Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət və təhlükəsizlik


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Nağı bəy Şeyxzamanlı

Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib.1905-ci ildə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılan Difai təşkilatının,1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub.1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. Nağı bəy Şeyxzamanlı 1919-cu ilin avqust ayının 20- də Əksinqilabla Mübarizə Təşkilatının rəisi təyin edilib.1920-ci ilin mart 6-da təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan Nağı bəy Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb.

Nağı bəy Şeyxzamanlının Əksinqilabla Mübarizə Təşkilatının rəisi vəzifəsində çalışmaları.

Nağı bəy Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına-əks-kəşfiyyata rəhbərlik etmişdir.Osmanlı İmperatorluğunun (Türkiyə) hərbi yardımını təmin etmək üçün 1918-ci ilin yanvarında xüsusi göstərişlə ora göndərilmiş, Qafqaz cəbhəsinin komandanı Vehib paşa və digər dövlət rəsmiləri ilə danışıqlar aparmışdı.Şamxor hadisəsi zamanı rus əsgərlərinin tərksilah olunmasında yaxından iştirak etmişdir.

Şamxor hadisəsi

Şamxor hadisəsində Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir.Milli Azərbaycan Ordusunun hərbi hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Zaqafqaziya Komissarlığı,Azərbaycan türklərindən olan deputatların səylərindən sonra,bəzi rus hərbi hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna verilməsi barədə qərar qəbul etdi. Qərarda deyilirdi yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməlidir,bu korpusun silah və sursatı Müsəlman Korpusuna verilməli idi.

Kərim bəy Şaxtaxtinskinin rəhbərliyi altında olan Şahsevən dəstələri İrandan geri qayıdan rus hərbi hissələrinin bir qismini tərksilah edərək 6 pulemyot,3 min tüfəng,85 min patron,10 yeşik bomba (qumbara) ələ keçirdilər.1918-ci il yanvarın 15-də Şahsevən süvariləri Astara Sovetinin 60 nəfərlik dəstəsini tərksilah etdilər.

Şəmkir dəmiryolu stansiyasından bir neçə eşelonun silahları vermədən Bakıya keçəcəyi xəbərini alan Yelizavetpol Milli Komitəsinin üzvləri, Müsəlman korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək qərarına gəldi.Başda polkovnik Levan Maqalov olmaqla Tatar süvari alayı və polkovnik Süleyman Əfəndiyevin rəhbərlik etdiyi 5-ci Yelizavetpol alayı sllahları təhvil almalı idi.

Yanvarın 6-da Qarayazı dəmiryolu stansiyasına bir eşelon əsgər gəlmiş,Ukraynadan olan bu əsgərlər razılığa əsasən silahları bir vaqona toplayaraq təhvil vermiş, əvəzində ərzaq alaraq yola salınmışdılar.Dinc yolla tərksilahın başa çatması digər eşelonlarda da problemlərin olmayacağına ümid etməyə imkan verirdi. Lakin həmin Qarayazı stansiyasına gələn növbəti eşelon büsbütün bolşevik təbliğatına uymuş, nəinki öz eşelonlarındakı silahları verməmiş, hətta əvvəlki eşelonun təhvil verdiyi silahları ələ keçirməyə cəhd etmişdi. Zaqafqaziya Komissarlığının göndərdiyi zirehli qatar eşelonun yolunu kəsmiş, knyaz Maqalov ukraynalılardan götürülmüş süilahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı.Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları Zaqafqaziya Komissarlığı adından polkovnik Maqalov və gürcü dəstəsinin komandiri-rotmistr Abxazava aparmışdılar. Bu “müsəlmanlar silahları alandan sonra rusları qıracaqlar” deyən bolşevik təbliğatının qarşısını almalı idi. Dəmir yolu stansiyasında 10 eşelon ZK-nın qərarları ilə razılaşmır,hətta onu tanımadıqlarını,zirehli qatarın və digər silahların da onlara verilməsini tələb edir,güc mövqeyindən çıxış edərək hətta danışıqlar üçün göndərilmiş nümayəndəni də girov kimi saxlayırlar. Eşelonlardan birinin əsgərlərini yola gətirmək mümkün oldu, silahlar götürüldü, götürülmüş toplardan birini Aslan bəy Səfikürdski Yelizavetpola apardı. Lakin digər eşolonlarla dil tapmaq mümkün olmadı,onlar zorla yolu açıb Bakıya doğru irəliləməyi planlaşdırırdılar. Zaqafqaziya Komissarlığının vəzifəli şəxslərindən olan N. Jordaniya hərbi rəhbərliklə telefon vasitəsi ilə danışıqlar aparmağa çalışsa da, heç bir nəticə əldə olunmadı.Yanvarın 9-da danışıqlar kəskinləşdi və ilk atəş səsləri eşidildi.Rus əsgərləri dəmir yol stansiyası və zirehli qatarı, ətraf Azərbaycan kəndlərini atəşə tutdular.Cavab atəşi açıldı,başlayan döyüşün gedişində bir neçə mərmi qonşu yolda dayanmış yanacaq eşelonuna dəydi və onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində hər iki tərəfdən böyük itkilər oldu. Stansiyada 3 hərbi eşelon,iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın zirehli qatarı sıradan çıxarıldı.

