ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranın ali dini lideri Müctəba Xameneinin yerini müəyyənləşdirmək üçün birgə əməliyyat keçirirlər.
Turkustan.az xəbər verir ki, bu barədə Londonda nəşr olunan "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatın məqsədi Xameneini öldürmək deyil. Kəşfiyyat xidmətləri onun sağ olub-olmadığını, harada gizləndiyini və səhhətinin necə olduğunu müəyyənləşdirməyə çalışır.
Qəzet yazır ki, Müctəba Xamenei fevralın 28-dən bəri heç bir elektron rabitə vasitəsindən istifadə etmədiyi üçün MKİ və "Mossad" yalnız yerli agentlər vasitəsilə fəaliyyət göstərir.
Ekspertlərin fikrincə, İranın ali lideri xarici dünya ilə tam əlaqəsiz qala bilməz. Buna görə də xüsusi xidmət orqanları onun yazılı mesajlarını daşıyan kuryerlərin izinə düşməyə çalışır. Mənbələrin iddiasına görə, kəşfiyyat xidmətləri Xamenei ilə əlaqə saxlayan şəxslərdən birini əməkdaşlığa cəlb etməyə ümid bəsləyir.
"The Times" bildirir ki, hazırda Xameneinin dəqiq olduğu yeri yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki və ya üç üzvü bilir.
Xatırladaq ki, martın 13-də ABŞ-ın müdafiə naziri Pit Heqset Müctəba Xameneinin yaralandığını və sifətində ciddi xəsarətlər ola biləcəyini açıqlamışdı. CNN isə öz mənbəsinə istinadən onun ABŞ və İsrailin İrana endirdiyi ilk zərbələr zamanı ayağının sındığını qopduğunu, sol gözünün altından cırılmış yaralar aldığını yazmışdı.
"The New York Times" isə bir müddət öncə xəbər vermişdi ki, Müctəba Xamenei atası Əli Xameneinin dəfn mərasimində ilk dəfə ictimaiyyət qarşısına çıxmaq istəsə də, təhlükəsizlik xidməti buna icazə verməyib. /modern.az/