Suriyada baş verən son proseslər və iki ölkənin maraqlarının toqquşması Türkiyə və İsrail arasında hərbi əməliyyatların ola biləcəyi ehtimalını gündəmə gətirib. Bəs bu, nə dərəcədə realdır?
Turkustan.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə deputat Azər Allahverənov müsahibəsində bildirib.
Deputat deyib ki, hazırda İsrail və Türkiyə arasında qarşıdurma daha çox diplomatik müstəvidə özünü büruzə verir:
"Görünən budur ki, sərt bəyanatlar versələr də, hər iki tərəf hərbi münaqişədə maraqlı deyil. Suriyaya zərbələr endirdiyinə görə İsraili digər ölkələr də – ABŞ, Ərəb ölkələri tənqid edirlər. Düşünmürəm ki, İsrail və Türkiyə arasında olan informasiya və diplomatik savaş hərbi müstəviyə keçsin.
Yaxın Şərqdə onsuz da çox gərgin proseslər gedir. İsraillə Türkiyə arasında Suriyadan başqa səbəblərdən də qarşıdurmaların pik həddə çatdığının şahidi olmuşuq. Lakin hərbi əməliyyatların şahidi olmamışıq. Dünya da başa düşür ki, bu baş versə, Yaxın Şərqdə çox böyük müharibə ocağının yaranmasına gətirib çıxarar, ona görə də buna imkan verməz. İki ölkə arasında savaşın olacağı ağlabatan deyil".