İşıqlı Atalı
Ruh insanı adi vəziyyətindən ayırıb, qeyri-adi duyğulara, düşüncələrə, ehtiraslara yüksəldən mənəvi qüdrətdir. Ruh insanı balaca, dar, məhdud aləmdən böyük, geniş, möhtəşəm aləmə aparan daxili gücdür.
İnsan – onu əhatə edən mühitə heç vaxt sığmır, çünki ruhu var. Ruh – insanda həyatın naqisliyinə qarşı sonsuz nifrət və gözəlliyinə qarşı sonsuz heyrət yaradır.
Gözəlliyi – ağıl yox, ruh kəşf edir. Çünki gözəllikdə maddi, real keyfiyyətlərə sığmayan ideal keyfiyyətlər dərk olunur. Ruh vasitəsilə insan məhəbbətə qovuşur, özünün özündən böyük mənasını anlayır.
Ruh – ehtizaz, vəcd, yanar, narahat, qeyri-adi zəka əsasında ağlın görmədiyi, dərk etmədiyi həqiqətlərə yüksəlir.
Ali həqiqətlərin hamısını ruh kəşf edib.
Ruh insanda başqa canlılardan fərqli ehtiraslar, meyllər yaradır: fədakarlıq, ülviyyət, müqəddəslik duyğusu!
İnsanın ruhu ölümlə barışmır, əbədiyyətə, ölməzliyə can atır. Ruh vasitəsiylə səs – musiqiləşir, söz – şeirləşir, daş – heykəlləşir.
İnsanın fəaliyyətini mənfəətlə bağlamaq barbarlıqdır. “Gözəl olan – lazımlı olandır” fikrində dəhşətli bir naşılıq var.
Həyatdakı gözəlliyin kəşf edilməsi və sənətdəki gözəlliyin yaranması faydalıq prinsipinin təsdiqi deyil! Belə olsaydı, gözəlliyin cazibədarlığı, sehri, möcüzəsi olmazdı! Gözəllik tələbatı – ruhani tələbatdır.
Ruh vasitəsilə insan nisbidə, natamda dayanmır, Mütləqə can atır, ona səcdə qılır.
Ruh insana kədərli həqiqəti söyləyir: insanın imkanları, arzuları, niyyətləri, duyğuları, düşüncələri ömrə sığmır. İnsan həyatda özünü tam realizə edə bilmir. Onun daxilində yaşayan min keyfiyyətin, min imkanın yalnız biri aşkara çıxır. İnsan qəbrə özüylə özünün sonsuz imkanlarını aparır.
Ruh onu da deyir ki, göz vasitəsiylə qavranılan bilik heçdir.
Dünyanı gözlə düzgün görmək olmaz, ağılla isə dünyanı tənzim etmək olar. Dünyanı yalnız ruhun güzgüsündə görmək olar.
Ağıl vasitəsiylə sən başqasını öyrənirsən. Ruh vasitəsiylə sən onu özündə görürsən. Ruh vasitəsiylə sən zəmanədən, mühitdən kənara çıxırsan, pis adamların içində belə, yaxşı adam olaraq qalırsan.
Ruh vasitəsiylə təbiət insaniləşir, insan təbiətləşir.
Ruh vasitəsiylə sən insanda – varlını, yoxsulu, zadəganı, rəiyyəti yox, İnsanı görürsən.
Ruh vasitəsiylə sən “dəlicəsinə” yaşamaqdan – Məcnunlaşmaqdan, Babəkləşməkdən, Nəsimiləşməkdən çəkinmirsən.
Ruh vasitəsiylə sən dünyayla, təbiətlə, dünənlə, sabahla bir olursan. Ruh səndə hakimi olduğun təbiətə qarşı məhəbbət ehtirası yaradır.
Ruh səni ideala, Mütləqə çağırır və beləliklə də ən murdar şəraitdə belə, təmiz saxlayır.
Ruh insan qəlbini sözlə ifadəsi çətin olan incə, coşğun, ülvi hisslərlə, ehtiraslarla doldurur, təxəyyülün üfüqlərini sonsuzlaşdırır.
