Mayın 16-sı və 17-si Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mayın 16-sı gecə və səhər, mayın 17-si gün ərzində fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O deyib ki, bölgələrdə yaxın günlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq: “Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Mayın 17-si axşamdan 18-i gündüzədək yağıntıda qısa müddət fasilə olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 10 -15 dərəcə isti təşkil edəcək”.