Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD


Dünya fərqinə varmadan elə bir həddi keçdi ki, artıq klassik hərbi doktrinanın yerini texnoloji tükəndirmə müharibəsi tutdu: əsrlər boyu keçilməz qala sayılan Krım yarımadası planlı şəkildə materikdən təcrid olunmuş bir “adaya” çevrilir.

Turkustan.az xəbər verir ki, bunu tanınmış jurnalist Eynulla Fətullayev deyib.

O bildirib ki, Ukraynanın yeni nəsil pilotsuz sistemlərdən kütləvi şəkildə istifadə etməsi cənub cəbhəsinin bütün xəritəsini dəyişdirə biləcək dərin logistik blokada ssenarisini işə salır:

“Rusiyanın zəif nöqtəsi sayılan Krım körpüsünə etibarlı alternativ kimi çəkdiyi quru dəhlizi, demək olar ki, iflic vəziyyətindədir. Strateji əhəmiyyətli «Novorossiya» (R-280) avtomobil yolu ilə hərbi və yük kolonlarının hərəkəti üçdə ikidən çox azalıb; Çonqar boğazı, Geniçesk və Armyanskdan keçən keçidlər isə davamlı zərbələr ucbatından təmirdən çıxa bilmir.

Kiyev əyani şəkildə sübut edir ki, çoxminlik qoşun qruplaşmasının təchizatını kəsmək üçün artıq aviadaşıyıcı eskadralarına ehtiyac yoxdur — yüksək texnologiyalı dron taborları bu işin öhdəsindən tam gəlir”.

E.Fətullayev bildirib ki, bu blokadanın arxasında Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin uğurlu strategiyası dayanır:

O, Krımı Rusiya hərbçiləri üçün dözülməz bir yerə çevirmək niyyətini gizlətmir. İndi FPV-dronlar və dəniz kamikadze-botları nöqtəvi hədəfləri vurmaqla kifayətlənmir, magistral yolların açıq sahələrində logistikanı davamlı olaraq ovlayır. Nəticədə yanacaq və ya sursat çatdırmaq üçün edilən hər bir cəhd ölümcül bir lotereyaya çevrilir.

Bununla paralel olaraq, arxa cəbhənin təməli metodik şəkildə sarsıdılır: HHM (Hava Hücumundan Müdafiə) sistemlərinə və neft bazalarına endirilən müntəzəm zərbələr yarımadanı ehtiyat toplamaq imkanından məhrum edib. Halbuki bu ehtiyatlar olmadan heç bir irimiqyaslı müdafiə və ya hücum əməliyyatından söz gedə bilməz.

Bunun fonunda, Dnepr çayının sol sahilindəki Ukrayna diversiya qruplarının təchizatı artıq sənaye xarakteri alıb — 200 kq-a qədər faydalı yük daşıyan ağır yük dronları partizan müharibəsinin mahiyyətini kökündən dəyişir”.

Jurnalistin sözlərinə görə, Kreml üçün vəziyyəti çətinləşdirən digər amil odur ki, Krım təhlükəsiz arxa cəbhə mərkəzi statusunu sürətlə itirir, Zaporojye istiqamətindəki müdafiə xətləri isə vaxtında modernləşdirilməyib:

“Bu tükəndirmə müharibəsində daha çox canlı qüvvəyə malik olan deyil, təchizat damarlarını daha effektiv şəkilfə kəsən tərəf qalib gəlir. İndi əsas sual budur: materikdən qoparılmış bir qarnizon, səmanın və dənizin tamamilə yad alqoritmlərin nəzarətində olduğu bir şəraitdə müdafiəni nə qədər saxlaya biləcək?”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