“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması” layihəsinin icra planına uyğun olaraq növbəti tədbirini Qobustan rayonunda keçirdi.
QHT.az xəbər verir ki, tədbirdə media qurumlarının, sosial şəbəkə fəalları, dövlət strukturlarının və özəl sektorun nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan “Ailə Dünyası” İctimai Birliyinin sədri Gülayə Səfərova bildirdi ki, biz təşkilat olaraq uzun illərdir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə insan alverinin qarşısının alınması ilə balı əksər bölgələrimizdə maarifləndirici tədbirlər, əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğular həyata keçirib, tədqiqatlar aparmışıq, zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyasını həyata keçirmişik. Bu dəfəki layihəmizdə isə insanların sosial şəbəkə üzərindən maarifləndirilməsinə qərar verdik.
Buna da tutarlı səbəblərimiz var. Çünki dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal platformalar üzərindən insan alverinə, fahişəliyə cəlb etməyə, istismara və digər qanunsuz fəaliyyətlərə rast gəlinir, artıq İnsan alverçilərinin çoxu sosial şəbəkələrə inteqrasiya olunub reklam dili ilə danışır, “yüksək maaşlı iş” təklifləri ilə qurbanlarına tələ qururlar.
Nəzərə alsaq ki, qlobal informasiya məkanının ayrılmaz parçası olan Azərbaycanda da kommunikasiya vasitələri, o cümlədən, internet, sosial şəbəkələr insanların gündəlik tələbatına çevrilmişdir və ölkə əhalisinin 90%-dən çoxu internet istifadəçisi, onların da 82%-i sosial şəbəkə istifadəçisidir və İstifadəçilərin də çoxu gənc nəslin nümayəndələridir. Bu baxımdan insan alverinin qarşısının alınması və əhalinin həssas təbəqələrinin insan alveri problemi ilə bağlı sosial şəbəkə üzərindən məlumatlandırılması, onların maarifləndirilməsi daha məqsədə uyğundur.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyəti Başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi Kəmalə Salamova, Qobustan RPŞ-ni əməkdaşı Nicat Əliverdiyev, sosial şəbəkə fəalı Mirzə Mirzəliyev, Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Sevil Əhlimanova çıxış edərək bildirdilər ki, insan alverinə qarşı real mübarizə yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin hər bir üzvünün məlumatlılığı ilə, mübarizəsi ilə, birgə fəaliyyətimizlə mümkündür.
Eyni zamanda çıxışçılar qeyd etdilər ki, “Instagram”, “TikTok”, “YouTube” kimi sosial şəbəkələrdə vizual çarxlarla gənclərə davamlı olaraq real nümunələr göstərilsə,. Rəqəmsal cinayətkarlıqla bağlı qanunvericilik daha da təkmilləşdirilsə və sosial şəbəkələr vasitəsilə insan alverinə cəhd edən şəxslərə qarşı sərt cəzalar tətbiq edilsə mübarizəmiz daha effektiv olar.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış “Bir addım, bir həyat” adlı maarifləndirici videoçarx nümayiş etdirildi. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılandı və layihənin məqsədlərinə töhfə verəcək təsirli vasitə kimi dəyərləndirildi. Tədbir Coffee Break-lə başa çatdı.