Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi çərçivəsində qiraətçilik üzrə növbəti ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Birliyin sədri Vüsalə Sadıqova (Qələndərli) layihənin məqsədindən danışaraq bildirib ki, əsas hədəf uşaq və gənclərin istedadlarının üzə çıxarılması, bədii qiraət bacarıqlarının inkişaf etdirilməsi və onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə dəstək verməkdir.
Ustad dərsini şair-publisist, “Tərəqqi” medalı və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təltifçisi Nəsibə İsrafilqızı aparıb. O, bədii qiraətin incəlikləri, səhnə mədəniyyəti, nitq texnikası və ifadəli oxu qaydaları barədə iştirakçılarla bilik və təcrübəsini bölüşüb.
Tədbirdə şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, Mayisə Cəfərova, valideynlər, uşaq və gənclər iştirak ediblər. Çıxış edənlər layihənin gənclərin mənəvi inkişafına, vətənpərvərlik hissinin gücləndirilməsinə və istedadlarının üzə çıxarılmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Ustad dərsi zamanı məktəblilər müxtəlif şeirlər səsləndirərək bədii qiraət bacarıqlarını nümayiş etdirib, peşəkar tövsiyələr alıblar. İstedadlı iştirakçılardan bəziləri rəqs nömrələri ilə də çıxış edərək tədbirə xüsusi rəng qatıblar.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.








