfera əsasən ekoloji və ekzistensial dəhşətlərin təsviri kontekstində (təbiətin məhvində) “İnsan-Təbiət-Kosmos” üçbucağının bir-birinə qarşı qoyulmasında iştirak edir. Məsələ burasındadır ki, O.Süleymenov sanki doğulandan özünün fərdi yaradıcılıq üslubu və ətraf aləmin mənzərələrinin milli rənglərinin dərki və qavrayışı ilə doğulmuşdur ki, burada hər şeyin kosmosdan ortaya çıxması xüsusi məna kəsb etməklə qazax şairinə qədim dil yaradıcıları tərəfindən araya-ərsəyə gətirdiyi mənaların dərki qismət olmuşdur. Qeyri-ordinar düşüncə daşıyıcısı olduğuna görə onun yaradıcılıq axtarışları qazax xalqının baza konseptlərinin etnomədəni konnotasiya səviyyəsində açılma tələbini ortaya qoyurdu. Buna görə də hər yeni yaradılan, doğulan sözün mənası şairin şüurundan əvvəlki steriotipləri sıxışdırıb çıxarırdı. Süleymenovun poeziyası dünyanın çoxtərəfli mənzərəsini yaradarkən burada “qorxu” mistik həyacan deyil, fiziki və mədəni baxımdan məhvolma mənasını özündə əks etdirir. Bu xüsusiyyəti biz Oljasın həm “Az i Ya”, həm də “Gil kitab”ında daha aydın görürük. Şairin adlarını çəkdiyimiz əsərlərində konseptosfera tarixi və ekzistensial şok istiqamətinə yönəlir. Bu əsərlərdə və digər nümunələrdə onun yaradıcılığında həyəcan və dəhşət atmosferini formalaşdıran başlıca konseptlərə “Yoxluq” və “Yaddançıxarma” konseptləri (məsələn, burada Süleymenov üçün əsil dəhşət kimi insanın öz etnik köklərini və tarixini “unutma”) aid edilə bilər. Nümunə olaraq Oljasın yaratdığı “Qum” obrazında şəhərləri və adları yuyub aparan zaman simvolunu görə bilirik. Yaxud, “Gil kitab”da müəllifin dəhşətlər yaratdığı silınməz yazılar və ya itib yox olmuş sivilizasiyalar şəklində maddiləşir. “Gil kitab”da təqdim olunmuş misralardan nümunələrə baxaq:
Концлагерь – это не только
Труба
и дуб зеленого дыма – в небо.
Это – голaя площадь,
это – трава,
которой на площади
нету.
Выискан, съеден каждый вершок –
корешок
Редкие (через проволоку) листки залетали
из леса кленового осенью.
Их съедали.
Узникам снились, от голода желтым, –
клевер, люцерна, ромашки и желуди.
Тысячи снов клубились над трупами,
сплачиваясь в лохматый стог,
в котором –
полынь и дикий чеснок,
сочный лопух и ревень высокий,
мясистый кактус, типчак и осока.
Этот гербарий был гербом голода
«Три года после нас не росла трава», –
в Освенциме и в Майданеке я слышал
эти слова.
Həmin parça tərcüməmizdə aşağıdakı kimi səslənir:
Konslager heç də yalnız
Boru deyil.
nə də yaşıl palıd tüstüsü göyə qalxmır.
Bu – çılpaq meydan
bu – otdur ki,
o meydanda yoxdur.
Onun hər düymü axtarılıb, yeyilib
onurğası.
Nadir (məftildən olan) qatları pərçim edilib
iynəyarpaq meşənin payızı
onları yeyib.
Dustaqlar sarı aclığı yuxuda görüb
yonca, çobanyastığı və palıd gözucu dövrə vurub.
Minlərlə yuxular meyitlər üzərində
pırpız taya altında bir-birinə sığınıb,
otun içindəsə yovşan və yabanı sarmaşıq,
şirəli dulavratotu və hündür ravənd.
ətli kaktus, tipçaq və qumotu.
Bu herbari aclıq herbarisiydi.
