Zelenskinin Vaşinqton səfərinin pərdəarxası: Müharibənin gedişatı dəyişir? - ŞƏRH


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.

Səfərin əsas məqsədi ABŞ Prezidenti Donald Trampla yüksək səviyyəli danışıqlar aparmaq, Ukraynaya hərbi dəstəyin davamını təmin etmək, hava hücumundan müdafiə sistemləri və yeni sanksiyalar məsələsini müzakirə etməkdir. Bundan əlavə, Zelenski senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcək və ABŞ senatorları ilə görüşlər keçirəcək.

Maraqlıdır görəsən, Zelenskinin Trampla görüşü Ukrayna ilə ABŞ arasında münasibətlərdə hər hansı mühüm dəyişiklik yarada bilərmi? Bu görüş Rusiya-Ukrayna müharibəsinin gedişatına və mümkün sülh danışıqlarına təsir göstərə bilərmi? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov: "Gürcüstanda hakimiyyət dəyişikliyi bütün bölgəyə təsir  edəcək"

Oqtay Qasımov

Volodimir Zelenskinin ABŞ-a səfəri senator Lindsi Qremin dəfn mərasimi ilə əlaqədar olsa da, səfər çərçivəsində ABŞ və Ukrayna prezidentləri, eləcə də digər rəsmi şəxslər arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə bir neçə mühüm istiqamət üzrə müzakirələrin aparılacağı gözlənilir. İlk növbədə, Ukrayna Prezidenti ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsini gündəmə gətirəcək. Çünki Ukrayna hazırda bu sahədə müəyyən çətinliklərlə üzləşir. Rusiyanın ballistik raket hücumları Ukrayna üçün ciddi təhlükə yaradır və Zelenski son aylarda bu məsələyə xüsusi diqqət ayırır. Bir neçə həftə əvvəl Donald Trampla keçirilən görüşdə də bu mövzu əsas müzakirə predmetlərindən biri olmuşdu.

Digər mühüm məsələ isə Patriot sistemlərinin Ukraynada istehsalı ilə bağlıdır. Bu istiqamətdə artıq ilkin razılaşmalar əldə olunub və tərəflərin həmin layihənin icrası ilə bağlı növbəti addımları müzakirə edəcəyi gözlənilir. Bundan əlavə, ABŞ və Ukrayna arasında dron və antidron sistemləri sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir. Müharibənin davam etməsinə baxmayaraq, Ukrayna bu sahədə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Əldə etdiyi təcrübə və texnologiyalar Qərb dövlətləri tərəfindən böyük maraqla izlənilir və artıq bir sıra ölkələr Ukrayna ilə bu istiqamətdə əməkdaşlıq müqavilələri imzalayıb.

ABŞ-la da bu sahədə yekun razılaşmanın əldə olunması mümkündür. Bu görüşlər Rusiya-Ukrayna müharibəsinin daha da intensivləşdiyi bir dövrə təsadüf edir. Hazırda ABŞ ilə Ukrayna arasındakı münasibətlər bir il əvvəlki dövrlə müqayisədə daha müsbət mərhələyə qədəm qoyub. Bunun əsas səbəblərindən biri Ukraynanın son aylarda döyüş meydanında müəyyən strateji üstünlüklər əldə etməsi və Rusiyaya həssas zərbələr endirməsidir. Digər tərəfdən, Rusiyanın danışıqlarda qeyri-konstruktiv mövqeyi də Vaşinqtonun Ukraynaya münasibətinin daha da müsbət istiqamətdə dəyişməsinə təsir göstərib.

Təbii ki, tək bir görüşün ABŞ-Ukrayna münasibətlərində köklü dəyişiklik yaradacağını demək düzgün olmaz. Lakin ümumi mənzərə onu göstərir ki, iki ölkə arasında münasibətlər getdikcə normallaşır və strateji əməkdaşlıq daha da dərinləşir. Görüşlərdə regional təhlükəsizlik məsələlərinin, o cümlədən ABŞ–İran qarşıdurmasının da müzakirə ediləcəyi istisna deyil. Son günlər Ukraynanın Xəzər dənizində İrana məxsus, Rusiyaya hərbi yük daşıdığı iddia edilən gəmini hədəfə alması Tehranla münasibətləri daha da gərginləşdirib.

Bu addım eyni zamanda ABŞ-ın İranın hərbi imkanlarının məhdudlaşdırılması siyasəti ilə də müəyyən mənada üst-üstə düşür. Nəticə etibarilə, bu səfəri ABŞ və Ukrayna arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirmək olar. ABŞ-ın dəstəyinin artması Ukraynanın müdafiə imkanlarını gücləndirə, eyni zamanda Rusiyaya danışıqlar masasına qayıtması üçün əlavə təzyiq formalaşdıra bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