Ruh yıxılanı qaldırır, xəstəni sağaldır, qəmlini sevindirir, uzağı yaxınlaşdırır.
Bədən dözməyəndə – Ruh dözür, bədən məğlub olanda – ruh qalib gəlir.
Ruh möcüzəyə inanır, dünyanın mənasını möcüzə sayır və özü möcüzə yaradır.
Bir sözlə, Ruh – insanın özüdür. İnsanı insan edən ruhdur.
Ağıl vasitəsiylə insan özünü qorudu, xilas etdi, ölmədi, yaşadı. Ruh vasitəsiylə insan İnsan oldu, yəni hamıdan fərqləndi, dünyanın mənasını dünyadan böyük, insanın mahiyyətini insandan ali saydı.
Ruhsuz insan dünyanın adi bir zərrəsi olacaqdı. Ruhla insan dünyanın zirvəsi oldu.
İşıqlə Atalı
Öz içində qəriblikdən çixmaq
Mif düşüncəsini yaradan, mənalandıran insandır. İnsanlığa uyğun olan mif düşüncəsi xəlqi olduğu dərəcədə həm də bəşəridir, dünyəvidir.
Təbiət – İnsan birliyi mifoloji düşüncənin qaynağı kimi dərk olunur. Dünyanın, Həyatın, Təbiətin, İnsanın mənasını fəhmli duymaq ölçüsü yaranır.
Bu, gerçəkliyi aşmağın ilkin örnəyi sayıla bilər.
***
Ardıcıl olaraq özümlə üz-üzə qalıram. İçimdəki Mütləqə tən olmaq inadım var. İnsan tükənməzdir. Fərəhimi özüm yaradıram.
***
Özünü anlayan dünyanı anlayır, dünyasını yaradır.
Poetizm insanı mahiyyətcə çaşdırır. Bu, həm də insanın təsəllisidir. Təsəlli - yalançı ümid olur burada.
***
Dünyanın çağdaş, sivil sayılan qaydasıyla var ola bilməyəcəyik. Çünki dünyanın “varolma qaydası” ulusallığı yox etmək üçündür. Dünyanın gözqamaşdıran maddi inkişaf selində kürəsəlləşmə həşəmətinin gəlişini yaradırlar, ömürləşdirirlər, “məntiqiləşdirirlər”.
Kürəsəlləşmə – ulussuzluqdur. Ulus olmayanda Bəşər də olmur.
***
Bəşəri inkişaf – insani inkişaf prinsiplərinə əsaslanmalıdır. Yalnız insanlaşan var olandır. İnsanlaşan – Mütləqilik (əzəlilik, əbədilik, sonsuzluq, kamillik) ölçüsündə insanilik imkanlarını aşkarlayır, ulus ünvanı, qaynağı olur.
Siyasi, iqtisadi, mədəni inkişafın qaynağı – özümlüyünə yetmiş insanlardır. Vicdançılığa, təmənnasızlığa, fədakarlığa yetən ulusu var edir. Ulus canlı olaydır. Deməli, ulusun yaranması ardıcıl, heç vaxt bitməyəcək kutsal işdir. Ulusun yaranması dayansaydı, tükənərdi, kütlələşərdi. Kütlələşən – fərdləşmir.
***
Rəssam mənanı rənglə göstərir, şair sözlə, bəstəkar musiqisi ilə deyir...
***
Həqiqəti bilmək istəməyənə zorla öyrətmək olmur. Həqiqəti bilmək, onun əsasında yaşamaq - aqibətdir, mahiyyətcə özünütərbiyədən, özünüyaratmadan gəlir həm də.
***
2 il öncənin qeydidir:
Ağır xəstəliklə bağlı həyatdan gedən xalam qızı Lenanın yas törənində ulusal söz dedim, ailə üzvlərinə başsağlığı verdim. İnsanın doğuluşu, yaşamı, ölümü ilə bağlı İnam ölçüsündə danışdım.
