AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
XIV yazı
Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.
Milli ideoloq, filosof-mütəfəkkir, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin tarix qarşısında ən faydalı xidmətlərindən biri də Azərbaycanın dövlətçilik məsələsini irəli sürməsidir. Onun baxışlarında demokratik respublika ideyası birdən-birə meydana gəlməmişdir. Özünün dediyi kimi, “misli” Avropda olmayan” Azərbaycan Cümhuriyyəti, demokratik əsaslara söykənən sosial sistemli bir dövlət idi. Yeni milli dövlət xalqı bu acınacaqlı vəziyyətdən qurtarmalı, xalqın öz dövləti olmalı idi. Rəsulzadə deyirdi ki, Rus kommunizminin yıxıcı və yaxıcı tətbiqatı yanında Türk demokratizminin yapıcı və yaradıcı icratı vardır. Yıxıcılıq keçər, yapıcılıq qalar. Müstəqil Azərbaycan Cümhuriyyəti məhz belə bir “yapıcı” dövlət sistemi olmalı idi.
Ümumiyyətlə, milli həmrəylik təlimini, solidarizm sistemini ortaya qoymaqla Rəsulzadə mili sosial dövlət anlayışı baxımından mükəmməl bir nəticəyə gəlmişdir. Bu, Rəsulzadənin mühacirət dövründə düşüncələrində yaratdığı milli sosial dövlətçiliyin ən yeni və son forması idi. Buna milli həmrəylik (milli təsanüdçülük) adı verən Rəsulzadə hesab edirdi ki, belə bir dövlətdə həm milli-dini dəyərləri, həm də sosial-demokrat, çağdaşlıq prinsiplərini tətbiq etmək olar. O, artıq sırf solçuluqla yanaşı, radikal millətçiliyi də qəbul etmirdi. Özünün də qeyd etdiyi kimi, o, millətçiliyi nasionalizm yox, mütərəqqilik, patriotluq mənasında kəsb edilməsini önəmli sayırdı.
Rəsulzadənin millətçilik məsələsinə daha təmkinlə yaxınlaşması təbii idi. O, hər zaman mütərəqqi millətçiliyin tərəfdarı kimi çıxış etmişdir. Xüsusilə də, onun müdafiə etdiyi mütərəqqi milliyyətçilik Azərbaycan türklüyünü yenidən ayağa qaldırmaq, azərbaycançılığı ortaya qoymaq üçün lazım idi. Çünki həmin dövrdə Azərbaycan türklərinin çox qismi öz milli kimliyini və mənliyini yaxşı tanmıır, müsəlmançılıq, rusiyaçılıq, irançılıq adı altında assimilyasiyaya uğrayırdı. Milli kimliyini, milli mənini bilmədiyi üçün də milli haqlarını müdafiə edə bilmir və müstəmləkə vəziyyətindən qurtula bilmirdi. Belə bir məqamda millətin öz milli kimliyini, milli varlığını ortaya qoyması üçün mütərəqqi milliyyətçiliyə, vətənpərvərliyə ehtiyac yaranırdı.
Digər tərəfdən, ilk dönəmlərdə sosial-demokrat, liberal-demokrat ideyalarının tərəfdarı kimi çıxış edən Rəsulzadə sonralar anlayacaqdı ki, mücərrəd sinfi mübarizə ilə də nəyisə əldə etmək mümkün deyil. Əgər sinfi mübarizə olacaqsa, bundan öncə bir millət olaraq türklər özlərini tanımalıdır. Millət olaraq özünü tanıyıb sinfi mübarizə aparan xalqla, milli kimliyindən xəbərsiz sinfi mübarizə aparaq xalq arasında böyük fərq var. Birinci halda öz milli kimliyini tanımayan millətin uğursuzluğa uğrayacağı bəllidir. Ona görə ki, onun haqlarını “proletar sinfi” adı altında başqa millətlər mənimsəyəcəklər. Necə ki, Sovetlər imperiyasında “sovet milləti” adı altında qeyri-rus millətlərin əksəriyyəti məhz belə bir bəlaya düçar olmuşdular.