Şamxor dəmiryol stansiyasına yaxın bir yerdə dəmiryol xəttlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Levan Maqalovun komandanlıq etdiyi 10 min nəfərlik Azərbaycan türkü (bura müsavatçılar və Vəhşi diviziya əsgərləri də daxil idi) qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum etdilər.Bu zaman Azərbaycan topçu dəstələri özünü mükəmməl dərəcədə göstərə bildi.Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı.Savaş 3 gün çəkdi.Döyüş və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərəfdən minlərlə insan həlak oldu.Hərbi eşolonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı və Nağı bəy Şeyxzamanlının komandanlıq etdiyi könülllülər (əski Difaçilər) yaxından iştirak etmişdi.

Bu savaşdan sonra eşelonlardan 20 top,70 pulemyot,15.000 tüfəng alındı.1983-cü ildə çap edilmiş “SSRİ-də vətəndaş müharibəsi və xarici intervensiya” ensiklopediyasında rus tərəfinin itkiləri göstərilib. Burada hadisələr “Şamxor qırğını” adlandırılıb və 5 minədək rus əsgərinin qırılması göstərilib.

Bakıdakı Rus Milli Şurasının üzvü Boris Baykovun bildirdiyinə görə, savaşdan sonra Bakıya doğru yoluna davam etmələrinə icazə verilən rus əsgərləri yol boyunca çoxlu sayda Azərbaycan kəndlərinə hücum edərək kəndləri dağıtmış, əhalisinə qarşı isə qırğın törətmişdilər.

Nağı bəy Şeyxzamanlı 1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi və Əksinqilabla Mübarizə Təşkilatının rəisi təyin olunmuş,1920-ci il martın 6-na qədər hər iki qruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir.

XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, “Əksinqilabla Mübarizə Təşkilatı”nın ilk rəisi, parlament üzvü Məmmədbağır Şeyxzamanlı (1880-1920) ruslar tərəfindən güllələnmiş, Nağı bəy Şeyxzamanlı isə vətən xaini elan edilmiş və həbs olunması haqda qərar çıxarılmışdı. Böyük qardaşı İsrafil bəy Şeyxzamanlı həbs ediib, ağır işgəncələrə məruz qalmışdı.

Sonunda bu ailənin bütün mülkləri müsadirə olunub,var-dövlətlətləri talan edilmişdi.

XI Qızıl Ordu Azərbaycanı işğal edən zaman xüsusi xidmət və təhlükəsizlik orqanlarının başında duran Əfrasiyab bəy Ağalarov,Məmmədbağır bəy Şeyxzamanlı, Ələkbər xan Şahsuvarov müstəqil Azərbaycan Cümhuriyyətinə xidmət etdiklərinə görə sorğu-sualsız güllələndi.

