Yusuf Tekinay: Bu Forum KKTC üçün həm diplomatik, həm ictimai, həm də institusional baxımdan mühüm bir qapıdır
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının ortaq bir platforma altında bir araya gəlməsi yalnız bir toplantı və ya dövri tədbir kimi qiymətləndirilməməlidir. Bu, türk dünyasının xalqlar səviyyəsində daha güclü, daha davamlı və daha məhsuldar əlaqələr qurması baxımından son dərəcə strateji bir addımdır”.
Bunu mayın 16-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu ilə bağlı BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay deyib.
Ortaq layihələrin hazırlanması türk dünyası üçün böyük potensial yaradır
O, qeyd edib ki, dövlətlərarası diplomatik münasibətlər çox önəmlidir: “Lakin cəmiyyətlərarası bağlar güclənmədiyi müddətdə bu münasibətlərin geniş kütlələrə yayılması və davamlı xarakter alması mümkün deyil. Burada vətəndaş cəmiyyəti təşkilatları çox mühüm körpü rolunu oynayır. Gənclik, sahibkarlıq, qadınların iqtisadi həyata inteqrasiyası, mədəniyyət, təhsil, ekologiya, sosial innovasiya və iqtisadi əməkdaşlıq kimi sahələrdə ortaq layihələrin hazırlanması türk dünyası üçün böyük potensial yaradır”.
Platforma həm də gələcəyə yönəlmiş ortaq vizyonu formalaşdıran bir mexanizmdir
Y.Tekinayın sözlərinə görə, bu forumların ən mühüm üstünlüklərindən biri də müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrinin bir-birini birbaşa tanıması, ortaq problemləri birlikdə müzakirə etməsi və həll yönümlü əməkdaşlıqlar qurmasıdır: “Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və dəyərləri onsuz da güclü bir təməldir. Ancaq bu təməlin müasir dünyada konkret layihələrə, iqtisadi əlaqələrə, gənclərarası əməkdaşlıqlara və ortaq sosial fayda modellərinə çevrilməsi vacibdir. Bu baxımdan belə bir platforma türk dünyasının yalnız keçmişdən gələn bağlarını xatırladan deyil, həm də gələcəyə yönəlmiş ortaq vizyonunu formalaşdıran bir mexanizmdir. Müasir dünyada güclü olmaq təkcə dövlətlərin diplomatik əlaqələri ilə deyil, xalqların bir-birini tanıması, gənclərin birlikdə istehsal etməsi və qurumların qarşılıqlı etimad yaratması ilə mümkündür. Bu forum da məhz həmin anlayışa xidmət edir”.
Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) QHT-lərinin bu forumlarda iştirakının əhəmiyyətinə toxunan Yusuf Tekinay deyib ki, bu olduqca dəyərli və mənalıdır: “KKTC-nin TDT-də müşahidəçi üzvlüyü haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənd Zirvəsində qəbul edilmişdir. Bu isə Kıbrıs türk xalqının türk dünyasının ayrılmaz bir hissəsi olduğunun güclü göstəricisidir. Birinci aspektdən baxdıqda, bu iştirak KKTC-nin beynəlxalq görünürlüğü baxımından mühüm əhəmiyyət daşıyır. Kıbrıs türk xalqı uzun illərdir beynəlxalq müstəvidə müxtəlif təcrid və məhdudiyyətlərlə üzləşir. Bu səbəbdən KKTC nümayəndələrinin, vətəndaş cəmiyyəti təşkilatlarının, gənc iş adamlarının və müxtəlif peşə birliklərinin türk dünyası platformalarında yer alması həm səsimizin eşidilməsi, həm də haqlı mövqeyimizin daha geniş çevrələrə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir”.
Bu iştirak QHT-lər arasında əməkdaşlıq baxımından böyük imkanlar yaradır
GİAD başqanına görə, ikinci aspektdən isə bu iştirak vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq baxımından böyük imkanlar yaradır: “KKTC-də fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları kiçik ada iqtisadiyyatı, gənc nəslin dünyaya inteqrasiyası, sahibkarlıq, qadınların gücləndirilməsi, dayanıqlı inkişaf və beynəlxalq əlaqələr kimi sahələrdə mühüm təcrübəyə malikdir. Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər Türk dünyası ölkələrinin qurumları ilə qurulacaq münasibətlər də KKTC üçün yeni perspektivlər açacaqdır. Bizim üçün bu forumlarda iştirak etmək sadəcə “orada olmaq” anlamına gəlmir. Əsas məsələ görünən olmaq, töhfə vermək, ortaq layihələr hazırlamaq və Kıbrıs türk xalqının potensialını türk dünyası ilə daha güclü şəkildə bir araya gətirməkdir. KKTC vətəndaş cəmiyyəti bu platformalarda daha fəal yer aldıqca ölkəmizin beynəlxalq təmsilçiliyi də güclənəcək, gənclərimiz, iş adamlarımız və qurumlarımız üçün yeni əməkdaşlıq imkanları yaranacaq.
Nəticə etibarilə, bu forum KKTC üçün həm diplomatik, həm ictimai, həm də institusional baxımdan mühüm bir qapıdır. Biz də bu qapını yalnız təmsilçilik üçün deyil, davamlı dostluqların qurulması, ortaq layihələrin hazırlanması və Türk dünyasının gələcəyinə töhfə vermək üçün dəyərləndirməliyik. Açıq desək, eyni dili danışdığımız insanlarla eyni masa arxasında oturub ortaq hədəflər müəyyənləşdirmək bəzən uzun diplomatik mətnlərdən daha təsirli nəticələr yarada bilir”.