Son zamanlar oynaq ağrıları, hərarət, ishal, öskürək, halsızlıq kimi əlamətlərlə müşayiət edilən xəstəlik vətəndaşlar arasında narahatlıq yaradıb. Belə ki, sosial şəbəkələrdə yayılan xəstəliyin ağır keçdiyi bildirilərək hantavirusun olması ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən infeksion xəstəliklər üzrə mütəxəssis İbrahim Rufullayevin sözlərinə görə, son vaxtlar müşahidə edilən vəziyyət hantavirus deyil, mövsümi virus infeksiyalarıdır: “Dünyada olduğu kimi Azərbaycanda da mövsümi respirator virus infeksiyaları yayılıb. Bundan əlavə qrip, kovid ola bilər. Mövsümi dalğalanmalar bu şəkildə gedir və qeyri-adi hal yoxdur. Xəstəliyin uzunmüddətli davam etməsi isə kovid dönəmindəki görülən tədbirlərin nəticəsində orqanizmin bu xəstəliklərə yad olmasıdır. İmmunitet zəifləyib. Bu hal isə tək bizdə deyil, bütün dünyada eyni cür baş verir”.

İnfeksionist xəstəliyin tez zamanda yenidən qayıtmasına da fikir bildirib: “Bu növ xəstəliklər daha uzun davam edə bilir. Təşvişə ehtiyac yoxdur. Xəstəliklərin yenidən qayıtması məsələsi isə doğru deyil, adətən yeni infeksiyaya yoluxma baş verir xəstə isə xəstəliyin yenidən qayıtması kimi başa düşür. Əslində belə deyil. Ara məsafəsi saxlanılmalıdır. Xəstələrin təcrid olunması və tibbi maskalardan istifadəsi, peyvənd olunmaqları tövsiyə edilir. Əgər virus infeksiyasına yoluxma varsa burada antibiotikdən istifadə də doğru deyil. Çünki fayda verməz”.
Qeyd: Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ictimaiyyətə bildirib ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.