Məkkə müqaviləsi ideyası necə yarandı? Ərdoğan detalları açıqladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Londonda yerləşən “Əşşarq əl-Əvsət” qəzetinin baş redaktoru Qassan Şarbelə verdiyi müsahibə həm ingilis, həm də ərəb dillərində dərc olunub.

Turkustan.az xəbər verir ki, Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli Məkkə Birgə Müdafiə Sazişi ideyasının necə yarandığı və bu sazişə aparan prosesə hansı inkişafların təsir etdiyi barədə suala cavab verib.

Ərdoğan bildirib ki, saziş ideyası regionda baş verən hadisələr fonunda yaranan yeni şərtlərin və ortaq məsuliyyət hissinin nəticəsidir.

“Məkkə Birgə Müdafiə Sazişi ideyası bölgəmizdəki inkişaflara cavab olaraq ortaya çıxan yeni şərtlərin və ortaq məsuliyyət hissinin nəticəsidir. Biz həmişə regional məsələlərin bölgə ölkələri tərəfindən həll edilməsinin tərəfdarı olmuşuq. Bu, həmişə bizim fundamental yanaşmamız olub. Regionun məsələləri bölgədəki aktorların özləri tərəfindən həll edilməlidir və deyə bilərik ki, bu istiqamətdə ilk addımı atmışıq”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidentinin sözlərinə görə, son hadisələr qardaş və dost ölkələr arasında həmrəyliyin nə qədər vacib olduğunu bir daha göstərib.

“Türkiyə olaraq fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, dialoq və məsləhətləşmə kanallarının gücləndirilməsini müdafiə etdik. Çünki bilirik ki, davamlı sülh yalnız münaqişələrin sonu ilə deyil, həm də qarşılıqlı etimad, siyasi iradə və ortaq gələcək perspektivi ilə mümkündür”, – Ərdoğan bildirib.

O vurğulayıb ki, Məkkə Birgə Müdafiə Sazişi məhz bu anlaşmanın nəticəsidir.

“Burada üç ölkənin bir araya gəlməsindən əlavə, bölgəmizin sabitliyi və qardaş xalqlarımızın sülhü baxımından tarixi bir məsuliyyət götürmüşük”, – deyə Ərdoğan əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