Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə hazırlanıb.
Azərbaycanda son illər doğum səviyyəsinin sürətlə azalması artıq ciddi demoqrafik və sosial problem kimi qiymətləndirilir. Rəsmi statistik göstəricilər ölkədə təbii artım tempinin zəiflədiyini, gənc ailələrin isə əvvəlki nəsillərlə müqayisədə daha az uşaq sahibi olmağa üstünlük verdiyini göstərir.
Statistikaya əsasən, Azərbaycanda doğulan uşaqların sayı son 34 ildə təxminən iki dəfə azalıb. Belə ki, 1991-ci ildə ölkədə 190 min 353 uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 95 min 875 nəfərə düşüb. Bu, müstəqillik dövrünün ən aşağı doğum göstəricisi hesab olunur.
2000-ci illərin əvvəllərində doğum sayında kəskin azalma müşahidə olunsa da, 2010-2011-ci illərdə müəyyən artım qeydə alınmışdı. Xüsusilə 2011-ci ildə ölkədə 176 min 72 uşaq dünyaya gəlmişdi. Lakin sonrakı illərdə azalma yenidən sürətlənib. Belə ki, 2020-ci ildə 126 min, 2021-ci ildə 112 min, 2022-ci ildə 122 min, 2023-cü ildə 112 min, 2024-cü ildə 102 min, 2025-ci ildə isə cəmi 95 min uşaq doğulub.
Mütəxəssislər hesab edir ki, doğum səviyyəsinin aşağı düşməsi yalnız iqtisadi faktorlarla bağlı deyil. Cəmiyyətin ailə modeli, həyat tərzi və dünyagörüşü də dəyişir. Xüsusilə gənc ailələr arasında "hələ uşaq istəmirik” düşüncəsi əvvəlki illərlə müqayisədə daha geniş yayılıb.
Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan tarixən ailə dəyərlərinə bağlı cəmiyyət olub və uzun illər çoxuşaqlı ailə modeli üstünlük təşkil edib:

"Həm sovet dövrünə qədər, həm də sovet dövründə Azərbaycanda çoxuşaqlı ailələr üstünlük təşkil edirdi. Bu, ənənəvi ailə modelinin əsas xüsusiyyətlərindən biri idi. Hətta ailələr arasında müəyyən mənada rəqabət də vardı. 10-11 uşaqlı ailələr 5-6 uşaqlı ailələrə az uşaqlı kimi baxırdılar. Sovet dövründə isə müharibə itkilərinin yerinin doldurulması üçün dövlət tərəfindən çoxuşaqlı ailələr təşviq olunurdu, sosial müavinətlər verilirdi, "Qəhrəman ana” statusları təqdim edilirdi".
Sosioloqun fikrincə, Azərbaycan müstəqillik qazandıqdan və qlobal dünyaya inteqrasiya etdikdən sonra ailə planlaşdırılmasına münasibət də dəyişməyə başlayıb:
"Sovet İttifaqının dağılmasından sonra insanlar xarici ölkələrdə çoxuşaqlı ailələrin artıq dominant model olmadığını gördülər. Yeni yanaşma ortaya çıxdı - az uşaq, amma daha keyfiyyətli həyat və daha yaxşı təminat. Nəticədə ailələr əsasən 1-2, maksimum 3 uşağa üstünlük verməyə başladılar".
Üzeyir Şəfiyev qeyd edib ki, hazırda Azərbaycanda ən geniş yayılmış model iki uşaqlı ailələrdir:
"Son 10 ildə təbii artımda ciddi azalma müşahidə olunur. İnsanlar daha rahat və komfortlu həyat yaşamaq istəyirlər. Uşağın təhsili, mənzil təminatı, gələcək karyerası kimi məsələlər ailələri daha ehtiyatlı davranmağa vadar edir. Buna görə də çoxuşaqlı ailə modeli zəifləyir".
Sosioloq bildirib ki, son illərdə Avropada geniş yayılan "uşaqsız ailə” modeli artıq Azərbaycanda da özünü göstərməyə başlayıb:
"Bu tendensiyanın qarşısını almaq vacibdir. Ailə dəyərləri və çoxuşaqlı ailə modeli təşviq edilməlidir. Xarici seriallar, filmlər və sosial təsirlər də müəyyən mənada bu düşüncənin yayılmasına təsir edir. Demoqrafik ləngimə gələcəkdə əmək bazarında, sosial təminat sistemində və hətta səfərbərlik imkanlarında problemlər yarada bilər".

Ekspertin sözlərinə görə, doğum səviyyəsinin azalması gələcəkdə ölkədə miqrasiya asılılığını da artıra bilər:
"Əhali artımı zəiflədikcə ölkəyə xarici miqrant axını arta bilər. Bu isə Avropa ölkələrinin qarşılaşdığı sosial və miqrasiya problemlərinin Azərbaycanda da yaranmasına səbəb ola bilər".
Üzeyir Şəfiyev hesab edir ki, vəziyyətdən çıxış üçün dövlət dəstək mexanizmləri gücləndirilməlidir:
"Çoxuşaqlı ailələrə verilən sosial dəstəklər artırılmalıdır. Hazırda çoxuşaqlı ailə statusu üçün tələb olunan uşaq sayı azaldıla bilər. Eyni zamanda gənclərin mənzil əldə etməsi, ailə qurması üçün güzəştli və faizsiz kreditlər tətbiq olunmalıdır. Türkiyədə olduğu kimi bəzi sosial layihələr vasitəsilə toy xərclərinə dəstək göstərilməsi də faydalı ola bilər".