Bu baxımdan Rəsulzadənin “sosial məsələ-islam, türkçülük-islam” və sonda “türkçülük-sosial məsələ-islam” düsturunu başa düşmək çətin deyil: “Əski nəslə mənsub milli mühacirətin şüurlu qismi tərəfindən təmsil olunan siyasi proqramın milli həmrəylik, ictimai ədalət və siyasi istiqlaldan bəhs edən üç əsası yeni nəslin ictimai və siyasi şüurunu müəyyən edir. Yeni mühacirətin siyasi düşüncəli qismi siyasi etiqadımızın yuxarıdakı “üçlü” ümdəsini böyük bir sevinc və vicdan rahatlığı ilə xəbər alırdı. Onlar qırmızıların siyasətinin milli mühacirətin ictimai irtica ilə siyasi təhqir nümunəsi kimi tanıtdığını, yalan və böhtanlardan ibarət olduğunu görürdülər. Milli Azərbaycan Respublikasının yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür. Əski və yeni mühacirətin ilham qaynağı, 1918-ci ildə elan olunan istiqlal bəyannaməsindəki demokratik əsaslardır. Əldə edilmiş milli istiqlalı yenidən qazanmaq əvvəlki kimi yeni nəslin də idealıdır: lakin bir şərtlə: yenidən qurulacaq Azərbaycanda əski ictimai uyğunsuzluğa, siyasi haqsızlıqlara meydan verilməyəcək, sosial həmrəylik və ədalətin təmininə xüsusi əhəmiyyət veriləcəkdir”.[1]
Gənclik dövründən yaşıdlarından fərqlənən Rəsulzadənin hansısa siyasi təşkilatlarda fəaliyyət göstərməsindən asılı olmayaraq, əsas məqsədi Quzey Azərbaycanı azad və milli-demokratik bir ölkə kimi görmək olub. Xüsusilə də, türkçülük, islamçılıq və çağdaşlığa əsaslanan azərbaycançılığın yaranmasında Rəsulzadə mühüm rol oynamışdır. Azərbaycan Türk dövlətçiliyinin bərpa olunmasında və milli istiqlalın qorunub saxlanılmasında müstəsna əməyi olan Rəsulzadə son dövr Azərbaycan Türk tarixinin yetişdirdiyi dəyərli milli mütəfəkkirlərdən biri olmuşdur. M.B.Məhəmmədzadə yazır: “Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşürük. Sözsüz ki, bu sədaqət, bu sevgisi ilə o, Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır. Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın, səbr və fədakarlığın, əzm və qüdrətin timsalı idi. 20 yaşında “İnsanlara hürriyyət, millətlərə istiqlal!” arzusu ilə siyasi həyata atılmış Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” fikri ilə də 72 yaşında həyatla vidalaşdı. Lakin ömrünün sonuna qədər bu inam onu tərk etmədi”.[2]
Öncə İslam dinini sosial-demokratizmlə uzlaşdırmağa çalışan, sonralar bunu milli ideya çərçivəsində inkişaf etdirən Rəsulzadə, bütün hallarda dini siyasətdən kənarda hesab etmişdir. İslama münasibətdə həmişə dəyişməz və sabit mövqe nümayiş etdirən Rəsulzadənin dində intibahın tərəfdarı kimi çıxış etməsi də təbiidir. Çünki dində durğunluq olanda, cəhalətin təsiri altında qalanda, millətin xeyrinə deyil, zərərinə işləyir. Bu gün Azərbaycan Respublikasının mühüm atibutlarından biri bayrağımızda çağdaş ruhlu islamçılıq öz əksini tapması da Məhəmməd Əmin ideyalarının praktiki nəticəsidir.
Bizcə, Hüseynzadə, Ağaoğlu və Topçubaşının müasirləşmək-qərbləşmək-avropalaşmaqla bağlı bir-birinə yaxın və ziddiyyətli mülahizələrini də Rəsulzadə bir ideoloq kimi ümumiləşdirə bilmişdir. Belə ki, türkləşmək, islamlaşmaq və müasirləşmək kimi “üçlü” düstura Azərbaycan türkçülüyünə əlavə edən Rəsulzadə, bununla da bir tərəfdən azərbaycançılığın əsasını qoymuş, digər tərəfdən milli demokratiyanın təşəkkülündə əvəsiz rol oynamışdır. O, yeni dövrdə Azərbaycan Türk aydınları arasında ilk dəfə, ümmətçilikdən millətçiliyə üz tutaraq milli ideyanın təməl prinsiplərini işləyib hazırlamışdır. Çünki 1915-ci ildən işıq üzü görən “Açıq söz” qəzetində ilk dəfə olaraq “müsəlman”, “tatar” əvəzinə “türk” sözünü işlədən, “Biz türkük!” deyən Rəsulzadə olmuşdur.
Milli ideoloq azərbaycançılığı da çox dəqiq ifadə etmişdir. “Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssəsi (qurucusu) olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük Türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başlanmış şanlı bir mücadilədir. Azərbaycançılıq eyni zamanda, bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır”.[3]Rəsulzadə Azərbaycan milli-demokratiyasının əhəmiyyətini, digər cərəyanlardan, xüsusilə “sosialistlər”dən fərqini də doğru izah etmişdi: ““Sosialistlər”lə bizim fərqimiz bundadır ki, onlar beynəlmiləlçidirlər, biz isə demokratik millətçi. Millətçi demokratlığın nə qədər camaata faydalı, zamanın tələbinə müvafiq olduğunu Qafqaz təcrübəsilə göstərərək, isbat edərək göstərə bilərəm ki, məsələn, gürcü sosial-demokratiyası camaata nicat vermək üçün nasional-demokratlıq üsulundan başqa bir çarə tapmadı”.[4]
O, Azərbaycan Milli ideyası ilə yanaşı, Bütöv Azərbaycan ideyasının da müəllifi olmuşdur. Başqa sözlə, Rəsulzadə bir tərəfdən, azərbaycançılığın türkçülüklə, islamçılıqla, qafqazçılıqla bağlılığını daima qoryub salxamış, digər tərəfdən Bütöv Azərbaycan ideyasını bizlərə miras buraxmışdır.
Milli həmrəylik təliminə isə son dərəcədə inanması bir daha göstərir ki, o milli ideoloq kimi Azərbaycan Cümhuriyyətinin yalnız siyasi-hüquqi deyil, sosial-fəlsəfi və ideoloji anlamda da memarıdır. O, elə bir memardır ki, Rəsulzadə ideyaları əldə əsas tutularsa, milli dövlətimiz həm bütövləşmək, həm də əbədi yaşamaq gücünə qadirdir.