Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Salyan rayonunda təşkil olunub.
Tədbirdə layihə rəhbəri, Birliyin sədri Könül Qasımova çıxış edərək layihənin əsas məqsədi haqqında məlumat verib. O bildirib ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin hüquqi, sosial və psixoloji biliklərinin artırılması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, eyni zamanda uşaqların təhsil və inkişaf hüquqlarının müdafiəsinə töhfə verməkdir.
Daha sonra təlimçi, pedaqoq-politoloq Zülfiyyə Qasımova xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafında ailənin rolu, valideyn məsuliyyəti, inklüziv təhsilin əhəmiyyəti və erkən nikahların uşaqların gələcəyinə mənfi təsirləri barədə geniş təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Səmədova, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Zamiq Rüstəmov və Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova mövzu ilə bağlı çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, valideynlərin məsuliyyəti, uşaqların təhsilə cəlb olunmasının vacibliyi, eləcə də erkən nikahların doğurduğu hüquqi və sosial problemlər barədə ətraflı məlumat veriblər.
Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb, onların üzləşdikləri problemlər dinlənilib və mövcud qanunvericilik, dövlət dəstəyi mexanizmləri, sosial xidmətlər və təhsil imkanları barədə ətraflı izahat verilib.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında səmimi fikir mübadiləsi apararaq mövzu ilə bağlı müzakirələrini davam etdiriblər.
Layihənin yüksək səviyyədə təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə Salyan Rayon İcra Hakimiyyətinə, Salyan Rayon Polis Şöbəsinə və Salyan Rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif bölgələrdə keçirilən maarifləndirici görüşlər xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin məlumatlılığının artırılmasına, onların hüquqlarının müdafiəsinə, cəmiyyətə inteqrasiyasına və sağlam ailə dəyərlərinin təşviqinə xidmət edir.




