İlk addımdan formalaşan ənənə: Naxçıvanın beynəlxalq aqrar sərgi yolu


Bu gün kənd təsərrüfatı artıq yalnız ənənəvi iqtisadi fəaliyyət sahəsi deyil, strateji təhlükəsizlik məsələsidir. Müasir dünyada ərzaq təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik konsepsiyasının əsas istiqamətlərindən birinə çevrilib. Son illər Azərbaycanda keçirilən beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri də bir daha təsdiqləyir ki, aqrar sektor artıq iqtisadiyyatın periferiyası deyil, inkişaf strategiyasının aparıcı sütunlarından biridir.

Bakıda təşkil olunan beynəlxalq aqrar və qida sənayesi sərgiləri təkcə məhsul nümayişi platforması deyil. Bu tədbirlər eyni zamanda Azərbaycanın investisiya imkanlarını, ixrac potensialını, müasir aqrar idarəetmə modelini və regional əməkdaşlıq imkanlarını dünyaya təqdim edən mühüm iqtisadi diplomatiya meydanıdır.

Bu il Bakı Ekspo Mərkəzində keçirilən 19-cu “Caspian Agro” və 31-ci “InterFood Azerbaijan” sərgiləri də miqyası və iştirakçı coğrafiyası ilə diqqət çəkirdi. Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Çin, Ukrayna, İtaliya, Türkiyə, Cənubi Koreya, Niderland, Belarus, Gürcüstan və digər ölkələrin milli stendlərlə təmsil olunması aqrar sahədə beynəlxalq əməkdaşlığın getdikcə genişləndiyini göstərirdi.

Müasir dövrdə kənd təsərrüfatında rəqabət artıq yalnız torpaq sahəsi və istehsal həcmi ilə müəyyən edilmir. Bu gün aqrar inkişafın əsas göstəriciləri rəqəmsal texnologiyalar, innovativ idarəetmə modelləri, logistika imkanları, məhsul keyfiyyəti, dayanıqlı istehsal və beynəlxalq standartlara uyğunluq hesab olunur. Aqrar sektorda rəqəmsallaşma, ağıllı idarəetmə sistemləri və resurslardan səmərəli istifadə artıq gələcəyin deyil, bu günün əsas inkişaf istiqamətlərinə çevrilib.

Azərbaycan da kənd təsərrüfatında yalnız daxili tələbatın ödənilməsini deyil, regional bazarlarda rəqabətqabiliyyətli ixrac potensialının formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirib. Sərgidə nümayiş etdirilən texnologiyalar və innovativ həllər də bu strateji yanaşmanın real təzahürü idi.

Burada ağıllı suvarma sistemləri, rəqəmsal idarəetmə platformaları, müasir kənd təsərrüfatı texnikaları, istixana həlləri, toxumçuluq və heyvandarlıq texnologiyaları, qida sənayesi avadanlıqları, qablaşdırma sistemləri və innovativ aqrar həllər təqdim olunurdu. Xüsusilə su resurslarından səmərəli istifadə, məhsuldarlığın artırılması, ekoloji təmiz istehsal və dayanıqlı kənd təsərrüfatı modelləri iştirakçıların diqqət mərkəzində idi.

Sərginin ümumi atmosferi bir daha göstərirdi ki, aqrar sahənin inkişafı artıq yalnız kənd təsərrüfatı məsələsi deyil, bütövlükdə iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi və milli dayanıqlılıqla birbaşa bağlı strateji istiqamətdir.

Bu il sərgini ziyarət edərkən müxtəlif şirkət və qurumların stendləri ilə yanaşı, Naxçıvan stendini də xüsusi diqqətlə izlədim. “Aqrokimya” MMC, “Salyan Aqropark Pambıq Emalı Zavodu”, “AZQRANATA” MMC, “AGROLAND” QSC, “Azərsun Holdinq” MMC, Aqrar Xidmətlər Agentliyi, Balıqçılıq və Akvakultura Mərkəzi və digər iştirakçıların təqdim etdiyi yeniliklər Azərbaycanın aqrar sektorunda yeni inkişaf mərhələsinin formalaşdığını aydın şəkildə nümayiş etdirirdi.

Mənim üçün isə bu sərginin xüsusi mənəvi dəyəri var.

Çünki 2023-cü ilin 28 fevral tarixində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini təyin olunduqdan və nazir səlahiyyətlərinin icrası mənə həvalə edildikdən cəmi bir neçə ay sonra qarşıda olduqca məsuliyyətli bir vəzifə dayanırdı — Naxçıvanın vahid konsepsiya əsasında və ayrıca stendlə Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi Sərgisində ilk genişmiqyaslı iştirakını təşkil etmək.