Nağı bəy özü isə vətən xaini elan elan edilmiş və həbs olunması,yaxud da tutulması mümkün olmadığı halda yerindəcə güllələnməsi haqda qəti qəti qərar çıxarılmışdır. Axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə,Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə getmişdir.

Mühacirət həyatı yaşayan Nağı bəy Şeyxzamanlı uzun müddət Müsavat Partiyasının sıralarında qalaraq, Rəsulzadənin rəhbərliyi altında çalışıb.O, Ankara və istanbuldakı dərnəyin fəaliyyətində canla-başla iştirak edib. Almaniya və ABŞ-da olduğu müddətdə də milli çalışmalar və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanıb və əlindən gələn yardımları əsirgəməyib. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat edib.

Nağı bəy Şeyxzamanlı İstanbulda 1934-cü ildə “Biz və onlar”,1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”,1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları çapdan çıxmışdır.

Əksinqilabla Mübarizə Təşkilatının Strukturu

İlk vaxtlar ƏMT-na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü.Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi “Müsavat”,üçdə biri isə “Hümmət” partiyasından olmalı idi. Eyni zamanda,təşkilatın rəhbərinin Müsavatdan,müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu.Təşkiatın ilk rəisi Müsavat partiyasının,Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edimişdi. Rəis müavini isə Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi təyin edildi.ƏMT denikinçilərə,erməni-daşnak casuslarına və bolşeviklərə qarşı sərbəst mübarizə apara bilirdi.Lakin təşkilatın əməkdaşları sonunculara qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-da işləyən 17 nəfər hümmətçi əməkdaş,başda Mir Fəttah Musəvi olmaqla,bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və gizli şəkildə mane olurdular. Musəvi 5 sentyabr 1919-cu ildə dəmiryol teleqrafının rəisi Hacı bəy Seyidbəyov tərəfindən öldürüldükdən sonra 19 noyabr 1919-cu ildə rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdski təyin edildi. Məmmədbağır bəy Şeyxzamanlı 20 avqust 1919-cu ildə vəzifəsindən istefa verdi. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nın yeni rəisi təyin olundu.

Təşlilatın əməkdaşları arasında müxtəlif partiya və siyasi cərəyanların nümayəndələri var idi. ƏMT-da Azərbaycan türkləri ilə yanaşı, Türkiyə türkləri, ruslar, ukraynalılar və gürcülər də (məsələn Lavrenti Beriya) işləyirdilər. Ermənilər bu təşkilatda yox idi. 26 oktyabr 1919-cu ildə Dövlət Müdafiə Komitəsi denikinçilərlə mübarizəni gücləndirmək üçün (Bakı Möhkəmləndirilmiş Müdafiə rayonu) səlahiyyətlərini genişləndirmiş, keşikçi, axtarış polislərini eləcə də ƏMT-ni də onun rəisinə tabe etdirmişdi.Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nin fəaliyyətində əsas yeri tutmağa başladı.ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyatlar aparmışdı.Təşkilatın arxiv sənədlərindən,ayrı-ayrı şəxslərə göndərilmiş məktublardan aydın olur ki,Bakıda Denikin ordusunun rus casusları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada bilmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə Əksinqilabla Mübarizə Təşkilatı fəaliyyətini dayandırmışdır.Bu təşkilat İnformasiya şöbəsi adı ilə fəaliyyətə başladı.

ƏMT-nin fəaliyyət göstərdiyi 11 iyun 1919-cu ildən 6 mart, 1920-ci ilə qədər təşkilatda təxminən 120 əməkdaş çalışmışdır.Bakı şəhəri üzrə ƏMT-nin rayon bölmələrinə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qənbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev rəhbərlik edirdilər. Lavrenti Beriya təşkilatda senzura, Aleksandr Qoberidze xəfiyyə şöbəsinə başçılıq edirdilər.Təşkilatın Lənkəran şəhəri üzrə nümayəndəsi Yusif bəy Bayraməlibəyov idi. Mirzağa Nəsirov, Ağali Mahmudov və Ağəli Zeynalabdinzadə baş ağent (baş əməliyyat işçisi) vəzifələrində çalışırdılar.

Ardı var.


MANŞET XƏBƏRLƏRİ