Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Parisdə keçirilən hərbi mərasimdə 11-ci Dəniz Piyada Alayının əsgərlərinin nümayiş etdirdiyi haka rəqsi diqqət çəkib.
Turkustan.az xəbər verir ki, Zəfər Tağının qarşısında keçirilən mərasimdən əvvəl Fransanın xarici ərazilərindən olan hərbçilərin də xidmət etdiyi alayın üzvləri ənənəvi haka rəqsini ifa ediblər.
Mobil telefonlarla lentə alınan görüntülərdə əsgərlərin sinələrinə vuraraq ucadan qışqırdıqları və sinxron hərəkətlər nümayiş etdirdikləri əks olunub. Tamaşa iştirakçıların alqışı ilə qarşılanıb və görüntülər qısa müddətdə sosial mediada geniş yayılıb.
Fransa mətbuatının məlumatına görə, bu çıxış ölkənin xarici ərazilərindən olan hərbçilərin mədəni irsini nümayiş etdirmək məqsədilə təşkil edilib.
Haka Yeni Zelandiyanın yerli Maori xalqına məxsus ənənəvi döyüş rəqsidir. Fransa ordusunda xidmət edən Polineziya və Sakit okean mənşəli bəzi hərbçilər mədəni irslərini yaşatmaq məqsədilə bu rəqsi bəzən rəsmi tədbirlərdə də ifa edirlər.
Aytən Yaşar/ Turkustan.az