Şəhər, dövlət və gələcək


Əkbər QOŞALI

Türk siyasi-mədəni düşüncəsində şəhər bəzən “uluş” deyilərək – ulusun ruhunu, “baylıq” bilinərək – təşkilatlanma iradəsini, “balık” deyilərək qala-şəhəri (istehkamlı yaşayış məntəqəsini) ifadə edib.
Əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə sınırlı yaşayış məntəqəsi olan şəhərin sakinləri əsasən kənd təsərrüfatından qıraq çalışmalarda bulunur. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan fərqli ola bilər.
Belə yaşayış məntəqələri özünüidarə, təchizat və daşımalar strukturuna, üstün təsirli infrastruktura malikdir.
Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə dəyişikdir – Bəzi ölkələrdə urban yaşayış məntəqəsi üçün minimal əhali həddi çox aşağıdır; örnək versək, Danimarkada bu göstəricinin 250 nəfər civarında olduğu deyilir.
Yaponiyada şəhər (“shi”) statusu üçün ümumi minimum hədd 50 min nəfərdir.
Bizdə isə şəhər statusu əsasən 15 min nəfərdən artıq əhaliyə, urban məşğulluq strukturuna və inzibati-mədəni mərkəz funksiyasına görə müəyyən edilir.

Şəhərlər – akademik baxımdan – mədəniyyətlərin yaxınlaşmasının ideal halı sayılır. Burada adambaşına düşən ərazi çox az olur. Şəhərdə, bir qayda olaraq, özünəxas mədəniyyət və sosial təbəqələşmə görülür; əlbəttə, şəhər yaşamı öz ovqatı, ritmi, ahəngi… ruhu ilə də seçilir. Bu özəlliklər onları kəndlərdən və ya insanların özəl məqsədlər üçün toplandığı yaşayış məntəqələrindən ciddi surətdə fərqləndirir.
Şəhərlər İçərişəhər, Bayırşəhər, Beşbalık, Ordubalık, Əskişəhir, Yenişəhir, Böyükşəhir, meqapolis və hətta şəhər-dövlət… ola bilir…
Şəhərlər heç də həmişə daşdan, betondan, ağac və şüşədən qurulmur; şəhərlər bəzən ideya olur, ideologiya olur, hətta, Qızılalma olur!..
Dövlət ağlının memarlığa çevrilmiş forması kimi tarix səhnəsinə çıxan şəhərlər də var.
Elə məqamlar olur, urbanizasiya artıq təkcə tikinti məsələsi olmaqdan çıxır – milli iradənin, strateji baxışın, mədəniyyətin və geopolitik düşüncənin ifadəsinə çevrilir.
Bu gün Azərbaycan məhz belə bir mərhələdədir – şəhərlərimiz artıq yaşayış məkanı olmaqla yanaşı, ulus ruhunun və dövlət baxışının (düşüncəsinin) daşıyıcısına çevrilməkdədir. – Şəhərlərimizə bütün gözəllikləri yaraşdırırıq.

Bakının BMT-nin nüfuzlu platformlarından biri olan Dünya Şəhərsalma Forumuna – WUF13-ə ev sahibliyi etməsinin təsadüfi hadisə olmadığı bəllidir. Biz bunu, yalnız beynəlxalq tədbir keçirmək uğuru saymırıq; bu, Azərbaycanın son illərdə formalaşdırdığı yeni şəhərsalma fəlsəfəsinin, kulturoloji əsaslarının qlobal miqyasda qəbul edilməsinin önəmli göstəricisidir.

Çünki artıq dünya Qarabağa, Zəngəzurun gündoğarına keçmiş işğalın, bitmiş savaşın coğrafiyası kimi baxmır. Dünya oralara gələcəyin şəhər modeli kimi baxmaqda haqlıdır.

