Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? – “Yalnız bu siniflərdə…”


Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, Konkret.az bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəyə çıxarıb.

Bəs Azərbaycanda məktəblərdə dərslərin başlama saatının daha gec vaxta keçirilməsi mümkündürmü? Bu, şagirdlərin təhsil nəticələrinə və ümumi rifahına necə təsir edə bilər?

Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva deyib ki, bizim təhsil sisteminin özünəməxsus xüsusiyyətləri var:

“Bir çox məktəblər iki növbəli fəaliyyət göstərir. Əgər birinci növbənin başlanma vaxtı ənənəvi vaxtdan çox gec başlayarsa, ikinci növbənin dərsləri axşam saatlarına qədər uzana bilər. Bu isə xüsusilə qış aylarında şagirdlərin axşam vaxtları təhlükəsizliyi, yorğunluğu və ailələrin gündəlik planlaşdırılması baxımından əlavə çətinliklər yarada bilər. Digər tərəfdən, valideynlərin iş qrafiki, şəhərdaxili nəqliyyatın pik saatları, məktəbdənkənar hazırlıq kursları və digər məşğələlər də bu qərarın təsir edəcəyi vacib amillərdir. Ona görə də məsələyə kompleks təhsil idarəçiliyi və sosial planlaşdırma baxımından yanaşmaq lazımdır”.

S.Əliyevanın fikrincə, bütün məktəblər üçün eyni qərar qəbul edilməli deyil:

“Daha məqsədəuyğun variant yaş xüsusiyyətlərini nəzərə alan diferensial modeldir. İbtidai sinif şagirdlərinin bioloji ritmi daha erkən oyanmağa uyğun olduğundan onların dərs saatlarının ciddi dəyişdirilməsinə ehtiyac olmaya bilər. Əsas diqqətin VIII–XI sinif şagirdlərinə yönəldilməsinin mümkünlüyüdür”.

Sona Əliyeva bildirib ki, belə bir dəyişiklik ölkə üzrə birdən-birə tətbiq edilməməlidir:

“İlkin mərhələdə birnövbəli məktəblərdə pilot layihələr həyata keçirilməli, şagirdlərin davamiyyəti, akademik nəticələri, psixoloji vəziyyəti və valideyn məmnuniyyəti müvafiq elmi metodlarla qiymətləndirilməlidir. Əldə olunan nəticələr əsasında isə gələcək qərarlar qəbul olunmalıdır”.


MANŞET XƏBƏRLƏRİ