“Bizdən sonra üç il ot bitmədi” –
Osvensim və Maydanekdə mən eşitdim
bu sözləri. (Tərcümə bizimdir)
Tanınmış qazax publisisti və yazıçısı, Oljas Süleymenovun yaxın dostu Anuar Əlimcanovun müqəddiməsi ilə nəşr olunmuş bu məcmuədə “Запомнить композиции: Девушка. Трава – Художник. 1. Девочка в желтом сари, 2. Девушка на зеленой траве” bölməsindəki “Не убий! Не убий. Не убий…” kimi başlıqlar yer almışdır. Burada ən balaca çətinlik ordadır ki, Oljas Süleymenov yaradıcılığının leksikasını, söz yaradıcılığını, semantik çevrəsini, frazeologiyasını və üslubiyyatını dərindən mənimsəməmiş insanların onun yazılarının mahiyyətini adekvat baş düşmələri də çətindir. Baxın, burada müəllif dəhşət, qorxu və təlatüm yaradan nə qədər çeşidli ifadələr “konslager”, “çılpaq meydan”, “dustaq”, “yuxuda sarı aclıq” görmə, “minlərlə yuxuların meyitlər üzərində dövrə vurması”, “pırpızlı ot tayaları”nın bir-birinə (əlbəttə, “qorxudan sığınması”), “aclıq herbarisi gerb”, “bizdən sonra üç il ot bitməyən yer”, “Ovsensim və Maydanek”in havasını dilə gətirməkdə və göz önündə yaratmaqdadır. Axı Osvensim və Maydanek adi yer adı yox, həm də Auşvitz, Birkenay alman konsentrasiya və ölüm düşərgələrinin adlarını daşımaqdadır. Osvensim 1940-cı illərdə Polşanın Krakov şəhərindən 60 km qərbə tərəf Hitler tərəfindən Üçüncü reyx ərzilərinə birləşdirilmişdi. Maydanek də nasist Almaniyasının Polşanın Lüblin şəhəri ətrafında yerləşdirdiyi ölüm düşərgəsi idi. Süleymenov faşist düşərgələrinin insanların yaddaşında nəyə görə dəhşət yaşatdıqlarını həmin hadisələrdən necə illər keçdikdən sonra qorxunc və dəhşət doğuracaq yerlərə insan və insanlıq naminə ekskurslar edir, dövrün zəngin koloritini verir.
Bütün bunlar Oljas Süleymenovun son dərəcə hazırlıqlı təfəkkür daşıyıcısı olduğunu sübut etməkdədir. Burada onu da bildirməyə ehtiyac vardır ki, “Gil kitab” janrına görə qeyri-adi bədii-poetik fars, komediya nümunəsi kimi təsir də bağışlaya bilər. Əsəri oxuduqca insanın ruhu gümrahlaşır. Keçmiş, qədim dövrlərin hadisələri əsərin başlıca süjet xəttini təşkil etsə də, kompozisiyada özünü biruzə verən dağınıqlıq, göstərən fraqmentar kəsimlər onun əsas hissəsinin məzmununun dərkində çat yaratmır. Əsər hər paraqrafdan paraqrafa, bölmədən bölməyə, fəsildən fəslə daha möhtəşəm xarakter alır. Tədqiqatçıların fikrincə Süleymenov bir neçə sözdə sonsuz mizansəsləşmələr, informativ bilgilər vermək imkanına malikdir. Odur ki, “Gil kitab” nəinki sadəcə olaraq ədəbiyyat, həm də mədəniyyət hadisəsi olaraq ortadadır Bizə belə gəlir ki, bu əsər hələ də indiyə qədər zəruri şəkildə öz fərqli təfəkkürə söykənən tənqidçilərini və ədəbiyyatşünaslarını gözləməkdədir.
Beləliklə, “Gil kitab”ı biz konseptosfera kontekstində nəzərdən keçirdikdə görürük ki, onun məzmun və konsepsiyasında yaddaş və sakral bilik konsepti olaraq dayanmaqdadır. Bu kitab bütün mədəni sferaları – yazını, dini və məişəti əks etdirməklə XXVII əsr üstündən keçməsinə baxmayaraq, dövrümüzə gəlib çatmışdır. “Gil kitab” burada adi əşya, predmet kimi dəyərləndirilmir, o həm də günümüzün nitqindən fərqli olaraq biliklərin qoruyucu kitabının təcəssümü kimi qəbul edilir. Əsərin linqvomədəni kodunda təqvim və allahların adı, etrusk mədəniyyəti konseptləri – zaman allahını və ritualları əks etdirir. Bu əsərin digər bir fərqli cəhəti onun etrusk sivilizasiyası simvolu, açilmamış sirlər və qədimlik konseptinə malik olmasıdır. Beləliklə, “Gil kitab”ın konseptosferasında açar kimi etrusk identikliyi və mənəviyyatının markerləri dayanır ki, onlar ilahi və təbii təfəkkürdə daşlaşmışdır.
Oljas Süleymenovun konseptosferasını təhlillərə cəlb etdikcə görürük ki, konsept mücərrəd vahid olmaqla insanın təfəkkür prosesində etdiyi əməliyyatları əks etdirir. Yəni o, ətraf aləmi dərk etdikcə müxtəlif səviyyəli konseptlərin köməyi ilə danışır, düşüncəsini ifadə edir. Bu tipli nitq vahidləri birbaşa onun əldə etdiyi təcrübə ilə bağlı olur. Başqa sözlə desək, konsept insanın fikir dünyasının universal vahidi olub, onun çoxsəviyyəli biliklərinin gerçəkliklə bağlı fraqmentlərinin cəmi olaraq ortada dayanır.
Oljas Süleymenovun “Gil kitab”, “Arqamaklar”, “Kaktus”, “Türkslavistika”, “Kız kuu” və digər bu kimi poetik-fəlsəfi nümunələrində şairin bədii dünya duyumunun çeşidli mənzərəəlrini görmək mümkündür.