Bank kartını ailə üzvünə verməyə qadağa gəlir?


“Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə uyğun qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi zəruridir”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin yerli maliyyə bazarında geniş yayılmış fırıldaqçılıq növləri konkret nümunələr əsasında nəzərdən keçiriləcək. E. Cuvarov vurğulayıb ki, bu problemlə mübarizədə ən effektiv təcrübələrdən biri qanunvericilik tədbirlərinin görülməsidir:

"Nümunə olaraq, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxsə ötürülməsinə görə ciddi, hətta azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutan qanunvericilik qüvvəyə minib.

Bizdə isə hazırda bu cür tənzimləmə mexanizmi mövcud deyil. Düşünürəm ki, bu istiqamətdə problemin aradan qaldırılması üçün gələcəkdə müvafiq qanunvericilik aktları qəbul edilməlidir".

Bu məhdudiyyət kartlarla bağlı fırıldaqçılığa son qoyacaqmı? Məhdudiyyət kimlərə şamil olunacaq, valideynin yetkinlik yaşına çatmayan ailə üzvünə kart verməsi mümkün olmayacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu yanaşma ilə razı deyil:

“Mənə məlum olduğuna görə, Rusiyadan başqa heç bir yerdə belə məhdudiyyət yoxdur. Əgər kimsə pis niyyətlə kartından istifadə etməyə veribsə, bu halda onsuz da həmin şəxslə bərabər məsuliyyətlisən.

Ancaq sadəcə ailə üzvünə, dostuna kartını istifadə etməyə veribsə, ona görə məsuliyyət daşımaq heç yerdə yoxdur. Son nəticədə onsuz da bu, belə problemlərin qarşısını almayacaq.

Bu baxımdan, mənə elə gəlir ki, bu məsələyə bir daha aydınlıq gətirilməlidir. Buna necə nəzarət edəcəklər ki, kartdan istifadə edən mən özüməm, yoxsa başqa şəxsdir? Buna nəzarət etmək mümkün deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”


MANŞET XƏBƏRLƏRİ