Türkiyənin müdafiə sənayesinin nəhəngi ASELSAN, Azərbaycanda Türkiyə modelinə bənzər bir kosmik ekosistem qurmağı hədəfləyir.
ASELSAN tərəfindən orijinal olaraq hazırlanmış Ku-Band və X-Band rabitə faydalı yüklərinə sahib olan TÜRKSAT-6A peyki 9 iyul 2025-ci il tarixinə olan müddətdə orbitdəki ilk ilini uğurla tamamlayıb. Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT-6A göstərdiyi performansla diqqət çəkərək, Türkiyəni öz GEO rabitə peykini istehsal edə bilən dünyanın cəmi 11 ölkəsi sırasına yüksəldib.
Kosmik texnologiyalar sahəsində əldə olunan bu təcrübənin qardaş ölkə Azərbaycanla paylaşılması üçün yeni bir mərhələyə start verilib. ASELSAN, Azərbaycanın növbəti nəsil rabitə peyki olacaq Azerspace-3-ün təchizatı prosesində təqdim etdiyi təkliflə xüsusi maraq doğurub.
Məlumata görə, ASELSAN yalnız sistem satışını deyil, həmçinin peykin faydalı yükünün azərbaycanlı mühəndislərlə birgə hazırlanması və istehsalını da əhatə edən bir texnologiya transferi modeli təklif edir.
Bu yanaşma, Azərbaycanın yalnız istifadəçi deyil, peyk sistemlərinin birbaşa inkişaf etdirici tərəfdaşı olmasına şərait yaradacaq. Eyni zamanda, bu addım yerli mühəndislik potensialının güclənməsinə və Azərbaycanın müstəqil kosmik sənaye infrastrukturunun formalaşmasına imkan verəcək.