Bu təşəbbüs məhz mənim tərəfimdən irəli sürülmüş və Naxçıvanın aqrar potensialının beynəlxalq platformada daha sistemli və konseptual şəkildə təqdim olunmasını qarşıya məqsəd qoymuşdu.

Qısa müddət ərzində Bakıda keçiriləcək sərgidə ilk dəfə Naxçıvanın ayrıca stendlə təmsil olunmasını təmin etmək, muxtar respublikadan 60-a yaxın istehsalçını və onların məhsullarını sərgiyə cəlb etmək, bütün təşkilati və logistik məsələləri koordinasiya etmək asan deyildi. Xüsusilə ilk dəfə belə geniş formatlı iştirakın təşkili həm böyük məsuliyyət, həm də ciddi inam tələb edirdi.

Lakin qarşıya qoyulan məqsəd aydın idi — Naxçıvanın aqrar potensialını, təbii məhsullarını, zəhmətkeş insanlarını və istehsal mədəniyyətini beynəlxalq platformada layiqincə təqdim etmək.

Bu prosesdə mühüm məqamlardan biri də ondan ibarət idi ki, iri müəssisələrin sərgi təcrübəsi olsa da, həm Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi, həm də kiçik sahibkarlar və ailə təsərrüfatları üçün bu format tamamilə yeni idi. Eyni zamanda müxtəlif istehsalçıların vahid konsepsiya və vahid stend altında birləşdirilməsi, bu təqdimatın birbaşa Nazirlik tərəfindən koordinasiya olunması regionun aqrar idarəetməsində yeni yanaşma modeli formalaşdırırdı.

Bu, sadəcə sərgidə iştirak deyildi. Bu, eyni zamanda Naxçıvanda aqrar sektorun idarə olunmasında yeni əməkdaşlıq mədəniyyətinin, yeni təqdimat fəlsəfəsinin və vahid regional brend yanaşmasının formalaşması idi.

Stenddə təqdim olunan məhsulların əhəmiyyətli hissəsi “Orqanik Naxçıvan” konsepsiyası altında nümayiş etdirilirdi. Orqanik məhsullar üçün beynəlxalq səviyyədə müəyyən standartlar mövcud olsa da, Naxçıvanın ekoloji baxımdan nisbətən təmiz mühiti, kənd təsərrüfatında kimyəvi vasitələrdən minimum istifadə olunması və ənənəvi istehsal mədəniyyətinin qorunub saxlanılması bu yanaşma üçün real əsas yaradırdı.

Bu konsepsiya həm məhsulların təbii keyfiyyətini ön plana çıxarır, həm də Naxçıvanın aqrar istehsal fəlsəfəsini fərqləndirən mühüm xüsusiyyət kimi diqqət çəkirdi.

2023-cü il həm də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley ili idi. Bu səbəbdən Naxçıvan stendinin dizaynında muxtar respublikanın əsas rəmzlərindən biri olan, xalq arasında “Haça dağ” kimi tanınan İlan dağın siluetindən istifadə etmişdik. Kompozisiyanın üzərində isə Ulu Öndərin gülümsəyən portreti yerləşdirilmişdi.

Bu vizual yanaşma həm Naxçıvanın tarixi-mədəni kimliyini, həm də Ulu Öndərin doğma yurda bağlılığını ifadə edirdi. Milli ruhu, təbiiliyi və rəngarəngliyi ilə seçilən stend sərgidə xüsusi maraq doğuran təqdimatlardan birinə çevrilmişdi.

Stenddə yalnız iri müəssisələr deyil, fermerlər, ailə təsərrüfatları və kiçik sahibkarlar da təmsil olunurdu. “Badamlı Mineral Suları” MMC, “Ləzzət Qida Sənaye” MMC, “Sirab” ASC, “Cahan Tobakko” MMC və “Badamlı Quşçuluq” MMC ilə yanaşı, Çalxanqala kənd sakini, əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan Mətləb Dünyamalıyev özünün istehsal etdiyi “Dərələyəz” nişanlı məhsulları, Sədərək rayonundan Mehbarə Hüseynova isə ailə təsərrüfatında hazırlanan məhsulları nümayiş etdirirdi.

Naxçıvan qovurması, yasəmən, kəklikotu və reyhan mürəbbələri, çaşır, uşqun və digər müalicəvi dağ bitkiləri ziyarətçilərin xüsusi marağına səbəb olurdu. Naxçıvanın təbii və orqanik məhsulları digər stendlər arasında seçilir, insanlarda xüsusi maraq və rəğbət yaradırdı. Bu maraq isə sərgidə iştirak edən fermer və istehsalçıların sevincinə səbəb olurdu. Çünki onların bir çoxu ilk dəfə idi ki, öz məhsullarını belə böyük beynəlxalq platformada təqdim edirdi.