Bəli, şəhərsalma artıq geopolitikadır.
Doğrudan da, XXI yüzildə şəhərlər dövlətlərin görünən siyasi portretidir.
Necə ki, qədim imperiyalar yollarla, körpülərlə, karvansaralarla tanınırdı, çağdaş dövlətlər də şəhər mədəniyyəti ilə yadda qalır.

Yadımıza salaq: "mədəniyyət" sözü ərəb qaynaqlı olub, "şəhər", "şəhərsalma" anlamına gələn "mədinə" (mədəni) sözündən yaranmışdır. Bu anlayış, antik dönəmdə şəhər yaşam tərzinə, savadlılığa, ictimai və əxlaqi dəyərlərə yiyə durmağı ifadə edən bir anlam daşıyırdı. Sözün bəzi Avropa dillərindəki qarşılığı olan "kultura" (culture) isə latınca "cultura" sözündən törəmişdir; bu ifadənin əski kökü "əkmək, becərmək" olub, ilk vaxtlarda torpaqbilimi və bitkiçilik (əkinçilik) anlamlarını ifadə etmişdir. Daha sonralar bu anlayış genişlənərək "insanın doğası, özünü və toplumu mənəvi cəhətdən becərməsi/inkişaf etdirməsi" anlamını qazanmışdır.
Hər iki etimoloji kök sonuc etibarilə insanın ibtidai və təbii durumdan çıxaraq nizamlı, yüksək mənəvi dəyərlərə malik ictimai yaşama – şəhər mədəniyyətinə keçidini ifadə edir.

Budur, Azərbaycanın son illərdə həyata keçirdiyi quruculuq prosesi isə adi bərpa proqramı olmaqdan çıxıb. Azadlıqdan abadlığa, işğal mədəniyyətsizliyindən qurtuluşa, vandallıqdan quruculuq mədəniyyətinə sürətli keçidin müəllifi Azərbaycan dövlətidir. Üstəlik, bu sürətli, böyük işlər minatəmizləmə ilə paralel gedir…

Bəli, burada yeni urbanizm anlayışı formalaşır:
– “ağıllı şəhər”;
– “ağıllı kənd”;
– yaşıl enerji zonaları;
– rəqəmsal idarəetmə;
– ekoloji memarlıq;
– mədəni yaddaşın qorunması;
– milli kimliklə çağdaşlığın sintezi.
Havadarlarına güvənən işğalçı Ermənistanın urbisid, kultursid və ekosid siyasəti fonunda bu modelin əsas fərqi ondadır ki, həmin model, insanın yaşam fəlsəfəsini də yenidən qurmağa çalışır.
İşğaldan azad edilmiş torpaqlarda qurulan şəhərlər savaş sonrası sivilizasiyasının laboratoriyasıdır.
Qarabağ, Zəngəzurun gündoğarı – dağıntıdan inkişaf fəlsəfəsinə, kulturoloji əsasa parlaq keçidi nümayiş etdirir.
Tarixdə çox ölkə dağıdılmış şəhərlərini yenidən qurub; ancaq hər ulus xarabalıqdan konsepsiya yarada bilməyib.
Bax, bizim fərqimiz də buradadır!
Prezident İlham Əliyevin irəli sürdüyü bərpa strategiyası fiziki quruculuq proqramı olmaqla eynigücdə, yeni inkişaf düşüncəsidir. Qarabağda, Zəngəzurun gündoğarında aparılan genişmiqyaslı layihələr – çox haqlı olaraq – artıq beynəlxalq urbanistika çevrələrinin diqqət mərkəzindədir.
Çünki burada:
– enerji təhlükəsizliyi ilə ekoloji yanaşma birləşdirilir;
– milli memarlıq elementləri çağdaş urban dizaynla uzlaşdırılır;
– daşımalar, kommunikasiya və rəqəmsal sistemlər paralel şəkildə qurulur;
– şəhər anlayışı “yaşamaq”dan “inkişaf etdirmək” mərhələsinə keçir.

Əslində, Qarabağda formalaşan model “savaş sonrası urbanizmi”nin yeni örnəyidir.

