Tramp: İnanılmaz bir səfər idi, əla ticarət sövdələşmələri bağladıq


ABŞ Prezidenti Donald Tramp Çinə səfəri ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib: “Bu, inanılmaz bir səfər idi. Çox yaxşı nəticələr əldə etdik və mühüm ticarət razılaşmaları imzaladıq.”

Səfərin son günündə Tramp Çin Prezidenti Xi Jinping ilə çay süfrəsi arxasında qeyri-rəsmi görüş keçirib.

Xinhua News Agency-nin məlumatına görə, görüş Pekində yerləşən və vaxtilə imperator sarayının yay bağı kimi istifadə olunan Konqnanhay kompleksində baş tutub. Hazırda həmin ərazi Çin dövlət və partiya rəhbərlərinin iqamətgahı və iş ofisləri kimi istifadə olunur.

Ağ Evin yaydığı məlumata əsasən, Si Cinpin Trampı kompleksin girişində qarşılayıb. Daha sonra liderlər həyətdəki gül bağçasından keçərək ənənəvi Çin memarlıq üslubunda bəzədilmiş tağların altı ilə çardağa doğru yürüş ediblər.

Təxminən on dəqiqə davam edən gəzintidən sonra tərəflər çardaqda əyləşərək nazirlər və yüksəkvəzifəli rəsmilərin iştirakı ilə söhbət ediblər. Görüş zamanı qonaqlara çay süfrəsi təqdim olunub.

Trampı ABŞ Dövlət katibi Marco Rubio, müdafiə naziri Pete Hegseth, maliyyə naziri Scott Bessent və ABŞ-ın Pekindəki səfiri David Perdue müşayiət edib.

Çin tərəfdən isə görüşdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Cai Qi, xarici işlər naziri Wang Yi, baş nazirin müavini He Lifeng və Çinin Vaşinqtondakı səfiri Xie Feng iştirak ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