Kamil Şahverdi
VI Yazı
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan" qəzetinin (1918-1920) tam külliyatı transliterasiya olunaraq 20 cilddə nəşr olunub. Əfsuslar olsun ki, qəzetin bir neçə nömrəsi, o cümlədən 1919-cu il 14 noyabr tarixli (246 saylı) nömrəsini əldə etmək mümkün olmayıb. "Azərbaycan" qəzetinin hər bir nömrəsi AXC tarixini araşdıranlar üçün qiymətli mənbə olduğuna görə itmiş hesab edilən nömrələrin tapılmasına və bir çox başqa vacib məsələlərə aydınlıq gətirilməsinə yardım edə biləcək mülahizələrimi qeyd etmək istəyirəm.
Filologiya elmləri doktoru, professor Tofik Hüseynoğlunun 1993-cü ildə tərtib etdiyi və ön söz yazdığı "Yusif Vəzir Çəmənzəminli. Xarici siyasətimiz" kitabında diqqətimi bir məlumat cəlb etdi. Professor Tofiq Hüseynoğlu kitabın ön sözündə yazır:
"...1919-cu ilin yayında vətənə qayıdan kimi (Y. V. Çəmənzəminli nəzərdə tutulur-K. Ş.) müstəqil, suveren Azərbaycan dövlətinin Türkiyədəki səfiri vəzifəsinə təyin edilir və İstanbula yola düşür. Y. V. Çəmənzəminli qanuni Azərbaycan Demokratik Cümhuriyyətinin işğalçı XI rus ordusu tərəfindən istilasından sonra da bu vəzifədə fəaliyyətini davam etdirir.
Y. V. Çəmənzəminli 1921-ci ilin əvvəlindən diplomatik fəaliyyətini dayandırır və bütün gücünü yenə Azərbaycanı öyrənməyə, onun azadlığını, mənəvi-mədəni qüdrətini tanıtmağa sərf edir, elmi içtimaiyyətin diqqətini türkologiyada xüsusi bir "azərloji şöbə" yaratmaq ehtiyacının və imkanının mövcudluğuna cəlb etməyə çalışır. Beləliklə, 1921-ci ildə İstanbulda "Yusif bəy Vəzirov. Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi" imzası ilə "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" kitabları meydana çıxır. Y. V. Çəmənzəminli bu dövrdəki fəaliyyətini əks etdirən arxivini, özünün yazdığı kimi, "Azərbaycanın son istiqlal dövrünə dair bir çox övraq, məsələn, iki sənəlik rusca "Azərbaycan" qəzeti kolleksiyonu; "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı"; milli iqtisadımıza dair kitablar və məcmuələr; Qafqasiyada erməni-müsəlman vuruşmalarını təsvir edən vəsiqələr və sairə-mühafizə edilmək üçün Türkiyə elm və mədəniyyət mərkəzlərindən burinə təqdim etmişdir. Bu arxiv indiyə qədər gizli və sirli bir xəzinə kimi qalmaqdadır."
("Yusif Vəzir Çəmənzəminli. Xarici siyasətimiz". Bakı, Azərnəşr. 1993, s. 4-5)
Tofiq Hüseynoğlunun qeyd etdiyi bu məlumatlar çox dəyərlidir. Əfsuslar olsun ki, bu sənədlərin hansı arxivə təhvil verilməsi göstərilmir. Müəllif "Türkiyə elm və mədəniyyət mərkəzlərindən birinə təqdim etmişdir"-deyə qeyd edir. Y. V. Çəmınzəminli özü də sənədləri hansı arxivə təhvil verdiyini heç yerdə qeyd etməyib. Çox güman ki, bu "gizli və sirli xəzinənin" tarixi əhəmiyyətini yaxşı başa düşən Yusiv Vəzir onun it-bata düşməməsi, gələcəkdə lazım olan ünvana yetişməsi üçün belə addıb atıb. Mən bir fərd olaraq bu arxivin izinə düşməyə çox cəhd etdim. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Hətta Türkiyədə nüfuzlu tanışlarım da bu işdə yardımçı ola bilmədilər. Düşünürəm ki, Azərbaycan Demokratik Respublikasının Türkiyədəki səfirinin təhvil verdiyi arxivi üzə çıxarmaq üçün dövlət səviyyəsində müraciət etmək lazımdır. Ya AR Xarici İşlər nazirliyi, ya da AMEA tərəfindən rəsmi müraciət olunarsa bu arxivin harda qorunması haqqında məlumat əldə etmək və daha sonra tarixçi alimlərimizin araşdırma aparmaları üçün razılıq almaq mümkün olacaqdır.