Bakı özü – Gündoğarla Günbatarın urban dialoqu meydanı deyilmi?..
Bakı – Xəzər qıyısında yerləşən yeganə paytaxt şəhəri olmaqla birgə, qlobal urban düşüncənin platformuna çevrilir.
“Üç Alov Qülləsi” (“Flame Towers”) ilə İçərişəhərin eyni panoramda görünməsi təsadüfi estetik detal sayılmamalıdır. Bu, Azərbaycanın inkişaf modelinin simvoludur – köklə gələcəyin birlikdə yaşamasıdır bu... – Bir növ, üçrəngli bayrağımızın ruhunun memarlıqda təcəssümüdür… – Sanki üçrəngli bayrağımızın ruhu şəhərin siluetinə hopub…

Azərbaycan artıq gündəm bəlirləyən ölkələr sırasında görünməkdədir. – WUF13 kimi forumların Bakıda keçirilməsi bunu göstərir.
Burada maraqlı məqam odur ki, Azərbaycan urbanizasiya məsələsinə yalnız texniki problem kimi yanaşmır. Azərbaycan bunu mədəni təhlükəsizlik, milli identiklik, sosial harmoniya, demoqrafik dayanıqlılıq, dövlət suverenliyi məsələsi kimi qəbul edir.
Bax, bu isə şəhərsalmanı memarlıqdan irəli – milli strategiya səviyyəsinə yüksəldir.

Beləliklə, yeni dünya üçün yeni şəhər modeli ortaya çıxır.
Bəli, qlobal dünya hazırda ciddi urban böhran yaşayır.
İqlim dəyişiklikləri, miqrasiya, sosial parçalanma, ekoloji risklər və enerji problemləri klassik şəhər modelini sarsıdır.
Belə bir zamanda Azərbaycan alternativ yanaşma təqdim etməyə çalışır.
Buradakı əsas xəttə diqqət edək. –
Şəhər yalnız iqtisadi mərkəz olmamalıdır; şəhər həm də mənəvi və mədəni ekosistem olmalıdır.

Qarabağda salınan yeni yaşayış məntəqələrində məktəb, park, mədəniyyət ocağı, rəqəmsal xidmət, yaşıl enerji və sosial infrastrukturun paralel qurulması məhz bu düşüncənin nəticəsidir.
Başqa sözlə, biz indi yalnız şəhər salmırıq – onu konseptləşdiririk.

WUF13 forumu Azərbaycanın dünyaya təqdim etdiyi yeni urban manifest üçün önəmli tribunadır.
Bu tribunalardan verilən əsas ismarıc nədir? – Budur, hətta savaşdan çıxmış bir ölkə belə, dağıntını inkişaf fəlsəfəsinə çevirə bilər. Bunun əksi nifrət olmalıydı – o isə quruculuq yox, elə dağıntı vəd edəcəkdi…
Bax, bu, savaşdan çıxmış bütün ölkələr üçün önəmli örnəkdir.
Çünki çağımızda şəhərsalma artıq sadəcə küçə çəkmək, körpü tikmək, tunel vurmaq və digər kommunikasiyalarla olmur… – Şəhərsalma insanın gələcəklə münasibətini qurmaqdır…
Qalib Azərbaycan bu gün həmin münasibətin yeni modelini formalaşdırmağa çalışır.

Uzun sözün qısası, hər şəhərin görünməyən ruhu olur; bəzən o ruh minarələrdə yaşayır, bəzən daş küçələrdə, bəzən isə insanların gələcəyə güvənində…
Bu gün üstünə Gün doğmuş Qarabağda, Zəngəzurun gündoğarında yüksələn şəhərlər Zəfərin memarlığa çevrilmiş formasıdır.

Azərbaycan artıq dünyanın urban xəritəsində coğrafiyadan üstün – ideya olaraq görünür. – WUF13-ün Bakı üçün ən böyük anlamı bu olsa gərək...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