Xalam qızı doğmalığıyla yadımda qaldı: qardaşım İlkin yaşamdan gedəndə Anamı tək qoymadı, həyan oldu. İnsanın mənəvi gözəllikləri yaddaşlarda qalır, heç vaxt unudulmur. Soyu var olsun.
***
İlahi, insani an - Özüylə üz-üzə qalmaq, Həqiqətə yetmək.
***
Doğanın maddi bəhrəsi yoxdur əslində, ruhsal bəhrəsi var. Hər halda dünyanın halının daha da pisləşməyə doğru getdiyi (ekoloji durum, qidanın keyfiyyətinin pisləşməsi, çoxçeşidli informasiyanın gətirdiyi gərginliklər) bir vaxtda çıxış yolu İnsanın ardıcıl olaraq özünə - özümlüyünə üz tutmasıdır.
Ən çətin durumlarda Ruh-Bədən birliyini yaratmağım köməyimə gəlib. Bədən gerçəkliklə bağlıdır, hətta ildə bir neçə dəfə xəstələnmələr belə bizi ümidsizliyə salmamalıdır. İnsanın tükənməyən mənəvi imkanları var, bu imkanları ardıcıl aşkara çıxarmaq, Bədəni gücləndirmək gərəkdir.
Başlıcası, insanın ardıcıl fərəhli olması şərtdir. Həyatın gedişatı bizə fərəh vermir, onu özümüz yaratmalıyıq.
Günəşin şəfqəti doğmalıq saçır.
“İmkansızlıqdan imkan yaratmaq” (İnam Ata). Özündəki insanlığı ardıcıl aşkarlamaq, Doğayla iç-içə olmaq, sarsıntını aşmaq, ümidsizliyi aşmaq, özündən öyrənmək, kədərə doğmalaşmaq. Mənasızlıqda ilişib qalmamaq. İnsan tükənməzdir!
***
Ədalət duyğusu yetkin fərddə təsdiq olunur, qaynağı insani-ulusal düşüncədir...
***
İnsana yaramaq - Özünə yaramaqdır.
İnsana ruhuyla yaratdığı davamlı xoşbəxtlik gərək: uşaqlıqla gəncliyi, gəncliklə qocalıq ucalığını birləşdirən...
***
Qəribliyi yaradan və yaşadan insandır. Çıxış yolu: insanın öz içində qəriblikdən çıxmasıdır. Pislik etmək asandır, həyata uyğundur, dəyişkənlikdir, yaxşılıq etmək çətindir, həyatdan ötədir. Adamların çoxu asanlığı seçir, həyata oxşayır, çətinlikdən keçir, bu səbəbdən də özü olmur. Özü olmaq mahiyyətə uyğunluqdur - dəyişməz.
***
Mərhum şair N.Hacıheydərli haqqında yazımdan:
“Ədəbiyyatımızın sabahı – ulusal, insani harayların ardıcıl, qəti olaraq çəkilməsi ilə bağlıdır. Əslində indiyə kimi olanlar az sayılmalıdır. Namiq Hacıheydərlinin şeirlərində türkçülük yönü əsasdır. Bu isə o deməkdir ki, Namiq özünü özünü böyük bir döyüşün içinə atıb. Türkçülük mahyyətinə uyğun olaraq poeziyada da döyüş deməkdir. Çağdaş dövrün türkçü şairi şeirdəki ənənəvi obrazların zaman səviyyəsində vəsfedicisi olmamalıdır, ulusallığı, insaniliyi əbədi yaşarı edən məqamları yaşatmalı, həm də yenidən yaratmalı, zamanı aşdığı dərəcədə ömrünə, yurduna, ulusuna bənzərsiz ilahi-insani dəyər verməyi, bunu başqalarının ağlında, ürəyində ömürləşdirməyi bacarmalıdır. Qədim Türk təbiəti - yeri-göyü, çayı, dağı və s. mənalandırmağı, tanrılaşdırmağı, özüylə bunlar arasında birlik tapmağı bacarırdı. Namiqin şeirlərində Türkün ilkin, təbiətli duyumuna böyük sevgi var. Türk Birliyi necə