Azərbaycanda 2026-cı ilin əvvəlinə 34 min 776 həkim fəaliyyət göstərsə də, bəzi rayon və şəhərlərdə həm həkimlərin ümumi sayı, həm də əhaliyə düşən həkim təminatı olduqca aşağı səviyyədədir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlində olan rəsmi statistikada ən az həkim Xankəndi şəhərindədir. Burada cəmi 3 həkim fəaliyyət göstərir. Eyni zamanda, hər 10 min nəfərə 6,8 həkim düşür.
Sonrakı yerlərdə Xocalı rayonu (8 həkim, hər 10 min nəfərə 5,1 həkim), Sədərək rayonu (10 həkim, 4,3), Daşkəsən rayonu (15 həkim, 4,5), Kəngərli rayonu (17 həkim, 5), Şahbuz rayonu (21 həkim, 8,3), Cəbrayıl rayonu (22 həkim, 3), Yardımlı rayonu (29 həkim, 4,1), Xocavənd rayonu (30 həkim, 24), Lerik rayonu (35 həkim, 4), Ordubad rayonu (36 həkim, 7,1) və Culfa rayonu (38 həkim, 7,9) qərarlaşır.
Qeyd edək ki, yerlərdə həkim sayının az olması əhalinin tibbi problemlərinin həllində çətinliklər yaradır.
Maraqlıdır, həkim sayının azlığı ştatın olmaması ilə bağlıdır, yoxsa həkimlərin bölgələrə getmək istəməməsindən irəli gəlir? Başqa ölkələrdə dövlət xəstəxanasında işləməyən həkimi özələ klinikalarda işə götürmürlər. Bizdə belə bir qayda varmı?
Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, bizdə bəzi rayonlarda həkimlərin sayı azalır və bu da maaşların azlığı, dolana bilməməsi ilə bağlıdır:
“Bu zaman həkim məcbur olur ki, şəhərdə, yaxud başqa bir yerdə öz sahəsi üzrə işləsin. Hətta bəzən elə olur ki, iş olmur, həkimliyi atıb gedir başqa bir işlə məşğul olur ki, ailəsini dolandırsın. Bu baxımdan bəzi yerlərdə həkim çatışmır.
Həkim çatışmadıqda da həmin vakansiya Səhiyyə Nazirliyi tərəfindən mütləq doldurulmalıdır ki, yeni vətəndaşlara vaxtında tibbi xidmət göstərilə bilsin. Əks təqdirə o ştat boş qalır. Təəssüf ki, həmin regionlarda maaşın çox hallarda az olması həkimlərin gedib orada işləmək həvəsini öldürür.
Yəni həkimlər orada işləmək istəmirlər. Ona görə də müəyyən həvəsləndirici variantla həkimləri həmin bölgələrdə işlə təmin etmək lazımdır. Çünki əhalinin tibbi xidmətə ehtiyacı olur”.
Onun sözlərinə görə, digər məsələ isə dövlət xəstəxanalarında çalışmayan həkimlərin özəl xəstəxanalara götürülməməsi ilə bağlıdır ki, bizdə buna bir qədər ciddi yanaşmırlar:
“Xarici ölkələrdə əslində bu, həkimin iş stajı ilə bağlıdır. Belə ki, “bu həkim doğurdanda profeessional həkimdir, gəlib bizim klinikanın üzünü ağ, yoxsa qara edəcək” kimi amillər nəzərə alınır.
Ancaq bizim ölkədə bu belə deyil. Bizdə hər hansı bir həkim ştatına ehtiyac varsa, bu yer boşdursa, həmin yerdə, hətta stajı olmayan həkimi də işə götürürlər. Özəl klinikalarda hansı sahədə bunun reallaşdırıldığı əsasdır.
Yəni bəzi həkimlər var ki, ambulator müalicə ilə məşğul olur. Ancaq kifayət qədər təcrübəsi olmayan bir insanı hər hansı cərrahi əməliyyatla bağlı işə götürülməsi nə dövlət, nə də digər yerlərdə işləməsinə ehtiyac yoxdur. Kifayət qədər təcrübə toplamalıdır.
Əsas deyil ki, dövlət xəstəxanasında çalışmış olsun, ola bilsin ki, özəl xidmətdə uzun müddət işləyib, kifayət qədər təcrübəsi var və onu işə götürürlər. Yəni bizdə həkimin öncə dövlət, yaxud özəl xəstəxanada çalışmasına önəm verilmir.
Əsas odur ki, həkim o işi bacarsın. Həmin həkimi işə götürənlər onun əmək qabiliyyəti, bilik səviyyəsi ilə tanış olurlar. Təəssüf ki, dövlət xəstəxanalarında bu amillər nəzərə alınmır”.