Milyonlarla insan ChatGPT kimi süni intellekt çat-botları ilə sanki canlı həmsöhbət kimi ünsiyyət qurur. İstifadəçilər müraciətlərində "zəhmət olmasa", "təşəkkür edirəm" kimi nəzakət ifadələrindən istifadə edir, hətta bəzən üzr də istəyirlər.
Turkustan.az xəbər verir ki, "Noklapja" nəşrinin yazdığına görə, aparılan araşdırmalar göstərib ki, nəzakətli davranışın özü ChatGPT-nin cavablarının keyfiyyətini artırmır. Alimlər bildiriblər ki, mehriban və nəzakətli üslubun süni intellektin daha dəqiq işləməsinə kömək etdiyini təsdiqləyən inandırıcı elmi sübut yoxdur. Bəzi tədqiqatlarda cüzi müsbət fərq müşahidə edilsə də, digər araşdırmalarda ümumiyyətlə heç bir fərq aşkarlanmayıb.
Mütəxəssislərin sözlərinə görə, cavabın keyfiyyətinə ən çox təsir edən amil müraciətin forması deyil, sorğunun dəqiq və aydın hazırlanmasıdır. İstifadəçi tapşırığı ətraflı izah etdikdə, mətnin üslubunu, həcmini və məqsədini göstərdikdə daha faydalı nəticə əldə edir.
Bundan əlavə, ekspertlər ChatGPT-yə nümunələr təqdim etməyi, eyni mövzu üzrə bir neçə cavab variantı istəməyi və tapşırığı yerinə yetirməzdən əvvəl dəqiqləşdirici suallar verməsinə imkan yaratmağı tövsiyə edirlər.
İnsanlar niyə süni intellektlə nəzakətli danışırlar?
Araşdırma müəllifləri qeyd edirlər ki, nəzakətin cavabların keyfiyyətinə təsiri olmasa da, milyonlarla insan çat-botlarla canlı insan kimi ünsiyyət qurmağa davam edir.
Bunun əsas səbəbi müasir süni intellekt sistemlərinin təbii dildə danışması, zarafat etməsi, suallar verməsi və dialoqu davam etdirə bilməsidir. Bu isə istifadəçilərdə qarşılarında həqiqi həmsöhbət olduğu hissini yaradır.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, çat-botların emosiyaları, şüuru və şəxsi fikri yoxdur. Onlar cavabları vəziyyəti anlayaraq və ya empatiya göstərərək deyil, statistik qanunauyğunluqlar əsasında formalaşdırırlar.
"Zəhmət olmasa" və "təşəkkür edirəm" deməyin faydası nədir?
Mütəxəssislər hesab edirlər ki, süni intellektlə nəzakətli ünsiyyətin faydası çat-bot üçün deyil, istifadəçinin özü üçündür.
Onların fikrincə, insanın danışıq tərzi zamanla vərdişə çevrilir. Əgər kimsə hətta maşınla ünsiyyətdə də kobud və ya təkəbbürlü davranırsa, bu, gələcəkdə digər insanlarla münasibətlərinə də təsir göstərə bilər.
Məhz buna görə "zəhmət olmasa" və "təşəkkür edirəm" kimi ifadələr gündəlik ünsiyyət mədəniyyətinin qorunmasına xidmət edir.
Tədqiqatçılar, həmçinin xatırladıblar ki, süni intellekt sürətlə inkişaf etsə də, ona öyrənmək, işləmək və ideya əldə etmək üçün bir alət kimi yanaşmaq lazımdır. Vacib həyat qərarlarının qəbulunda isə onu dost və ya əsas məsləhətçi hesab etmək düzgün deyil.
Qeyd edək ki, daha əvvəl amerikalı mütəxəssis, fəlsəfə doktoru Cudit S. Bek süni intellektin psixoloji dəstək vasitəsi kimi istifadəsinin həm üstünlükləri, həm də riskləri olduğunu bildirmişdi. Bundan başqa, yaxın vaxtlarda süni intellektin alimlərin təxminən 80 il ərzində həll edə bilmədiyi riyazi problemi həll etdiyi də açıqlanıb. /Qaynarinfo/