Əminliklə deyə bilərəm ki, Yusif Vəzirin təhvil verdiyi arxivdə çox qiymətli sənədlərlə yanaşı Üzeyir Hacıbəylinin "Azərbaycan Marşı"na aid məlumatlar da yer ala bilər. Bu əminliyim əsassız deyil. Çünki, hələ 1917-ci ilin dekabrında, müstəqilliyimizdən 5 ay əvvəl Yusif Vəzir Çəmənzəminli Ukraynadan "Açıq söz" qəzetinə məqalə yazıb göndərmişdi. "Zəruri məsələlər. Milli şərqi" adlı məqalədə deyilir:
"Zənnimcə, milli nəğmə də zəruri məsələlər çərçivəsinə gələ bilər. Səbəbisə məlumdur. Bunu bizim köhnə fəallarımız da beləcə düşünmüşdülər. Zərdabi Həsən bəy "Milli nəğmələr" məcmuəsini əmələ gətirmişdi. (Müəllif Həsən bəy Zərdabinin 1901-ci ildə Bakıda Qubernski Pravleniyanın mətbəəsində nəşr etdirdiyi "Türk nəğmələri məcmuəsi"ni nəzərdə tutur-K. Ş.) Lakin ümurət qazanan bir şərqi indiyədək ortalığa çıxmadı. Şərqisiz də bizim siyasi çoşğunluğumuz və milliliyimiz ortalığa çıxmır. Hər bir millətin özünə məxsus bir milli nəğməsi var. O nəğmə oxunduqca millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artir. Bizimsə bu nəğməmiz yoxdur. Odur ki, milli sərxoşluğumuz və nəşəmiz də yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır.
Bolqarlar " Şumey murpeça" nəğmələrini oxuduqda intiqam hissi ürəyi dəlir. (Yusif Vəzir 1886-1944-cü illər ərzində Bolqarıstanın milli himni olan "Şumi Maritsa" əsərini nəzərdə tutur. Bu himnin musiqisi 19-cu əsrin ortalarında Bolqarıstanda çox məşhur olan Alman xalq mahnısı “Wenn die Soldaten durch die Stadt marshieren” mahnısından götürülmüşdür. Bu musiqiyə söz yazmaq üçün dəfələrlə cəhd göstərilsə də, uğursuz alınmışdı. 1879-cu ildə müəllim işləyən Nikola Jivkovun yazdığı mətn populyarlıq qazanır. Sonralar dəfələrlə mətndə dəyişikliklər edilir. Sonuncu dəfə 1912-ci ildə İvan Vazov himnin mətnində dəyişiklik edir və bu mətn 1944-cü ilə qədər ifa olunur-K. Ş.)
"İşşənəvimala Ukrayna" ( Şe ne vmerla Ukraina-K. Ş.) şərqisi adamda elə qüdrətli birlik doğdurur ki, doğrudan da Ukrainanın həmişə diri qalıb səadətdə yaşamasına iman edirsən.
Bizim hələ milli nəğməmiz yoxdur. Biçarə çavanlarımız milli hiss çoşğunluğunda bilmirlər nə oxusunlar. Kiyevdə inqilabın əvvəl günləri təntənəli nümayişlər yapılanda tatarlar "...sübhanallah" oxuyurdular. Bizim studentlər isə nəğməsizlikdən nümayişi sükut içində keçiriblər.
Bizə milli şərqi lazımdır. Bu da bu saatın məsələsidir. Milli şərqi bizim yatmış milli hisslərimizi oyadır. Bu şərtlə ki, məzmunu və havası ayıq olsun, oxunduqda "Segah" kimi ruhumuzu boşaltmasın.
Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar.
