Tramp: İranı çox ağır şəkildə əzirik


ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verərək, Vaşinqtonun Tehranın hərbi potensialına ağır zərbələr endirdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Miçiqanda keçirilən tədbirdə çıxış edən Tramp bildirib ki, ABŞ İranın hərbi imkanlarının böyük hissəsini sıradan çıxarıb.

"Onları məğlub etməlisiniz, biz isə onları çox pis şəkildə əzirik", – deyə, Tramp vurğulayıb.

ABŞ Prezidenti iddia edib ki, İranın donanması, hava qüvvələri, hava hücumundan müdafiə sistemləri və hərbi rəhbərliyi ciddi zərər görüb.

"Biz onların donanmasını, hava qüvvələrini, rəhbərliyini və zenit sistemlərini məhv etdik. Dron istehsalı təxminən 7 faizə düşüb. Dron və raket istehsalı imkanlarının böyük hissəsini sıradan çıxarmışıq", – deyə o bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın sərt siyasəti nəticəsində Tehran hazırda Vaşinqtonla danışıqlar aparmağa məcbur qalıb.

"Onlar hazırda bizimlə razılığa gəlmək üçün danışırlar. Əgər sərt mövqe tutmasaydıq, heç bir danışıq baş verməzdi", – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti həmçinin İran limanlarına tətbiq olunan blokadanın təsirli olduğunu iddia edərək bildirib ki, Tehran bu məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