yaranmalıdır? Türk ruhu əsasında. Türk ruhu-dünyanın əhvalına uyğun yox, öz ulusal-bəşəri əhvalına uyğun yaşamaqdır. Öz əhvalına, xarakterinə uyğun yaşayan Türk öz dünyasını da yaradacaq. Türk əxlaqı birsifətliyə əsaslanır. Dünyanın hər cür eybəcərliyinə qarşıdır türk əxlaqı. Türk insançılığına xas cəhətlər N.Hacıheydərlinin şeirlərində fitrətən yaşadılır. Namiq özüylə bir olmağı, dərdini özünə deməyi, ulusal ruhundan güc almağı bacarır. Ölməyən dərdlərimiz var: türk olaraq özümüzdən ayrılmağımız, ulusal-mənəvi dəyər ölçümüzü itirməyimiz, bu səbəbdən də dünyamızı hələ ki, yarada bilməməyimiz. Namiq Türkün fikir, dil, əməl birliyi sarıdan qayğılanır. Yurd - əbədi cənnət anlamındadır əslində. Namiqin “Boz Qurdun harayı”, “Ey Türk doğulan”, “Milli kimlik”, “Türküm” və bu qəbildən olan şeirlərində Türk ruhu haraylanır - həsrətli, doğma.
Türkün ruhu mənəvi Turançılığın təsdiqi ilə bağlıdır. “Qadağa qoydular ər türklüyümə” - deyir Namiq. Türk ruhu insansevərliyə əsaslanır. İndiyə kimi ən ali duyğular poeziyada vəsf olunub, ancaq çox zaman yeriməyib. Ruhsal (yəni ulusal-insani) döyüşçülük ənənəsi yaranmalıdır. Ədəbiyyat Ulusal – Mütləq İnama çağırmalıdır. Yalnız belədə o, var ola bilər. Yurdumuza İnam Türkçülüyü gərək, İdrak Türkçülüyü gərək, Mənəviyyat (Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq) Türkçülüyü, İradə Türkçülüyü gərək”.
***
Mərhum Y.Türkazər haqqında: “Yaşar Türkazərin “Koroğlu-Qoroğlu-Odoğlu” yazısında Koroğlu ilə bağlı düşündükləri ifadəsini tapıb. Yazıda Koroğlu və dastanda adı keçən başqa obrazlarla bağlı fikirlərdə müəyyən qəribəliklər (çağdaş elmi prinsiplərlə uyğunsuzluq, hərtərəfli əsaslandırılmama, daha çox fəhmə söykənmək) var.
İnam Ata (Asif Ata) “Koroğlular və Həmzələr” (İnam və Şübhə. Bakı. Yazıçı, 1988, səh.11-20) əsərində mərdliklə namərdliyin yer-göy fərqi, Azərbaycan-türk ruhunda fitrətən yaşayan Koroğluluq xislətinin mahiyyət səviyyəsində açımı verilir.
Bütün hallarda Yaşar bəy yazısında Koroğlu obrazının – xarakterinin və dastanla bağlı düşüncənin qədim və Türk ruhuna xas olduğunu, başlıca olaraq isə işıqla, odpərəstliklə bağlayır və düz edir. Bütün bunlar onu deməyə əsas verir ki, bu yöndə araşdırmalar davam etdikcə bu və başqa oxşar konularda yeni, ulusalığı təsdiq edən fikirlər daha da cilalanacaq. Başlıcası, müəllifin də insançı, türkçü səcdəylə adına, ruhuna tapındığı İnam Ata (Asif Ata) İrsi – Mütləqə İnam Fəlsəfəsi, sözügedən konuda yazdıqları öyrənildikcə yetkin araşdırmalar yaranacaq”.
***
Adamların cahilliyi virus kimidir, öncə özlərini yaxalayır, sonra da başqalarını.
Hikkəni eşitməmək, acıqlı olmamaq. Mütləq İnamlı olmaq. Sabahda yaşamaq.
İnsan özünü bilmək istəmir. Əziyyətsiz fərəhli olmaq istəyir, alınmır.