Yaxşı olar ki, milli komitə və ya mərkəzi "Musavat" milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi"
(Yusif Vəzirov. "Açıq söz", 19 dekabr 1917)
Yusif Vəzir Çəmənzəminli Ukrayna milli azadlıq hərəkatını yaxından izləmiş, bir çox tarixi hadisələrin canlı şahidi olmuşdu. O, 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakultəsinə daxil olur. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişi ilə əlaqədar çar hökuməti Kiyev Universitetini Saratova köçürür. Yusif Vəzir elə həmin ildə universiteti Saratovda bitirir və yenidən Kiyevə qayıdır.
1917-ci il fevral inqilabından sonra Ukraynada milli azadlıq hərəkatı böyük vüsət alır. Həmin zaman Kiyevdə olan Yusif Vəzir burada baş verən siyasi hadisələri yaxından izləyir. Eyni zamanda siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi "Musavatın" Kiyev şöbəsini yaradır və həmin şöbəyə başçılıq edir. Ukraynada baş verən hadisələrin mərkəzində olan Yusif Vəzir, özü də qeyd etdiyi kimi, bütün milləti, xalqı birləşdirən "Şe ne vmerla Ukraina" nəğməsini demək olar ki, hər gün eşidir və bütün xalqı, milləti mübarizəyə ruhlandıran bu nəğmənin necə böyük əhəmiyyət daşıdığına şahidlik edir. Ona görə də o, Kiyevdən "Açıq söz" qəzetinə göndərdiyi məqaləsində "Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar" yazırdı. Üzeyir bəy "Açıq söz" qəzetinin 22 dekabr 1917-ci il tarixli sayında "Milli marş" adlı məqalə dərc etdirir və artıq belə bir marş yazdığını qeyd edir. Üzeyir bəyin cavab məqaləsinə yazının növbəti hissələrində bir daha qayıdaraq daha geniş və ətraflı məlimat verməyi düşünürəm. Çünki bu məqalə dövlət himni müzakirələri zamanı ortaya atılan bir çoz mülahizələrin yanlış olduğunu sübut edir. Bu səbəbdən də Üzeyir bəyin cavab məqaləsi üzərində ətraflı dayanmağa ehtiyac var.
XIX əsrin 60-cı illərindən bu günə qədər Ukrayna xalqının mübarizə simvolu olan "Şe ne vmerla Ukraina" əsəri haqqında toplanmış maraqlı məlumatları diqqətinizə təqdim edurəm:
"Bu gün Ukraynanın rəsmi dövlət himni olan "Şe ne vmerla Ulraina" 1862-ci ildə ukyaynalı etnoqraf, folklorçu və şair Pavel Çubinski tərəfindən yazılıb. XIX əsrin ortalarında Çubinski rus, ukraynalı, polyak və serb tələbələrinin görüşlərini təşkil edərdi. 1862-ci ilin payızında belə görüşlərin birində Çubinski "Şe ne vmerla Ukraina" şeirini yazır. Bu şeir qısa zamanda "ukraynafil dərnəklərində", mərkəzi və qərbi Ukraynada populyarlıq qazanır, daha sonra Ukraynanın milli və sonda dövlət himni olur.
İlk dəfə Çubinskinin bu şeiri 1863-cü ildə Lvovda "Meta" (Hədəf-K. Ş.) jurnalınnın 4-cü sayında nəşr olunur. Şeir o dövrün ruhani xadimlərinin də diqqətindən yayınmır. Onlardan biri, dövrünün tanınmış bəstəkarı ruhani Muxail Verbitski şeirdən ilhamlanaraq ona musiqi bəstələmiş və ilk dəfə 1865-ci ildə Polşanın Peremışle ruhani seminariyasının salonunda ifa etmişdi" (Aleksandr Savçenko, Mixail Xmelevski. "Ukraynanın müasir himninin mətni tarixi-kultroloji və linqvistiq kod kimi". "Jezykoznawstwo" jurnanı, 2020, nr. 14)
XIX əsrin ortalarında Rusiyada və Avstriya-Macar imperiyasında "Ukraynafil" dərnəkləri-Ukrayna xalqının dil, ədəbiyyat və mədəniyyətinin qorunması və inkişafı uğrunda mübarizə cəmiyyəti-geniş yayılmışdı. "Şe ne vmerla Ukraina" şeiri, daha sonra mahnısı bu dərnəklər arasında çox məşhur idi...
(ardı var)