Sərgiyə Naxçıvandan diri sazan balıqlarının gətirilməsi isə ayrıca zəhmət və əzm hekayəsi idi. Balıqların diri halda Bakıya çatdırılması heç də asan olmamışdı. Təyyarə ilə daşınma zamanı bir neçə cəhddə balıqlar havasızlıq səbəbindən tələf olmuşdu. Lakin prinsipial mövqeyimiz və “Naxçıvan Balıqçılıq Təsərrüfatı”nın rəhbəri Nazim Məmmədovun yaxından dəstəyi və təcrübəsi nəticəsində nəhayət, balıqları diri şəkildə Bakıya çatdırmaq mümkün olmuşdu.

Ordubaddan gətirilmiş dibçəkdə əkilmiş limon ağacı isə stendin ən diqqətçəkən nümunələrindən biri idi. Ordubadlı Bağır müəllimin böyük zəhmətlə yetişdirdiyi həmin limon ağacının ətri sərgi salonuna yayılır, Naxçıvan stendinə xüsusi bir ab-hava bəxş edirdi.

Həmin gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sərgini birlikdə ziyarət edirdilər. Müxtəlif stendlərlə tanış olduqdan sonra onların Naxçıvan stendinə yaxınlaşması iştirakçılar tərəfindən böyük qürur hissi ilə qarşılanmışdı. Çünki Naxçıvan ilk dəfə idi ki, beynəlxalq aqrar sərgidə ayrıca və geniş formatda təmsil olunurdu.

Mehriban Əliyeva xüsusilə Naxçıvan təndir çörəyinə maraq göstərmiş, həmin anlarda Prezident İlham Əliyevin diqqətini ilk çəkən isə akvariumda üzən sazan balıqları və Ordubad limonu olmuşdu.

Prezident xoş təbəssümlə akvariumdakı balıqlara işarə edərək zarafatla “Bu sazanları Arazdan tutmusunuz?” demişdi. Həmin sözlərdə həm səmimiyyət, həm də müəyyən təəccüb hiss olunurdu. Çünki Naxçıvandan diri balığın sərgiyə gətirilməsi həqiqətən qeyri-adi təşəbbüs idi.

Mən isə gülümsəyərək əlbəttə deyib, Ordubad limonundan birini dərib cənab Prezidentə təqdim etmişdim. Prezident İlham Əliyev isə “Bütün naxçıvanlılara salamımı çatdırın” demişdi.

Bu münasibət dövlət başçısının Naxçıvana və naxçıvanlılara olan xüsusi diqqət və səmimiyyətinin çox təbii ifadəsi idi.

Həmin vaxt televiziya müsahibələrimdə bir fikri xüsusi vurğulamışdım: “Bu gün Naxçıvan sərgidə ilk dəfə iştirak edir. İnanıram ki, bu iştirak gələcəkdə də davamlı olacaq”.

Bu gün sevindirici haldır ki, həmin inam özünü doğruldub. Naxçıvan artıq dörd ildir ardıcıl olaraq beynəlxalq aqrar sərgilərdə təmsil olunur və bu iştirak artıq davamlı ənənəyə çevrilib. Bu il də Prezident İlham Əliyev və ailəsi digər stendlərlə yanaşı Naxçıvan stendini ziyarət edib.

Bu gün sərgini ziyarət edərkən bir daha əmin oldum ki, vaxtilə böyük zəhmətlə atılan ilk addımların davam etməsi və yeni ənənəyə çevrilməsi ən böyük mənəvi qazancdır.

Çünki aqrar sahənin inkişafı yalnız kənd təsərrüfatının deyil, bütövlükdə dövlətin strateji inkişaf məsələsidir. Azərbaycanın aqrar gələcəyi isə innovasiya, milli istehsal, fermer zəhməti və beynəlxalq əməkdaşlıq üzərində qurulur.

Bu gün artıq Naxçıvanda çalışmasam da, orada keçdiyimiz yolu, birlikdə əmək verdiyimiz insanları və başladığımız təşəbbüsləri böyük hörmət və minnətdarlıq hissi ilə xatırlayıram. Naxçıvanın sosial-iqtisadi inkişafına, aqrar sahədə əldə olunan uğurlara və beynəlxalq platformalarda layiqincə təmsil olunmasına səmimi qəlbdən sevinirəm.

İnanıram ki, kənd təsərrüfatı sahəsində formalaşdırdığımız yanaşma, qurulan sistem və başlanmış təşəbbüslər bundan sonra da davamlı şəkildə inkişaf edəcək. Çünki aqrar sahədə əsas məsələ şəxslər deyil, dövlətçilik, davamlı inkişaf və fermer zəhmətinə verilən dəyərdir.

Naxçıvanın potensialı böyükdür. Əsas məsələ bu potensialı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü şəkildə ötürməkdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