Prezident İlham Əliyev Naxçıvanda işsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin görüləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bunu Naxçıvana səfəri zamanı verdiyi müsahibədə deyib.
İlham Əliyev qeyd edib ki, Naxçıvan Sənaye Parkının yaradılması regionda məşğulluğun artırılmasına mühüm təkan verəcək.
“İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur”, - deyə Prezident bildirib.
Dövlət başçısı Naxçıvanda sosial infrastrukturun da yaradılması və bərpasının nəzərdə tutulduğunu vurğulayıb.
Onun sözlərinə görə, bölgədə uşaq bağçalarının tikintisi və təmirinə ehtiyac var və bu istiqamətdə də işlər görüləcək.
“Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik”, - deyə İlham Əliyev qeyd edib.